Araşdırma (29-10-2018, 10:42)
Türkiyə İran neftindən imtina etsə... - TƏHLİL
Çin hökuməti öz neft şirkətlərindən İrandan xam neft almamağı istəyib. Bu barədə xarici mətbuatda məlumat yayılıb. Məlumatlarda ABŞ-ın sanksiyaları ilə əlaqədar “China National Petroleum Corp.” ilə “Sinopec”in İrandan neft tədarükünü dayandırdığı bildirilir. Lakin mənbələrə görə, hər iki şirkətin İrandan neft tədarükünü dayandırması müvəqqətidir. ABŞ-la aparılacaq danışıqlardan sonra tədarük yenidən bərpa edilə bilər.
Bundan öncə isə Hindistanın ən böyük neftayırma komplekslərindən olan “Reliance” şirkəti İrandan neft idxalını dayandırdı. Bu barədə “Reliance” şirkətinin rəsmiləri oktyabrın 18-də bəyanat yaydılar. Bəyanatda bildirilib ki, Hindistan şirkətinin İran neftindən imtina etməsi, Amerikanın İran neftinin satışına qoymağa hazırlaşdığı sanksiyalarla əlaqədardır və şirkət bundan sonra neftə olan ehtiyacını regionun neft istehsal edən digər bir neçə ölkəsindən təmin etmək qərarına gəlib. Hind şirkətinin neft müqavilələri bağlayacağı ölkələrin adları açıqlanmayıb.
Onu da qeyd edək ki, avqustun 6-da ABŞ prezidenti Donald Trampın imzaladığı sərəncama əsasən, Amerikanın İrana qarşı sanksiyalarının 1-ci mərhələsinin icrasına başlanılıb. Vaşinqtonun İrana qarşı sanksiyalarının 2-ci və ən mühüm mərhələsinə, yəni İran neftinə sanksiyanın tətbiqinə isə noyabrın 4-dən başlanılacaq. Amerika rəsmiləri bildiriblər ki, İran neftinin ixracını sıfıra endirmək istəyirlər.
“Yeni Müsavat”a danışan iqtisadçı Natiq Cəfərli bu sanksiyalar fonunda İran iqtisadiyyatının vəziyyətini təhlil edib. O bildirib ki, İran üçün vacib məsələlərdən biri həm enerji daşıyıcılarının satışı, həm də dünya bank sistemində qalmaq məsələsidir: “Bu iki məsələ İran iqtisadiyyatı üçün olduqca mühümdür. Son zamanlar İran valyutasının zəifləməsinin əsas səbəblərindən biri də sanksiya sisteminin getdikcə daha da ağırlaşmasıdır. 2016-17-ci illərdə bağlanmış müqavilələrdən böyük şirkətlər bir-bir imtina edirlər. Bu da artıq İran iqtisadiyyatını silkələməyə başlayıb. Əgər, doğrudan da, noyabrın 4-də Amerikanın sanksiyaları çox şiddətli olarsa və heç bir ölkə İrandan neft almasa, bu, kifayət qədər ciddi zərbə olacaq. Ardınca İran Ümumdünya Bank sistemindən də kənarlaşdırılarsa, o zaman iqtisadiyyatında daha böyük geriləmə gözlənilir. Yəni həm İran realının kəskin dəyərdən düşməsi, həm də iqtisadi vəziyyətin ağırlaşması və insanların yoxsullaşması prosesinin sürətlənməsini görə bilərik. Lakin bir məsələ var. Belə ki, son iki gündür İran tərəfi israrla bəyan edir ki, Avropa ölkələri bu sazişdən çıxmayıb deyə, onlarla istənilən şərtlərlə müzakirələrin davam etdirilməsinə razıdır. Bundan əlavə, Rusiya tərəfindən də maraqlı dəstək açıqlaması oldu ki, İran neftini Rusiya ala bilər və öz nefti kimi xaricə satar. Onsuz da Rusiyaya qarşı kəskin sanksiyalar mövcuddur. İrana görə də sanksiyaların olması gözlənilmir. Rusiya da anlayır ki, Avropa Birliyi ölkələrinə 8 milyon barel neft, təqribən ildə 140 milyard kubmetrə yaxın da qaz satır. Avropa Birliyi ölkələrinin bunu başqa yerdən əvəzləməyə imkanları yoxdur deyə, sanksiyaların neft və qaz sektoruna aid edilməsi də mümkün deyil. Artıq noyabrda bilinəcək ki, Rusiya sözünün arxasında duracaq, yoxsa bu bəyanatları verməklə Amerika ilə gizli sövdələşməyə getmək istəyir. Birjalar da bu xəbərin təsdiqini gözləyir. İran neftinin Çindən sonra ikinci ən böyük alıcısı Türkiyədir. Hələ ki, Türkiyə də İran neftindən tamamilə imtina edəcəyi barəsində açıqlama verməyib. Bu da çox güman ki, Amerika ilə danışıqların predmetidir. Yəni Türkiyə İran neftindən imtina etsə, əvəzində Amerikadan öz maraqları çərçivəsində nə isə almaq istəyir. Ona görə də çox maraqlı situasiya yaranıb. Lakin hər bir halda sırf İran iqtisadiyyatı baxımından noyabr ayıdan sonra çox ciddi dalğalanma gözlənilir. Çox güman ki, İran realının növbəti kəskin devalvasiyasının şahidi olacağıq. Eyni zamanda, İran məhsullarının dünya bazarına çıxması, yaxud xaricdən İrana gətirilən məhsulların həcminin azalması üçün kifayət qədər şərait yaranacaq”.
İqtisadçı bildirib ki, proseslər Azərbaycan iqtisadiyyatına təsir edəcək: “Azərbaycanla bağı iki mühüm məsələsə var. Çox güman ki, Boltonun da Azərbaycana səfəri zamanı bu məsələlər müzakirə predmeti olub. ”Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsi çərçivəsində 500 milyon dollarlıq investisiya müqaviləsi var. Bu müqaviləyə görə, Azərbaycan İrana kredit verəcək və yolun çəkilişində həmin kreditdən istifadə olunacaq. Bu məsələ sual altına düşüb ki, bundan sonra proses necə olacaq. Məsələ ilə bağlı heç bir açıqlama yoxdur və çox güman ki, bu layihənin gecikməsinin şahidi olacağıq. İkinci məsələ isə İran-Azərbaycan arasında kifayət qədər geniş ticarət dövriyyəsinin olmasıdır. Bu ticarət dövriyyəsini də çox zaman banklar üzərindən həyata keçirilirdi. Pul köçürülmələr dayandırılarsa, Azərbaycanla İranın ticarət münasibətlərinin taleyi də sual altına düşəcək. Bu ya nağd pul şəkilində həyata keçiriləcək, ya da iki ölkə arasında ticarət dövriyyəsi ciddi şəkildə zəifləyəcək. Başqa istiqamətlər üzrə Azərbaycanın problemi olmayacaq. Yeganə qaz məsələsi var ki, Naxçıvana verilən qazın və ya elektrik enerjisinin yerinə İrana qaz veririk. Bu da çox cüzi bir həcmdir və satış kimi nəzərdə tutulmayıb. Ona görə də hesab etmirəm ki, Naxçıvanın təminatı ilə bağlı problem yaransın".