Cəmiyyət (18-08-2015, 15:36)
Qafqazın ilk erməni müftisi - FOTO
"Arsen Safaryanın özünü Ermənistanın şiə müftisi elan etməsi siyasi gedişdən başqa bir şey deyil." Anspress-in məlumatına görə, ilhiyyatçı alim, "Karvan" jurnalının baş redaktoru İsmayıl Əhmədov Ermənistan Müsəlmanları Şurasının qərarı ilə müfti vəzifəsinə təyin edilmiş Arsen Safaryanın yenidən erməni mətbuatının gündəminə gəlməsi barədə xəbəri şərh edərkən bildirib.
Safaryanın Ermənistan müftisi elan edilməsi bir neçə ay qabaq gerçəkləşsə də, məsələni bu gün yenidən gündəmə gətirən "Armenianreport" portalı Arsenin İranın Qum şəhərində mədrəsə bitirdiyini və İslam fəlsəfəsi magistri olduğunu bildirib: "Safaryan erməni millətindən olan ən dərin müsəlman alimidir. İlahiyyat sahəsində bir neçə əsərin müəllifidir".
Ermənistan Müsəlmanları Şurası hətta Arsen Safaryanın postsovet məkanında şəri yolla seçilmiş ilk şiə müftisi saymaqdan da çəkinməyib: "Digər formal şiə müftisi Allahşükür Paşazadənin (Azərbaycan) dini təhsilinin şübhəli xarakteri nəzərə alınarsa, erməni dini qurumu postsovet məkanının ilk şiə müftiliyidir".
İsmayıl Əhmədov - ilahiyyatçı
İsmayıl Əhmədov özünü Ermənistan Müsəlmanları Şurası adlandıran şübhəli bir qurumunu bu iddiasını tam əsassız sayır: "Ermənistanda müsəlman icması yoxdur ki, ona da müfti seçilsin. Orada müsəlmanlar azərbaycanlılar idi ki, onları da 1988-ci ildə çıxardılar. Təbii ki, bir insanın özünü müsəlman sayması üçün milli mənsubiyyətin heç bir dəxli yoxdur. Amma Safaryanın özünün gedişləri şübhəlidir. Özünü Ermənistanın olmayan şiə icmasının rəhbəri elan etməsi ilə hansısa siyasi sifarişi yerinə yetirir", - deyə İsmayıl Əhmədov vurğulayıb.
Azərbaycanlı ilahiyyatçının sözləri dolayısı ilə erməni fotobloqer Albert Voskanyan tərəfindən də təsdiqlənir. Xəbəri şərh edən fotobloqerin sözlərindən belə çıxır ki, Ermənistanda icma təşkil edəcək qədər şiə müsəlman erməni yoxdur: "Ermənistanda şiə məscidi (Göy məscid) fəaliyyətdədir. Orada iranlılar, bir qrup ərəb və başqa qrup müsəlmanlar ibadət edirlər. Həm də erməni müsəlmanlar (həmşinlər) var".
İrəvan Göy məscidi - 1766-ci ildə azərbaycanl Hüseynəli xan Qacarın əmri ilə tikilib
Həmşinlər Türkiyədə yaşayan müsəlman ermənilərdir. Postsovet məkanında sayları az olan müsəlman ermənilər yalnız Gürcüstanda yaşayırlar. Deyilənə görə, həmşinlərdən İrəvana köçənləri də var. Amma həmşinlər sünnidirlər və onların erməni şiə icmasına qoşulacağı qeyri-realdır. Yəni Ermənistanda ermənilərdən təşkil olunmuş hansısa şiə icmasının olması inandırıcı deyil.
Həmşin qadınlar
Şərhindən belə görünür ki, xəbərə Albert Voskanyan da inanmır. Onun fikrincə, Arsen Safaryanın Ermənistanın şiə müftisi elan edilməsi hansısı bir layihənin tərkib hissəsidir və bu layihə Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadəyə qarşı yönəlib. "Amma mənə elə gəlir ki, bu, yalnız aysberqin görünən tərəfidir..." - deyə erməni bloger vurğulayır.
Özünü Ermənistan Müsəlmanları Şurası adlandıran qurum hacı Allahşükür Paşazadənin dini təhsilini Buxarada "Mir-Ərəb" mədrəsəsində və Daşkənd İslam Universitetində almasını gözə soxurlar. Ermənistan Müsəlmanları Şurası həmin məktəblərdə sünni təliminin tədris olunmasını, buna görə də şeyxin şiə müftisi ola bilməyəcəyini iddia edirlər.
Əslində, bu iddia özünü Ermənistan Müsəlmanları Şurası adlandıran qondarma qurumun islamdan çox uzaq olduğunu ortaya çıxarır. İslamdan az-çox xəbəri olanlar bilir ki, sünni və şiə təlimləri arasından heç bir ciddi fərq yoxdur. Yəni islamda xristianlıq təriqətlərinin Məsih İsanın ilahi təbiəti barədə anlaşa bilmədikləri monfizit və ya diafizit cərəyanlara bənzər baxışlar yoxdur. İslamda məzhəb adlandırılan 5 fiqh məktəbi var ki, onlar sünni və şiə baxışlarını əks etdirmələrindən asılı olmayaraq bir-birlərinə çox yaxındırlar. Hətta, ibadətin ən xırda detalları belə fərqlənmir.
Bütün Qafqazın şeyxi hacı Allahşükür Paşazadə və Türkiyənin diyanət işləri başkanı Mehmet Görmez
Məhz buna görədir ki, sünni şeyxlərdən təhsil almış şiə müsəlman hacı Allahşükür Paşazadənin qıldırdığı cümə namazının sıralarında şiələrlə yanaşı, sünnilər də yer alır və heç kimi yanında səf tutan möminin hansı məzhəbdən olduğunun fərqinə də varmır. Çünki hacı Allahşükür Paşazadə yalnız şiələrin deyil, yalnız sünnilərin deyil, bütün Qafqaz müsəlmanlarının, o cümlədən Acarıstanda yaşayan erməni müsəlmanların - həmşinlərin də şeyxidir. İrəvan indiyə kimi bu istiqamətdə bir neçə dəfə addım atıb və hamısı da iflasa uğrayıb. Bu dəfə də iflasa uğradığı göz qabağındadır.