Bəzi validyenlər övladına lap kiçik yaşlardan xarici dil öyrətməyə çalışır və bunun uşaq üçün faydalı olduğunu düşünürlər. Maraqlıdır, uşağa xarici dil neçə yaşdan etibarən və hansı formada öyrədilməlidir? 

Məsələ ilə bağlı açıqlama verən təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda bir neçə il əvvələ qədər bu təcrübədən istifadə olunmasa da, hazırda birinci siniflərdə ingilis və rus dillərinin tədrisinə üstünlük verilir: “İbtidai sinifdən xarici dillərin tədrisi təqdirəlayiqdir. Lakin üç müxtəlif dili eyni vaxtda öyrənən  uşaq üçün qavrama qabiliyyəti, ailədə hansı dilin işlək  olması və hansı dildə təhsil alması kimi faktorlar əhəmiyyətlidir. Amma həm xarici dillər, həm digər fənlər şagirdləri hədsiz dərəcədə yükləyir”. 

Psixoloji araşdırmaların nəticələrinə əsasən, xarici dillərin tədrisi uşaq psixologiyasına mənfi təsir göstərir. Belə ki, 5 yaşdan aşağı uşaqlara xarici dilin öyrədilməsi ilk növbədə nitq inkişafında  kəkələmə probleminə gətirib çıxarır. 

K.Əsədov vurğulayıb ki, dünya təhsil praktikasında belə bir norma var ki, hər bir fənn üzrə şagirdin öyrənə biləcəyi sözün miqdarı 20-dir: “Bir çox ölkələrdə, məsələn, Rusiya, Gürcüstanda 6 fənn tədris olunursa, bizdə 9 fəndir. Bu o deməkdir ki, həftə ərzində hər fənnə görə şagirdin öyrənəcəyi söz ikidən artıq ola bilməz. Əks halda şagird informasiya ilə yüklənəcək. Bu da onun dərsə, fənnə olan marağını azaldacaq”.