Gündəm (4-08-2015, 18:35)
“Həci başqadu”, yarıçılpaq qızlar və ya məktəbli bazarı kimin əlindədir...
-Dünəndən bəri o çantalardan soruşan dördüncü adamsan. Əgər alacaqsansa, sabah “Sədərək”dən gətirim.
-O çantalar harada hazırlanır?
-İndi bazardakı bütün çantalar Çində sexlərdə hazırlanır. İstəyirsən, uşağın şəklini sifariş ver, 10 günə hazırladaq. Ötən il “Bomba oğlanam” çantaları gətirmişdilər. Yaxşı da satıldı.
...Yəqin aydın oldu, söhbət iki-üç gündür sosial şəbəkədə müzakirə mövzusuna çevrilən məsələdən - üstünə “Həci başqadu, Yavər”, “Ay lave Şahin” sözləri yazılmış məktəbli çantalarından gedir.
“Yetim oğlanam”, “avarayam”, “bomba oğlanam”, hətta “ay axmaq” kimi sözlər yazılmış köynəklərin, papaqların böyük populyarlıq qazandığını görən işbazlar “Həci başqadu, Yavər” çantalarının da satışının yüksək olacağını hesablayıblar yəqin.
Serial qəhrəmanlarının açıq, daha dəqiq desək, qurşaqdan yuxarı lüt qadın şəkilləri yapışdırılmış dəftərlərin satışına etiraz etməyən, hətta bu dəftərləri alan valideynlərin çantalara qazanmış meyxana sözlərinin yazılmasına etiraz edəcəklərmi?
Soruşmağa ehtiyac yoxdur, etiraz edənlər tərəzinin bu başında tarazlığa tab gətirə bilmirlər.
Virtualaz.org saytı məktəbli bazarında sorğu keçirib, belə bayağı üsulların uşaq psixologiyasına təsirini öyrənib.
“Tələbat nədirsə, onu da satırıq”
“Xalqlar dostluğu” ticarət mərkəzində “Hacı” çantalarının satışına rast gəlmədik. Hərçənd ki, satıcılar sifariş əsasında çantalardan gətirməyi təklif etdilər.
Arif adlı satıcının sözlərinə görə, mal seçimi zamanı əsasən qiymətə üstünlük verilsə də populyarlıq qazanmış serial qəhrəmanlarının şəkilləri və ya hansısa sözləri yapışdırılmış mallar daha çox satılır: “Bir müddət Polad Alemdarın şəkilləri yapışdırılmış dəftərlər, çantalar yaxşı satıldı. Qızlar Hürrəmin dəftərlərini seçib götürürdülər. İndi də iki gündü “Həci başqadu, Yavər” yazılmış çantaları soruşurlar”.
Digər satıcı Nazim isə deyir ki, malları “Sədərək” bazarından gətirib satır: “Mən Çindən mal gətirmirəm. “Sədərək”dən alıb-satıram. Türkiyənin, Almaniyanın, Rusiyanın çantaları satılır, amma qiymətlər münasib olmadığından alıcılar azdır. Avqustun 15-dən sonra bazar canlanacaq. Tələbat olarsa, mən də o çantalardan gətirəcəm”.
“8-ci kilometr bazarı”nda da “Hacı” çantalarından danışırlar.
Məktəb ləvazımatları satan Ruslan adlı satıcı söyləyir ki, “Həci başqadu, Yavər” sözləri yazılmış çantalar bazara səs salıb: “Mən “Sədərək”də bu çantalara rast gəlməmişəm. Rast gəlsəm, gətirəcəyəm”.
Yaxınlıqdakı satıcı da söhbətə qarışır: “Bəlkə də elə Azərbaycanda hazırlayıblar. Bizim sexlərdə Çindən də yaxşı paltar, ayaqqabı, çanta tikirlər. Amma vergi, departament, komitə imkan vermir işləsinlər. Bunlar da burada istehsal edib Çinin etiketini yapışdırırlar. Kimdir onu yoxlayan?!”
“Müəllimlər qarışmırlar”
“Neçə dəfə olub ki, uşağa irad bildirmişəm, “ay qızım, ay oğlum, bu cür dəftərləri almayın, bu çantaları götürməyin, bu qələmləri məktəbə gətirməyin” demişəm. Uşağın da diqqəti yayınır, bir də görürsən, qələm çıxarırlar, işığı yanır, içindən əcab şəkillər görünür. Amma valideynlərə söz keçirmək olmur”.
Bunu “Hacı” çantalarının şəkilləri altında rəy yazan Zöhrə Məmmədova adlı istifadəçi yazır.
Başqa bir ifadəçi isə əksinə, müəllimləri günahlandırır: “Uşaq hər gün bir istəklə gəlir. Müəllimlər nəzarət etməlidirlər. Ancaq pul istəməkdən başqa bir şey bildikləri yox”.
Kimi belə bayağı üsullarla pul qazananlara dəstək olan dövlət qurumarını günahlandırır, kimi də məktəbi, müəllimləri təqsirkar bilir.
Amma müzakirələrdən də bəlli olur ki, məktəb-valideyn əlaqələrinin zəifliyi, dövlət qurumlarının belə məsələlərə müdaxilə etməməsi son nəticədə işbazların cibini, uşaqların isə başını doldurur.
“6-12 yaş uşaqlığın dönüş nöqtəsidir” - bunu isə virtualaz.org saytına açıqlamasında psixoloq Nərminə Əliyeva bildirir.
Psixoloqun sözlərinə görə, bu yaş dövründə uşaqların psixologiyasında ciddi dəyişikliklər baş qaldırır: “Şəxsiyyətin bir çox psixi xüsusiyyətlərinin əsası bu dövrdə qoyulur. 6-12 yaşlı uşaqların zehni, əxlaqı formalaşır. Bayağı musiqilərdən tutmuş oyunlara, əşyalara qədər bütün hadisələr uşaqların psixologiyasının formalaşmasına təsir edir”.
Psixoloq deyir ki, xüsusilə ibtidai siniflərdə təhsil alanlar üçün dəftərin, qələmin, daşıdığı çantanın önəmi var: “Bu, təkcə zövqün formalaşmasına deyil, uşaqların diqqətinin dağılmasına da təsir edir. Uşaq bayağı musiqilərə, əyləncələrə aludə olur. Valideynin önəm vermədiyi adi əşya belə uşaqda hansısa fikrin formalaşmasında rol oynayır. Nəticədə isə aqressiya, fikir dağınıqlığı, dərslərə marağın azalması baş qaldırır”.
Məsələyə münasibət bildirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov isə belə ideyaları “bayağılıq və düşüklük” adlandırdı.
Hüquq müdafiəçisi bildirdi ki, bu cür ideyalar uşaqların düşüncələrində, psixikasında mənfi fikirlər formalaşdırır: “Bu çantalar satışdan yığışdırılmalıdır. İş adamları belə çantaların əvəzində “Vətənimi sevirəm” və ya vətənlə, Azərbaycanla bağlı hansısa sözləri yazdıra bilərlər”.
Təşkilat rəhbəri çantaların Çindən gətirildiyini güman edir.
Məsələyə çantaların üzərində adı keçən Hacı Şahin də reaksiya verib. Hacı Şahin çantaların üzərində adının yazılmasını xoş qarşılamayıb və bunun pul qazanmaq istəyi ilə edildiyini söyləyib.
...Göründüyü kimi, bu il də məktəbli bazarını “Hacı” çantaları zəbt etdi. Daha heç kim heç nəyə təəccüblənmir, uşaqların üzərindən pul qazananlara isə “dur” deyən yoxdur.