Təhsil (14-06-2018, 12:30)
Ceyhun Bayramov məzunları təbrik etdi
Azərbaycan təhsil naziri Ceyhun Bayramov məzunları orta məktəbi başa vurmaları münasibətilə təbrik edib.
Mediatv.az Trend-ə istinadən xəbər verir ki, C.Bayramov məzunları ünvanladığı müraciətində bildirib:
"Əziz məzunlar! Sizi, müəllim və valideynlərinizi bu unudulmaz gün münasibəti ilə ölkəmizin bütün təhsil işçiləri və şəxsən öz adımdan təbrik edir, ən xoş arzularımı bildirirəm! Siz bu gündən həyatınızın tamamilə yeni dövrünə qədəm qoyursunuz. Ciddi qərarlar qəbul etmək, peşə seçimini dəqiqləşdirmək astanasındasınız. Seçəcəyiniz yol həyatınızın böyük hissəsini müəyyən edəcək. Məktəbdə öyrəndiyiniz bilik və bacarıqlar, fəal vətəndaş mövqeyi və dəyərlər bu yolda sizə zəruri dəstək verəcək.
Əminəm ki, Siz özünütəsdiq inamınızla arzuladığınız gələcəyi quracaq, ölkəmizin adına layiq vətəndaş və mütəxəssis olacaqsınız".
C.Bayramov məzunlara müraciət edərək daha sonra qeyd edib ki, cənab Prezidentimizin qeyd etdiyi kimi, zaman bizə tarixin ən güclü Azərbaycanında yaşamaq xoşbəxtliyini nəsib edib. Güclü Azərbaycanı müasir düşüncəli, milli ruhlu, əməksevər vətəndaşlar yaşadır və irəli aparır. Ömürboyu öyrənmə yanaşması, səmərəli ünsiyyət və əməkdaşlıq bacarıqları olan, Vətən sevgisi ilə yaşayan gənclərimiz bizim qızıl insan kapitalımızdır:
"Sizin hər biriniz Azərbaycan üçün dəyərli və əvəzolunmazsınız! Həyatınızın yeni mərhələsində sizə uğurlar arzulayıram!"