Sosial / Slayd (6-11-2014, 22:28)
Azərbaycanlı oliqarx 10 milyona görə həbs edilib - İLGİNC
Bir müddət öncə Rusiyanın Komi Respublikasında həbs edilmiş Akif Sayadova qarşı iş müstəntiqlər tərəfindən külli miqdarda pul mənimsənilməsi istiqamətində aparılır.
Bu barədə Axar.az-a məlumat etibarlı mənbələrdən daxil olub.
Mənbə Akif Sayadovun 2009-cu ildə imzaladığı müqavilələri yerinə yetirməməkdə günahlandırıldığını bildirir. Müstəntiqlər onu 10 milyon rubldan çox pulu mənimsəməkdə ittiham edirlər.
Rusiya mətbuatı isə Akif Sayadovun iki şirkət qarşısında götürdüyü öhdəliklərə əməl etmədiyini yazıb. Bildirilir ki, Akif Sayadov 22-24 sentyabr 2009-cu il tarixində “Uxtaneftqazgeologiya”nın adından “P-AvroElitStroyLyuks-M” şirkətini geoloji kəşfiyyat işini həyata keçirəcək avadanlıqla təmin etmək üçün müqavilə imzalayıb. 15 oktyabr 2009-cu il tarixində isə “Buroviye sistemi” şirkəti ilə Udmurtiyada geologiya kəşfiyyat avadanlıqlarının istehsalında cavabdehliyi saxlamaqla bağlı müqaviləyə qol çəkib. “Uxtaneftqazgeologiya” ilə bağlanmış müqavilələrin dəyərinin 42 milyon 284 min (748.629 AZN) rubl olduğu bəlli olub. Amma Sayadov nə müqavilənin şərtini həyata keçirib, nə də ki, avadanlıqları lazım olan şirkətlərə göndərib. Müstəntiqlərin də məhz bu pulun mənimsənilməsi ilə bağlı araşdırma apardıqları bildirilib.
Həmçinin 2009-cu ildən 2014-cü ilin fevralına qədər Sayadov və şəxsiyyətinin müəyyənləşdirilməsi mümkün olmayan şəxslər tərəfindən “Uxtaneftqazgeologiya”dan “P-AvroElitStroyLyuks-M” şirkətinin hesabına təyinatı bəlli olmayan 25.446.248 (450.516 AZN) rubl köçürülüb.
Daha bir əməliyyat barədə “Tribuna.nad.ru” saytı xəbər yayıb. Xəbərdə iddia olunur ki, Dağıstandakı bəzi biznes-strukturların hesabına qeyri-qanuni olaraq pul daxil olub və həmin hesablardan ən azı 1.045.000 (18.501 AZN) rubl nəğd formada götürülüb. Daha bir milyon rubl dəyərində pul “İmperiya” LTD-nin hesabına keçirilib. “Rosfinmonitoriq”in hesabatına görə isə bu LTD-nin hesabından qeyri-qanuni xərclərin leqallaşdırılması və terrorizmin maliyyələşdirilməsi üçün istifadə edildiyi qeyd edilib.
Qeyd edək ki, Akif Sayadov oktyabrın 29-da həbs olunub. Onun həbs olunmasına ilkin əsas səbəb kimi maliyyə fırıldaqları və beynəlxalq terrorizmə dəstək verməsi göstərilib. Daha sonra Rusiya Federasiyasının İstintaq Komitəsi Sayadovu pulların qeyri-qanuni yolla leqallaşdırılmasında günahlandırıb.
Bəzi mənbələr isə Akif Sayadovun məhz Putinin əleyhinə çıxış etdiyi üçün həbs edildiyini vurğulayıblar. A.Sayadovun sırf biznes maraqları baxımından Putin siyasətini tənqid etdiyi də gələn xəbərlər sırasında yer alıb. Rusiyaya tətbiq edilən çoxsaylı sanksiyalardan əziyyət çəkdiyi və bunu Putinin yarıtmaz siyasəti ilə əlaqələndirdiyi, ölkənin uçuruma aparıldığı haqda çıxışlar etdiyi iddiaları sonda A.Sayadovun həbsinə yol açıb.
Onu da xatırladaq ki, 63 yaşlı A.Sayadov “Uxtaneftqazgeologiya” ASC-nin baş direktorudur. O, Naxçıvan MR-in Culfa rayonunda anadan olub. 1990-cı ildə “Uxtaneftqazgeologiya” ASC-nin istehsalat-texniki təchizat idarəsinə rəhbərlik etmək üçün Komiyə dəvət olunub. 2011-ci ilin martında Komi Respublikasının Dövlət Şurasının deputatı seçilib.