Cəmiyyət / Slayd (16-11-2015, 23:18)
Ölkə rabitə terroru ilə üz-üzə - QİSAS!
Məlum olduğu kimi, bu gün günorta saatlarından sonra bir neçə saat ərzində bütün ölkədə internet tamamilə kəsilib. İnternetin kəsilməsi ölkədəki bütün müəssisələrin, xüsusilə də strateji obyekt və müəssisələrin, nazirlik və komitələrin fəaliyyətini sözün həqiqi mənasında iflic edib.
Mediatv.az xəbər verir ki, məlum olaylarla bağlı Moderator.az-ı bilgiləndirən etibarlı mənbə, bugünkü internet kəsintisini sabiq MTN rəhbərliyinin qisas əməliyyatı kimi dəyərləndirib. Mənbənin sözlərinə görə, bütün ölkənin bir neçə saat ərzində internetdən tamamilə məhrum edilməsi, sabiq MTN rəhbərliyi və onların azadlıqdakı əlaltılarının ölkə başçısına qarşı açıq mübarizəyə start verdiyini göstərir:
“Ölkə paytaxtından tutmuş əyalətlərə qədər bütün respublika ərazisində internetin kəsilməsi bu günə qədər rast gəlinməyən bir hadisədir və öz miqyasına, vurduğu ziyana görə bunu sözün həqiqi mənasında fövqəladə hadisə - rabitə terroru hesab etmək olar. İnternet kəsintisinini iki nazirin – Eldar Mahmudov və Əli Abbasovun vəzifədən azad edilməsi, hər iki nazirlikdə xeyli sayda insanın məsuliyyətə cəlb edilməsindən sonra baş verir ki, bu da məlum hadisənin təsadüf olmadığını göstərir.
Bu gün bütün ölkədə ciddi təşviş və narazılıq doğuran internet kəsintisinin arxasında sabiq MTN naziri Eldar Mahmudov və onun komandasının qisas əməliyyatı dayanır. Bu məsələdə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin bəzi əməkdaşlarının da iştirakı istisna edilmir. Bütün bunlar onu göstərir ki, sabiq MTN rəhbərliyi ölkə başçısına, dövlət və dövlətçiliyə qarşı sözün həqiqi mənasında savaşa start verib. Uzun illər ərzində törətdikləri qanunsuzlqulara görə məsuliyyətdən yaxa qurtarmayacaqlarını anlayan və hissə-hissə, etab-etab həbsxanaya yol salınan Mahmudov komandası, artıq açıq və qəti şəkildə müqavimət göstərməyə qərar verib. Azadlıqdakı adamları vasitəsi ilə ölkəni əsas rabitə vasitəsindən məhrum edən Mahmudovlar komandası, bununla ölkə rəhbəliyindən qisas almaqla yanaşı, həm də öz əvəzedilməzliklərini sübut etməyə çalşırlar. Başqa sözlə desək, Mahmudovçular bununla sübut etməyə çalışır ki, ölkədə bütün növ təhlükəsizliklər kimi rabitə təhlükəsizliyinin təminini də yalnız onlar həyata keçirə bilərlər və onların yoxluğu şəraitində kimsə bu mühüm missiyanın öhdəsindən gələ bilməz.
Rabitə sektorunda törədilən bu terrorun əsas səbəblərindən biri də sabiq MTN komandasının yol verdiyi qanunsuzluqların bəlli bir qismini informasiya bazasından silmək, həmin iziləri bu şəkildə “təmizləməkdir”. Məlum terrorun MTN-in Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin sabiq rəisi, general-mayor Akif Çovdarovun həbsindən dərhal sonra reallaşması da bu ehtimalı qüvvətləndirən amillərdən biri hesab olunur”.
Mənbənin sözlərinə görə, baş verən rabitə terrorunun ciddi şəkildə araşdırılacağı və müqəssirlərin ölkə başçısı tərəfindən məsuliyyətə cəlb ediləcəyi şübhəsizdir.