Mediatv.az-ın məlumatına görə, bu, yeni hazırlanmış İnzibati Xətalar Məcəlləsində əksini tapıb.
Yeni Məcəllənin 520-ci maddəsinə görə, mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə saat 00.00-dan səhər saat 07.00-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gür səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə fiziki şəxslər 300 manatdan 400 manata qədər, vəzifəli şəxslər 2 500 manatdan 3 500 manata qədər cərimə olunacaqlar.
Hazırda qüvvədə olan maddəyə görə isə belə hallarda xəbərdarlıq olunur və ya 30 manatdan 50 manata qədər miqdarda cərimə tətbiq edilir.
Azərbaycan prezidenti tərəfindən təqdim olunan yeni İnzibati Xətalar Məcəlləsi Milli Məclisin plenar iclasına tövsiyə olunub və növbəti iclasda müzakirəyə çıxarılacaq. Məcəllə qəbul olunacağı halda 2016-cı il mayın 1-dən qüvvəyə minəcək.