Təhsil (14-09-2018, 13:55)
BSU-nun Elmi Şurası ilk iclasını keçirib
14 sentyabr 2018-ci il tarixdə Bakı Slavyan Universitetinin Elmi Şurasının 2018-2019-cu tədris ili ərəfəsində ilk iclası keçirilib. İclasda BSU-nun rektoru, professor Nurlana Əliyeva çıxış edərək bir gün əvvəl Təhsil Nazirliyində keçirilmiş kollegiya iclası barədə məlumat verib. N.Əliyeva tədbirdə təhsl naziri Ceyhun Bayramovun çıxış etdiyini, təhsil sahəsindəki uğurlu islahatlardan və əldə edilmiş nailiyyətlərdən söz açıldığını deyib. N.Əliyeva daha sonra təhsil nazirinin müavini Firudin Qurbanovun “Paris konfransının nəticələri və qarşıda duran vəzifələr” adlı məruzəsi barədə məlumat verib. O, universitet əməkdaşlarını Paris Nazirlər Konfransının və Bolonya Siyasət Forumunun bəyannamələrindən irəli gələn müddəalarla tanış edib. N.Əliyeva Paris Nazirlər Konfransının Bəyannaməsində dilomların tanınması üzrə Lissabon Konvensiyasının tətbiqi sahəsində problemlərin həlli, Erasmus+ proqramı, mobillik, inklüzivlik, ömürboyu təhsil, fənlərarası əməkdaşlıq, elm, təhsil, innovasiya sahəsində sinerjinin inkişafı məsələlərinin dəstəklənməsi və digər məsələlərdən danışıldığını bildirib.
N.Əliyeva kollegiya iclasında dinlənilən “Ali təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bəzi Qayda və əsasnamələrin müzakirəsi və təsdiqi barədə”, “2018-2019-cu tədris ili üzrə müəllimlərin işə qəbulu müsabiqəsinin nəticələri”, “2019-2020-ci tədris ili üzrə buraxılış imtahanları və ali təhsil müəssisələrinə tələbə qəbulunun yeni formatı” və “Ümumi təhsil müəssisələrinin reytinqinin konsepsiyası” mövzularında da məruzələr edildiyini bildirib və həmin məruzələrdən irəli gələn vəzifələr barədə danışıb.
N.Əliyeva çıxışında həmçinin əmək haqlarının artırılması məsələsinə toxunub və bildirib ki, müəllim-professor heyətinin əmək haqları reytinq cədvəli əsasında müəyyənləşəcək. Buraya alimin elmi fəaliyyəti, kitabları, dərslikləri, elmi məqalələri və s. daxil olacaq.
Elmi Şuranın yığıncağında elmi işlər üzrə prorektor, professor R.Novruzov 2018-2019-cu tədris ili üçün BSU-nun illik planı, Təsərrüfat işləri üzrə prorektor Ə.Nağıyev Erasmus+ (petra) layihəsi üzrə görülmüş işlər, elmi katib, dosent
D.Tahirova Elmi Şuranın 2018-2019-cu tədris ili üçün iş planının tətbiqi, dosent N.Cəbrayılov 2018-2019-cu tədris ili üçün bakalavriat və magistratura səviyyələri üzrə üniversitetə tələbə qəbulunun yekunları, N.Məmmədov Yay məktəbinin və semestrinin yekunları və s. barədə məlumat veriblər.
Yığıncaqda həmçinin Cavad Nurbəxşin “Sufilik və onun prinsipləri” adlı əsərinin azərbaycancaya tərcüməsinin kitab halında nəşri məsələsi müzakirə olunub