Cəmiyyət / Slayd (5-01-2016, 13:29)
“40 min manat pulumuzu aldı, qaytarmır…”: TANINMIŞ İŞ ADAMINDAN ŞOK RÜŞVƏT İTTİHAMI
“Şərq Bazarı” Ticarət Kompleksinin sahibi, tanınmış iş adamı Heydər Əliyev bu yaxınlara qədər Nəqliyyat Nazirliyinin tabeliyində olan Nəqliyyat Departamentinin keçmiş rəisinə qarşı dələduzluq və rüşvət ittihamı ilə çıxış edib.
Mediatv.az xəbər verir ki, İş adamının “AzPolitika.info”nun elektron poçtuna daxil olan müraciətində deyilir:
“Bir vaxtlar Nəqliyyat Nazirliyinin tabeliyindəki Nəqliyyat departamentinin rəisi, hazırda isə “Azəryolservis” ASC-nin nəzdindəki Yaşıllaşdırma Departamentinin rəisi vəzifəsində işləyən, özünün dediyinə görə nazir Ziya Məmmədovun ən yaxın qohumu olan Zamin Məmmədov mülkiyyətçisi olduğum “Şərq Bazarı”nda alış-verişin canlanması məqsədilə həmin əraziyə əlavə avtobus marşrutlarının açılacağına söz verərək, məndən və bazarın məzlum satıcılarından hiylə yolu ilə üst-üstə 40 000 (qırx min) manat pul almış, lakin öhdəliyinə və vədinə əməl etməmiş və nəticədə “Şərq Bazarı” ticarət mərkəzinin yerləşdiyi əraziyə heç bir marşrut xətti açılmamışdır.
Ciddi səylərimizə baxmayaraq, bu günə kimi Zamin Məmmədov bizdən aldığı pulu qaytarmır, hüquq-mühafizə orqanlarına aramsız şikayətlərimiz isə heç bir səmərə vermir. Belə ki, Nərimanov rayon prokurorunun köməkçisi Elşən Məmmədov işi Nərimanov Rayon Polis İdarəsindən alaraq, öz icraatına götürmüş və Zamin Məmmədovu bizə məlum olmayan səbəblərdən müdafiə etməyə başlamışdır.
Məhz bütün bunlara görə də ölkə prezidenti cənab İlham Əliyevə və respublikanın səlahiyyətli hüquq-mühafizə orqanları rəhbərlərinə müraciət etməyimiz də qaçılmaz olmuşdur.”
İş adamı vəzifəli şəxsin bu dələduzluğunun geniş ictimaiyyətə çatdırılması üçün mediadan kömək istəyir: “Kütləvi informasiya vasitələri tərəfindən idarə, müəssisə və təşkilatların, vəzifəli şəxslərin fəaliyyəti barədə operativ və doğru-dürüst məlumatlar almaq hüququnu həyata keçirərəkən, ictimaiyyətin məlumatlandırılması işində öz dəstəyimizi göstərməkdən ötrü düzgün məlumatlar verməklə sizlərə kömək etmiş oluruq.
Qeyd edilənləri, həmçinin xalq tribunası olaraq oxunaqlı mətbuatınızın geniş kütlə arasında nüfuzunu nəzərə alaraq, ictimaiyyətin obyektiv informasiya ilə təmin edilməsi üçün “Şərq Bazarı”nın müdiriyyəti və çoxsaylı satıcıları adından ünvanlarınıza göndərdiyimiz bu müraciəti dərc etdirməklə ictimailəşdirməyinizi sizdən xahiş edirik”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.