Sosial / Slayd (7-12-2016, 11:27)
Ziya Məmmədovun qoçuları yenə iş başında - Sürücülərimiz Trampı söyürlər...
Son vaxtlar Azərbaycanda bir qrup sürücü ABŞ-ın yeni seçilən prezidenti Donald Trampın ünvanına gecə-gündüz söyüş söyməkdədirlər. Bütün bunlar isə heç də səbəbsiz deyil. Sürücülər iddia edirlər ki, D.Trampın ABŞ prezidenti seçilməsi onları işsiz və çörəksiz qoyub...
Mediatv.az: Hurriyyet.org-un əməkdaşı bu sürücülərin bəziləri ilə görüşüb və okeanın o tərəfində olan Donald Trampın onları necə işsiz qoyduğuna aydınlıq gətirməyə çalışıb.
Rüşvətsiz günlərə son qoyulub
Sürücülərin sözlərinə görə, təxminən bir il idi ki, Nəqliyyat naziri Ziya Məmmədovun “qoçuları”nın xofu olmadan sərbəst fəaliyyət göstərirlərmiş. Lakin ABŞ-dakı son seçkilərdən sonra onların qara günləri başlayıb.
Bu haqda əməkdaşımıza danışan “Bakı-Marneuli” beynəlxalq avtobus marşrutu üzrə sərnişindaşıma ilə məşğul olan sürücü Tariyel Əliyev deyir ki, bir aya yaxındır Nəqliyyat Departamentinin əməkdaşları onların fəaliyyətinə imkan vermir. Onun sözlərinə görə, Bakıdan-Gürcüstana və əks istiqamətdə hərəkət edən marşrutlardan oktyabrın 1-dən etibarən hər dəfə Gömrükdə 90 dollar “rüsum” alınsa da, Ziya Məmmədovun “qoçular”ı da onlardan əlavə haqq tələb edir. Baxmayaraq ki, “Qırmız körpü” Gömrük Məntəqəsində onlardan “rüsum” olaraq tələb olunan 90 dollar da məhz Nəqliyyat Nazirliyinə ödənilir. Lakin bütün bunlara əhəmiyyət verməyən Nəqliyyat Departamentinin əməkdaşları onları tez-tez saxlayaraq 100-150 manat rüşvət tələb edirlər. Həmin pulu vemədikdə isə 400 dollar məbləğində cərimə yazırlar və bu zaman onların xarici pasportlarını da əllərindən alırlar ki, sərhədi keçib gedə bilməsinlər.
Qeyd edək ki, T.Əliyev cəmi 10-12 yerlik “Mercedes Sprinter” avtobusunun sürücüsüdür. O deyir ki, əslində hər dəfə sərhədi keçəndə 90 dollar “rüsum” ödəməyə məcbur olduqlarından zərərlə işləyirlər. Sadəcə, müştərini itirməmək üçün bir aydır zərərlə çalışırlar ki, bəlkə, ölkə rəhbərliyi səviyyəsində bu qanunsuzluğa son qoyula. Ancaq belə davam edərsə, yanvardan etibarən fəaliyyətlərini dayandırmaq məcburiyyətində qalacaqlarını da deyir. Onun sözlərinə görə, oktyabrın 1-dən etibarən gediş haqlarını 12 manatdan 15 manata qaldırmaq məcburiyyətində qalsalar da, yenə də gəlirsiz çalışır və əksər hallarda isə “reysi” zərərlə başa vururlar.
“Nəqliyyat qoçuları” hər avtobusdan min manat alır
Sürücü İlqar Musayev isə deyir ki, Ziya Məmmədovun “qoçuları” iritutumlu avtobus sahiblərindən daha çox haqq tələb edirlər. O iddia edir ki, Nəqliyyat Departamentinin əməkdaşları 45-50 nəfərlik avtobusların hər birindən ay ərzində minimum 1000 (min) manat rüşvət tələb edirlər. Bu pulu verməyənlər isə Bakı Beynəlxalq Avtovağzalından kənarda fəaliyyət göstədikləri üçün yüksək məbləğdə cərimə olunurlar. Ən maraqlısı isə odur ki, Beynəlxalq Avtovağzala daxil olmaq istəyən marşrut sahiblərindən isə 40-50 min manat rüşvət, üstəlik, hər avtobusun sürücüsündən “reys”ə görə 150-180 manat da əlavə olaraq “rüsum” tələb olunur.
- Bəs sürcülərdən rüşvəti kim və harada toplayır?
- “Nəqliyyat qoçuları” kimin tapşırıqları ilə yenə özbaşınalıq edirlər?
- Toplanan rüşvət kimin əlində cəmləşir?
- Sürücülər nə üçün və nə zaman etiraz etmək fikrindədirlər?
- Bir neçə gün öncə Qaraçuxur qəsəbəsində sürücülərlə Nəqliyyat Departamenti əməkdaşlarının əlbəyaxa olmasına nə səbəb olub?
- Və Azərbaycanda bəzi avtobus sürücüləri nə üçün ABŞ-ın yeni seçilən prezidentini söyürlər?
AZƏRBAYCANDA SÜRÜCÜLƏR TRAMPI NİYƏ SÖYÜRLƏR - “Qoçular” yenə iş başında!
Bu və digər suallara, eləcə də Nəqliyyat Departamenti əməkdaşlarının harada və hansı yollarla rüşvət toplamasına tezliklə aydınlıq gətirəcəyik. Bizi izləyin!