Cəmiyyət (12-08-2015, 12:48)
"Həcü" ilə gələn "aydınlıq"
"Mediatv.az" Milli.az-ın xəbərini təqdim edir:
Facebook dostlarımdan Çingiz Özgür bir müddət öncə "Eşşəklə gələn aydınlıq" adlı bir yazı yazmışdı. Yazıda 23 yaşlı türkiyəli kitabxanaçının millətin kitabxanaya gəlmədiyini görüb, kitabları eşşəyə yükləyib, kənd-kənd gəzdiyini, uşaqlara payladığını qeyd eləmişdi. Mətləb, əlbəttə, dərin, dərd isə böyük idi bu yazıda.
Bir neçə gün öncə daha bir Facebook dostum Sevinc Fədai də üzərinə "Həcü başqadu" yazılmış çantaların istehsal olunmasından status yazmışdı. Yana-yana, yaxıla-yaxıla yazmışdı ki, "Həcü başqadu" yazılı çantaları satan millət kəndiri özü keçirir balasının boğazına. "Ha az bal toplayıb, özünü asdı, ha bu çantayla dərsə getdi, fərqi yoxdur"...
Mənim Facebook dostlarım çəmi 409 nəfərdir. Yəni jurnalist peşəmə rəğmən 1000, 2000 deyil sayları. Çünki onları, hər on adamdan biri kimi seçmişəm - işıqlı insanlardır onlar. Onların arasında olanda özümü normal bir ortamda hiss edirəm. Onlar bu məmləkəti işıqlı gələcəyə çatdıra biləcək insanlardır. Necə deyərlər, "ya onlar, ya heç kim!"
Və o dostlarımın hər biri, demək olar, hər gün, bu məmləkətdə baş verən olaylardan üzüldüklərini, yox, "üzülmək" sözü yerinə düşmür, məhz yanıb-yaxıldıqlarını göstərən statuslar yazırlar.
Amma! Amma onlardan heç biri bircə cocuğun insan böyüməsi xatirinə ayaqqabı yırtmayıb, qəpik-qəpik yığıb eşşək almayıblar, adamlara yaxınlaşmayıblar, boğazlarından kəsməyiblər, pulsuz, təmənnasız işləməyiblər. Eləcə də mən özüm.
...Haradasa on il bundan əvvəl kimsəsiz bir küçədə beş-altı qaraçı uşağı məni əhatəyə alıb, pul istəmişdi. Verməyəndə əlimdəki çantanı almaq istəmişdilər. Onlardan birtəhər qurtulub, aralaşanda "bir azdan bunlar bizim balalarımıza hücum edəcəklər" deyə düşünmüşdüm. Son illər isə metroda sıra ilə oturmuş yeniyetmələrin telefona, çata dikilmiş, keyləşmiş başlarına baxıb, "bunlar bizim balalarımızı öldürəcəklər" düşünmüşdüm.
İndi isə "Həcü başqadu" yazılı çantaları götürəcək uşaqlarla bağlı proqnoz verirəm: "Onlar bizim balalarımızın ətini yeyəcəklər, qanını içəcəkər!" Ağlıma gələn şeylərdən ətim ürpənir...
Yəqin, hamınızın belə ortamlara düşdüyünüz olub: ətrafınızda sizdən başqa ağlı normal çalışan, söz qanan, bir sözlə, insan sözünə uyğun gələn bir adam olmayıb. Mümkün qədər tez qopmağa çalışdığınız həmin mühitin bir gün genişlənib, bütün ətrafınızı sara biləcəyini düşünmüsünüzmü? Və o mühitdə sizin balalarınızın yaşayacağını ağlınıza gətirmisinizmi? Düşünmək qorxuncdur, əlbəttə. Amma bu, mütləq olacaq.
Bu təhlükənin qarşısını isə yalnız bir yolla ala bilərsiniz: elə bu andan başlayaraq, aydınlıq yürüşünə başlamalısınız. Adamların yox, durumun üzərinə getməlisiniz. Çox şey tələb olunmur: avtobusda, metroda, dükanda, lazım gəlsə, bazarda-danışın, susmayın. İnsanlıq kurallarını, yaşamaq qaydalarını təbliğ edin. Deyin ki, "avtobusu yavaş sür", deyin ki, "oğlum, telefondan ayrıl, bir kitab da oxu", deyin ki, "növbəyə dur", deyin ki, "tərəzini düz çək"... Bilin ki, sizə güləcəklər, ələ salacaqlar, dəli deyəcəklər, bəzən döyəcəklər də.
"Həcü" ilə gələn "aydınlığı" qabaqlamağın başqa yolu yoxdur...