Karusel (30-09-2014, 19:07)
Etibar Pirverdiyev görəvdən alına bilər - "Azenerji" şefinin arzuolunmaz günləri...
"Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri Etibar Pirverdiyevin başı üzərində "qara bulud"lar dolaşır. Yadınızdadırsa, bir müddət əvvəl qurumun ölkənin ən böyük borc sahiblərindən birinə çevrilməsi barədə məlumat yayılmışdı. Həmin xəbərlərdə "Azərenerji"nin iri vergi ödəyicisi olması və büdcə proqnozunu yerinə yetirə bilməməsi ilə bağlı çox mühüm məqamlar öz əksini tapmışdı. "2005-ci ildən bu vaxta kimi dövlət büdcəsindən "Azərenerji" ASC-yə 1 milyard 132 milyon manat və yaxud 1,5 milyard dollar dövlət investisiyası yatırılıb.
Bura 1 milyard 431,6 milyon dollar xarici kreditləri də əlavə etsək demək olar ki, son 6 ildə bu sektora 3 milyard dollara yaxın vəsait yatırılıb. Bu cür fantastik xərcləmələr fonunda heç bir pozitiv nəticə yoxdur. Çünki ölkənin daxili enerji tələbatı hələ də ödənməyib. Elektrik verilişindən məhrum qalan massivlər var. Həmin investisiyalar səmərəli istifadə olunmur. Əvəzində bu sektorda korrupsiya günbəgün inkişaf edir", deyə ASC sədri ilə bağlı irəli sürülən ittihamlarda vurğulanıb. Bundan sonra isə Milli Məclisin bəzi deputatları Etibar Pirverdiyevi tənqid atəşinə tutmuşdular: "Məsələn, su elektrik stansiyalarının birinin tikintisi zamanı nəzərdə tutulan müqavilədə tikintinin 20 aya başa çatdırılacağının göstərilməsinə baxmayaraq, 15 ay əlavə vaxt uzadılıb və büdcədən əlavə vəsaitlər ayrılıb. Ümumiyyətlə, "Azərenerji" bütün əməliyyatlarını "Azenco" şirkəti ilə birlikdə aparır və nəticədə böyük qanun pozuntuları üzə çıxır". Deputatın tənqidlərinin üstündən az keçmişdi ki, dövlət büdcəsinə külli miqdarda borcu olan ASC-nin əməkdaşlarının ezamiyyət xərcləri barədə şok faktlar yayıldı. Məlum oldu ki, qurumun əməkdaşlarının ezamiyyət xərci bir nəfər üçün dövlətə 350 min manata başa gəlir. Məhz bu kimi detalların açıqlanmasından sonra yuxarıların əsas diqqəti Etibar Pirverdiyevin üzərinə yönəlib. Və onun vəzifədən çıxarılması istiqamətində tədbirlər görülür. Qeyd edək ki, ASC sədrinə qarşı son vaxtlar müxtəlif formalı təzyiqlər edilir. Bizdə olan məlumatlara görə, məmurun şimal zonasındakı biznesinin bir hissəsi əlindən alınıb. Bu isə onun çöküşü deməkdir. Etibarlı mənbənin sözlərinə görə, çöküşdə olan məmurun yaxın çevrəsindəki şəxslərin də vəziyyəti qənaətbəxş deyil. Belə ki, aidiyyəti dövlət qurumları Etibar Pirverdiyevin Dövlət Bayraq meydanının tikintisində maliyyə yeyintilərinə yol verən yaxın qohumlarının barəsində zəruri tədbirlər görməyə hazırlaşır: "Bayraq meydanının tikintisini ilk vaxtlar "Azərenerji"nin tabeliyindəki "Azərenerjitikinti" MMC aparırdı. Tikintiyə başladıqdan 5-6 ay sonra isə Etibar Pirverdiyev bu şirkəti ləğv edib onun bazasında "Azenco" ASC-ni yaratdı. Bundan sonra tikinti işləri ASC-nin sərəncamına verildi. Həmin vaxt bu dəyişikliyin səbəbini ondan soruşan olmadı. Halbuki, məmur bununla "Azərenerjitikinti" MMC-də məsul şəxs olan bacısının həyat yoldaşı Ramiz Güləliyev, həmçinin təchizatın rəisi olan tələbə yoldaşı Əbülfət Kamilovun çoxsaylı fırıldaqlarını ört-basdır etdi. Ramiz Güləliyevlə Əbülfət Kamilov tikintiyə keyfiyyətsiz mal-materiallar verməklə ən hündür bayraq dirəyində dəfələrlə qəzalı vəziyyətin yaranmasına səbəb olublar. Əgər müvafiq sənədlər araşdırılsa, bəlli olar ki, tikintidə işlədilən betonlarda istifadə olunan sementlər yüksək marka ilə göstərilib. Ancaq həmin sement markalarının keyfiyyəti çox aşağı səviyyəlidir". Mənbə həmçinin vurğulayır ki, ASC rəhbəri ölkə qanunlarını ayaq altına ataraq tikinti layihələrini yalnız müqavilə ilə "Azenco"ya verir və bu məqsədlə də milyonlarla manatı ASC-nin hesabına köçürür: "Şirkətin həyata keçirdiyi layihələr üçün lazım olan materiallar cəmiyyət sədrinin nəzarətində olan özəl firmalardan alınır. Çindən alınan məhsulların bir qismi, xüsusilə "Smartkart" tipli sayğaclar isə onun tələbə yoldaşı və hazırda "Azenco"da vəzifə tutan Əbülfət Kamilov tərəfindən ölkəyə gətirilir". Qaynağımız bildirir ki, yuxarılar "Azərenerji"də baş verən bütün məsələləri diqqətlə izləyir: "Deyilənə görə, Etibar Pirverdiyev bu ilin sonuna kimi tutduğu vəzifədən kənarlaşdırılacaq. Buna səbəb onun büdcə vəsaitlərini necə gəldi xərcləməsi və işində yol verdiyi nöqsanlardır. Artıq bu barədə dolayı yollarla onun özünə də xəbər çatdırılıb. Qurumun yeni sədrinin kim olacağı isə hələlik dəqiq bilinmir". \\ gundelik-baki \\