Cəmiyyət (1-10-2015, 13:14)
Bu gün Beynəlxalq Ahıllar Günüdür
1 oktyabr Beynəlxalq Ahıllar Günüdür. Bu günədək olan statistikaya əsasən, Dövlət Sosial Müdafiə Fondunda qeydiyyatda olan əmək pensiyaçılarının 335 min 506 nəfəri ahıl vətəndaşlardır.
Mediatv.az xəbər verir ki, bu barədə “Strateq.az”a Fondun ictimaiyyətlə əlaqələr sektorundan məlumat verilib. Məlumata görə, ahıllardan 203 min 526 nəfəri qadın, 131 min 980 nəfəri isə kişidir. Ahıl pensiyaçıların 246 min 868 nəfəri 70-80 yaş arası, 81 min 414 nəfəri 80-90 yaş arası, 7 min 224 nəfəri 90-dan artıq yaşı olan vətəndaşlardır: “Yaşlı əhalinin sosial rifahının yaxşılaşdırılması və onların pensiyalarının artırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir. Ahıl pensiyaçıların problemləri daim diqqət mərkəzində saxlanılır və onların pensiyalarının təyinatı, vaxtında və ən mütərəqqi metodlarla ödənilməsi üçün bütün imkanlardan istifadə edilir. Hazırda ölkədə pensiya ödənişlərinin 99,9 faizinin plastik kartlarla aparılması təmin olunub. Bu məqsədlə ölkə ərazisində bilavasitə pensiyaçılara xidmət etmək məqsədilə 800-ə yaxın bankomat fəaliyyət göstərir”.
Qeyd edək ki, ölkədə yeni sığorta-pensiya sisteminin fəaliyyət göstərdiyi 2006-cı ildən indiyədək ölkə başçısı yaşa görə əmək pensiyasının baza hissəsinin artırılması ilə bağlı 8, sığorta hissəsinin artırılması ilə bağlı 9 sərəncam verilib, bununla yanaşı əvvəlki sistemlə əhatə olunmuş şəxslərin yeni şəraitə inteqrasiyasının tamamlanması üçün ardıcıl qərarlar qəbul edilib.
Pensiyaların artırılması istiqamətində görülən davamlı tədbirlər bütün ahıl pensiyaçıların yoxsulluq səviyyəsindən yuxarı olan pensiya məbləğləri almalarına gətirib çıxarıb.
Hazırda bu qəbildən olan vətəndaşların yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 194,4 manat təşkil edir.