Karusel (17-06-2016, 21:32)
23 saylı Birləşmiş Şəhər Xəstəxanasında nə baş verir?
Baş həkim Ziya Bayramlı Oqtay Şirəliyevin verdiyi tapşırıqları layiqincə yerinə yetirə bilmir.
Ölkəmizdə dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri də səhiyyə sistemidir. Bildiyiniz kimi, ölkə başçısının diqqət və qayğısı nəticəsində son illər istər Bakıda, istərsə də rayonlarımızda müasir tibbi avadanlıqlarla təchiz edilmiş səhiyyə müəssisələri istifadəyə verilib. Həmçinin bərbad vəziyyətdə olan onlarla xəstəxana binası əsaslı şəkildə təmir edilərək vətəndaşların istifadəsinə verilib. Bütün bunlara baxmayaraq, səhiyyə sektorunda müəyyən problemlər hələ də mövcudluğunu qoruyub saxlayır. Gundelik-baku.com-a daxil olan məlumatlarda bildirilir ki, Xətai rayonunda yerləşən 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında əməlli-başlı bazar açılıb. Qəsəbə sakinlərindən birinin verdiyi məlumata əsasən, Ziya Bayramlının baş həkimi olduğu səhiyyə müəssisəsi dövlət büdcəsindən maliyyələşsə də, buranın özəl klinikalardan heç bir fərqi yoxdur: «Xəstəxanada göstərilən bütün xidmətlərin qarşılığında vətəndaşlardan «şirinlik» tələb edilir. Halbuki, nazir Oqtay Şirəliyev bir neçə il əvvəl dövlət xəstəxanalarında pullu tibbi xidməti ləğv edib. Burda işləyən heç bir həkim deyə bilməz ki, müayinə müqabilində vətəndaşdan pul almayıb. Həkimlərin rahat işləyə bilməsi üçün hər cür şərait yaradılıb. Amma baş həkim tibb ocağının öz gücü ilə işləməsinə imkan vermir. Dövlət tərəfindən xəstəxanada qeydiyyatda olan güzəştli xəstələrə dərman və tibb ləvazimatları ayrılır. Təəssüf ki, vətəndaşlar həmin vasitələri əldə etməkdə çətinlik çəkirlər. Mütləq həkimlərə nəysə verilməlidir».
İddialara əsasən, xeyli müddətdir 22 saylı Birləşmiş Şəhər Xəstəxanasına baş həkimlik edən Ziya müəllim şəxsi maliyyə imkanlarını xeyli artırıb. Bizə çatan məlumatlarda qeyd olunur ki, müavinlər, şöbə müdirləri və həkimlər hər iş gününün sonunda baş həkimə gün ərzində gördükləri işlər barədə məlumat verməlidir. Hansı həkim Ziya Bayramlının qoyduğu «qaydalar» əsasında işləyə bilmirsə, ya işini itirmək təhlükəsi ilə üzləşir, ya da baş həkimin «qara siyahı»sına düşür. Biz nazir Oqtay Şirəliyevə 22 saylı Birləşmiş Şəhər Xəstəxanasında yoxlama aparmağı məsləhət görərdik. Çünki bu səhiyyə müəssisəsində çox böyük problemlər mövcuddur. Əgər təcili tədbir görülməsə, o zaman vətəndaş narazılığı daha pik həddə çata bilər. Yazı ilə bağlı qarşı tərəfi də dinləməyə hazırıq.