Sosial (19-02-2014, 15:42)
YAP-dan Hacıbala Abutalıbovun “kişi söhbəti”nə reaksiya
“Hacıbala müəllim səsləndirdiyi fikirdə bunu demək istəyir. Hər bir fikri başqa istiqamətə yönəltmək, onsuzda müxalifətin peşəsidir”
Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “Azərbaycanda bir kişi var, o da cənab prezidentdir” fikri ilə bağlı ötən gündən başqlayaraq, yaranan polemikalara Yeni Azərbaycan Partiyasından reaksiya gəlib.
"Qafqazinfo" xəbər verir ki, hakim partiyanın icra katibinin müavini, deputat Siyavuş Novruzov AzNews.az-a açıqlamasında bildirib ki, iqtidar nümayəndələrinin səsləndirdiyi fikirləri pis yerə yozmaq, müxalifətin köhnə adətidir: “Bunu niyə başqa istiqamətə yönəldirlər? Bu gün Azərbaycan adından danışmaq, ölkəni təmsil etmək hüququnu xalqımız prezident İlham Əliyevə həvalə edib. Hacıbala müəllim səsləndirdiyi fikirdə bunu demək istəyir. Hər bir fikri başqa istiqamətə yönəltmək, onsuzda müxalifətin peşəsidir”.
S. Novruzov müxalifət partiyalarının nümayəndələrinin sosial şəbəkələrdəki fəaliyyətini də tənqid edib: “Onlar başqa ad altında sosial şəbəkələrə daxil olaraq söyüş, təhqir və digər ifadələr işlətməkdən həzz alırlar. Müxalifətçilərin bu əməli haqda onların öz yoldaşları bizə məlumat veriblər. Onlar sosial şəbəkələrdə olan cəmiyyətin digər üzvlərinin əhval-ruhiyəsini korlayırlar. Həmin adamların yazılarının altında bir dənə şərh və təhlil olmur. Onlar öz rəhbərlərindən çirkin ifadələr öyrənən gənclərdir”.