Sosial / Slayd (20-12-2016, 15:16)
Gəncə Göz Xəstəxanası “qaranlıqda itib”:baş həkimin sayəsində
Baş həkim suallarımızdan yayınıb, təhdid üstünlük verdi
Mediatv.az: Son vaxtlar Gəncə şəhərində səhiyyənin durumu ilə bağlı mediada silsilə yazılar yayımlanır. Bu yazılarda səhiyyə xidmətinin yararsızlığından tutmuş, həkimlərlə bağlı müxtəlif ittihamlar səslənir. Maraqlıdır ki, nə Gəncə Şəhər Səhiyyə İdarəsindən, nə də hansısa səhiyyə müəssisəsindən bu yazılanlar təkzib olunmur. Bu amil isə “susmaq razılıq əlamətidir” deyimini yada salır...
Gəncə şəhərindən xeberinfo.com-a daxil olan budəfəki məlumatlarda Gəncə Göz Xəstəxanasından və baş həkim Azər Məmmədovun “özfəaliyyət”indən bəhs olunur...Xatırladım ki, hələ bir müddət öncə azerinews.tv saytında da Gəncə Göz Xəstəxanası ilə bağlı rüşvət faktları ilə zəngin yazı dərc olunmuşdur:
“Xəstəxananın baş həkimi Azər Məmmədovun səhiyyə ocağında tətbiq etdiyi qaydalar müayinə və müalicə üçün gələn vətəndaşları narahat etməyə bilməz. Baş həkimin qaydalarına görə xəstəxanaya daxil olan vətəndaş tibb bacısı daxil, hamının haqqını verməlidir. Sonda Azər həkimin “hörmət”i gəlir ki bu da xırda məbləğlə başa gələn deyil.
Göz Xəstəxanasında müalicə almaq üçün ən azı 500 manat rüşvət verməli olan vətəndaş tibbi ləvəzimatlari – dərmanları da özü alır. Azər həkimin qaydalarına görə cərahiyyə əməliyyatlarına 1000 manat rüşvət ödənilməlidir. Bundan başqa səhiyyə ocağında çalışan həkimlər də baş həkimin qaydalarına əsasən xəstələrin sayına görə “haqq” verməlidirlər.
Azər Məmmədov narazılıq bildirən və ya “pulum yoxdur” deyən vətəndaşları xəstəxanadan xaric etməyi də bacarır. Nəzərə alsaq ki, uzun müddətdir xəstəxanada baş həkim vəzifəsində bu şəxsin adı qeyd olunur o zaman Azər Məmmədovun day-dayısının da təsadüfi adam olmadığı aydınlaşır. Yığılan rüşvəti “yuxarı”lara verdiyini bildirən baş həkim xəstələrə və müayinəyə gələn vətəndaşlara “biz kimik ki, bizə deyirlər alın bizdə alırıq” – fikrini çatdırmaqdan çəkinmir”.
Bundan əlavə mediada Gəncə Göz Xəstəxanasında saxta əlillik arayışlarının verilməsi və müxtəlif sənədlərin satılması ilə də bağlı məlumatlar yer alır. Xeberinfo.com-a daxil olan məlumatlarda isə bu səhiyyə müəssisəsi ilə bağlı daha da ciddi sayıla biləcək faktlar var. Biz bu məlumatları ictimailəşdirməzdən əvvəl hörmətli baş həkim Azər Məmmədovu da dinləmək istədik. Baş həkimlə telefon əlaqəsi yarada bilsək də, heç bir sualımıza cavab ala bilmədik. Cənab Məmmədov suallarımızdan yayınıb, təhdidlərə üstünlük verdi(?) Bu təhdidləri yazmağı uyğun bilməsək də, qarşıdakı günlərdə Gəncə Göz Xəstəxanası və baş həkimin “özfəaliyyət”indən bəhs olunacaq geniş yazımız olacaq.
Xeberinfo.com