Cəmiyyət (9-06-2015, 12:40)
Etibar Pirverdiyevlə Abid Şərifovu nə birləşdirir?
Baş nazirin müavini «Azərenerji» prezidentinə bank satıb
"Azərişıq”ın yeni əsasnaməsinin təsdiqlənməsindən sonra tam gücü ilə "Azərenerji”nin prezidenti Etibar Pirverdiyevi zərərsizləşdirmək imkanı qazanan Baba Rzayev son həmləsini həyata keçirməyə hazırlaşır. Bu barədə məlumatı "Reytinq” qəzeti yayıb. Mənbə qəzetə bildirib:
"Baba Rzayevlə Etibar Pirverdiyevin arasında uzun illərdir mübarizə gedir. Kifayət qədər ciddi əlaqələrə sahiblənən Baba Rzayev bir çox məsələlərdə Etibar Pirverdiyevi küncə sıxa bilib. Üç ay əvvəl isə səlahiyyətlərinin böyük ölçüdə alınması və bununla da Azərbaycanın parakəndə enerji sahəsindən tamam kənarlaşdırılan Pirverdiyevə son zərbə isə yaxın aylarda vurula bilər.
Hazırki vəzifəsi ilə yanaşı, ”Ekspressbank"ın və digər kommersiya obyektlərinin də sahibi olan Pirverdiyev, hazırda bir çox sahələr üzrə təzyiq altındadır. Az əvvəl onun istintaqa çağırılması haqqında deyilənlər də, güman ki, həm də bankir və digər fəaliyyətini də əhatə edir. Belə gedərsə, "Azərenerji” tam şəkildə Baba Rzayevin sərəncamına keçəcək, Pirverdiyevsə daha ağır durumla üzləşəcək".
Mənbə əlavə edib ki, "Ekspressbank” vaxtı ilə baş nazirin müavini Abid Şərifovun nəzarətində olub. Sonradan Etibar Pirverdiyev həmin bankı baş nazirin müavinindən satın alıb:
"Hazırda Etibar Pirverdiyevin nəzarətində olan ”Expressbank"ın adı 2008-ci ilədək "Azərnəqliyyatbank” ASC olub. Vaxtilə "Azərnəqliyyatbank” ASC-nin səhmdarları sırasında Abid Şərifovun demək olar bütün ailə üzvləri, o cümlədən həyat yoldaşı, 2 övladı, kürəkəni, qudası, iki qardaşı da vardı. Ola bilər baş nazirin müavininin bu bankda yenə də payı var".
Mənbə deyib ki, Etibar Pirverdiyev vəziyyətdən çıxmaq üçün bir neçə siyasi qrupdan dəstək almağa çalışır.