Təhsil (2-03-2018, 15:33)
Bakı Türk Anadolu Liseyinin nümayəndələri BSU-da olub
Martın 2-də Bakı Türk Anadolu Liseyinin (BTAL) müdir müavinləri Meral Bahar, Talib Keleş, Yakup Özden və liseyin musiqi müəllimi Ebru Kacqı Bakı Slavyan Universitetində (BSU) qonaq olublar. Qonaqları qəbul edən BSU-nun rektoru, professor Nurlana Əliyeva Azərbaycan - Türkiyə qardaşlığından danışaraq hər iki türk dövlət arasında münasibətlərin qədim tarixi köklərindən söz açıb. Nurlana Əliyeva Türkiyənin qabaqcıl universitetləri ilə BSU-nun əməkdaşlığı barədə qonaqlara ətraflı məlumat verərək qeyd edib ki, təhsil və elm sahəsindəki tərəfdaşlıq iki qardaş ölkənin humanitar əlaqələrinə böyük töhfələr verməkdədir. Azərbaycanla Türkiyənin bütün sahələrdə münasibətlərinin yüksək səviyyədə olduğunu deyən rektor Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Erkan Özoralın Bakı Slavyan Universitetinə olan diqqətindən də danışıb.
Bakı Türk Anadolu Liseyinin müdir müavini Meral Bahar liseyin fəaliyyətindən söz açaraq bildirib ki, BTAL Türkiyənin Azərbaycanda yerləşən tək dövlət liseyidir. Meral Bahar BSU-da türkiyəşünaslıq ixtisası, burada fəaliyyət göstərən Türkiyə araşdırmaları mərkəzinin işini yüksək dəyərləndirib. O həmçinin qeyd edib ki, BTAL tərəfindən 19 may Atatürkü Anma, Gənclik və İdman bayramına həsr olunmuş böyük tədbir keçiriləcək. Bu tədbirə tələbələrin də cəlb olunduğunu deyən müdir müavini tədbirdə BSU tələbələrinin iştirakından məmnun qalacaqlarını dilə gətirib.
Müdir müavinləri Talib Keleş və Yakup Özden Bakı Slavyan Universiteti barədə müsbət fikirlər səsləndiriblər. Yakup Özden BSU-da magistratura pilləsində təhsil aldığını bildirib. Universitetdə rəhbərlik tərəfindən yaradılan münbit şəraitdən danışan Y. Özden yenidənqurma işlərini yüksək qiymətləndirərək rektor Nurlana Əliyevaya minnətdarlıq edib.
Görüş zamanı türk xalqlarının milli bayramları barədə söhbət aparılıb, Novruz adətləri, bu bayramın tarixi barədə maraqlı məlumatlar səsləndirilib.
Sonra qonaqlar Türkiyə araşdırmaları mərkəzi ilə tanış olublar, mərkəzə Türkiyənin müxtəlif bölgələrini təmsil edən simvolik hədiyyələr bağışlayıblar. Qonaqlar mərkəzin türk milli geyimləri ilə təmin olunmasında dəstək göstərəcəklərini bildiriblər. Sonda Meral Bahar mərkəzin qonaqlar kitabına öz ürək sözlərini yazıb.