Sosial / Karusel (30-06-2014, 23:23)
Bakı merinin vəhabi oğlu haradadır: həbs olunub, ya qaçıb?
Bakı meri Hacıbala Abutalıbovun oğlu, vəhabi olduğu iddia edilən İsrafil Abutalıbovun həbs olunması ilə bağlı məlumat yayılıb.
Axar.az-ı məlumatlandıran mənbənin sözlərinə görə, İsrafil Abutalıbov Milli Təhlükəsizlik və Daxili İşlər nazirliklərinin ötən həftə İçərişəhərdəki Aşurbəy (“Ləzgi məscidi”) məscidində keçirdikləri əməliyyatdan sonra saxlanılıb.
Qeyd edək ki, İsrafil Abutalıbovun Suriyaya döyüşməyə gedən azərbaycanlı vəhabilər arasında təbliğat apardığı və onlara maliyyə dəstəyi göstərdiyi barədə informasiya ictimaiyyət arasında xeyli müddətdir ki, dolaşırdı. Aşurbəy məscidində aparılan əməliyyat zamanı da hüquq mühafizə orqanı əməkdaşlarının dindarların İsrafil Abutalıbovla bağlı sorğu-sual edildiyi bildirilirdi.
Hacıbala Abutalıbovun telefonuna cavab verən xanım şəxsi sual olmasına baxmayaraq, merin əvəzindən bildirdi ki, belə məlumatlara inanmaq lazım deyil: “Hamısı yalandır, belə bir şey yoxdur”.
Milli Təhlükəsizlik Nazirliyinin məlumat mərkəzindən isə ümumiyyətlə Aşurbəy məscidində əməliyyat keçirildiyi inkar edildi: “Bizdə belə bir əməliyyatın keçirilməsi ilə bağlı məlumat yoxdur”.
Xatırladaq ki, iyunun 20-də Bakının “Ləzgi məscidi”ndə (“Aşurbəy”) MTN və DİN əməliyyat keçirərək 20 nəfəri həbs edib. Məlumatı əməliyyat keçirən nazirliklər təsdiqləyib. Əməliyyatla bağlı fotolar da xəbərlər arasında yer almışdı.
Elə həmin vaxtı yayılan məlumatda deyilirdi ki, əməliyyat zamanı saxlanılan sələfilər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun oğlu barəsində də sorğu-sual olunublar.
Onlar sələfilərin Bakıda əsas himayəçilərindən sayılan İsrafil Abutalıbovun İŞİD-ə qoşulmaq istəyənlərin ölkəni tərk etməsinə şərait yaratması və əlaqələrin hansı istiqamətdə olması ilə bağlı dindiriliblər.
O da bildirilirdi ki, sələfilərin Badamdar qəsəbəsində yerləşən ibadət yerlərində aparılan yoxlamalardan sonra kifayət qədər böyük məbləğ müsadirə edilib.
İsrafil Abutalıbovun da elə bu səbəbdən həbs edildiyi ehtimal olunur.
Onu da qeyd edək ki, mətbuatda Hacıbala Abutalıbovun oğlundan imtina etməsi haqda xəbərlər xeyli vaxtdır yayılıb.
Məsələ ilə bağlı öyrənəcəyimiz yeni detal və faktları diqqətinizə çatdıracağıq.