Sosial / Slayd (29-11-2016, 09:35)
"Qaçqınkom" “Kristal Abşeron”dan qorxur? - ŞİKAYƏT
Mediatv.az: Bu günlərdə bir çox saytlarda Abşeron rayon, Xırdalan şəhəri, Quşçuluq Y/M ünvanında qeydiyyatda olan, lakin hal-hazırda müvəqqəti olaraq 5-ci mikrorayon A.Məhərrəmov küçəsi 30, mənzil 30-da məskunlaşmış, Kəlbəcər rayonundan məcburi köçkün Elyasov Zamin Ellaz oğlu tərəfindən yazılan şikayət yayımlandı. Şikayətçi bildirib: “Mən valideynlərim və qardaşlarımla birgə 1993-cü ildə evimizdən, ocağımızdan didərgin düşdük. Biz ailəmizlə birgə Gəncə şəhərində məskunlaşmalı olduq. 2000-ci ildə Bakıya gəldim və yeni qurduğum ailəmlə birgə bu günə kimi yuxarıda göstərdiyim ünvanda yaşayırdım.
Yaşadığım ərəfədə atam Elyasov Ellaz Ələs oğlu infarkt keçirdiyindən mən müvəqqəti olaraq bir neçə aylığa onlara kömək etmək üçün Gəncə şəhərinə getdim. Bu arada kiçik qardaşım Elyasov Cahid Ellaz oğlu əsrimizin ən qorxunc xəstəliklərindən olan xərçəngin ən ağır formasına tutulur. Mən həmin vaxtlar onu həkimlərə aparmalı oldum. Bu ərəfədə “Kristal Abşeron” MMC şirkətinin əməkdaşları tərəfindən mənim yaşadığım ərazidə baxış keçirilərkən guya onlara burada heç kəsin yaşamadığını deyiblər.
Lakin həqiqi sakinlər (həmin sakinlərin yalnız üç nəfərinin ərzəsi və Azərbaycan Respublikası qaçqınların və məcburi köçkünlərin işləri üzrə dövlət komitəsinin Repatrasiya departamentinin direktoru Elman İsmayılovun məktubu əlavə olunur) yoxlama aparan “komissiya”ya həmin evdə Elyasov Zamin Ellaz oğlunun yaşadığını desələr də, bir nəticə verməyib.
Biz “Qaçqınkom” əməkdaşlarına və həmin komitənin Abşeron rayon üzrə şöbəsinin müdiri Vidadi İsayevə etirazımı bildirəndə mənim evlə təmin ediləcəyimə, lakin heç yerə şikayət etməməyimi məsləhət bildilər. Sən demə, onlar mənim başımın altına “yastıq” qoyurlarmış. Nəticədə o ətrafda olan ailələri müxtəlif yollarla razı sala biliblər. Mənim 15 il yaşadığım evimi isə “Kristal Abşeron” MMC şirkəti tərəfdən qanunsuz olaraq mühasirəyə alınandan sonra ağır texnika ilə yerlə-yeksan etdilər. Nəticədə evimdə olan soyuducu, iki dəmir çarpayı, istilik sistemi, maqnitafon, stol, stullar, işıq sistemləri sıradan çıxdı.
Bununla bağlı mən “Kristal Abşeron” MMC-nin Xırdalan şəhərində yerləşən ofisinə getdim. Orda məni qəbul edən Azər və İlqar adlı şirkətin işçiləri məni evlə təmin edəcəklərini vəd etdilər və dedilər ki, bu şərtlə “Qaçqınkom”dan arayış gətirim ki, mən həqiqətən orada yaşayıram. Lakin həmin komitədən mənə yazılı surətdə bildirdilər ki, “Kristal Abşeron” MMC şirkətinin tikinti apardığı ərazidə faktiki yaşayan məcburi köçkün ailələri şirkət tərəfindən siyahıya alınaraq onların vəsaiti hesabına inşa olunmuş yaşayış binasına köçürülmüşdür.
Mənim yaşadığım ərazi şirkətin ərazisi olmadığından, yaşayış sahəsi ilə təmin edilməmişəm. Bu zaman belə bir sual yaranır, əgər ərazi “Kristal Abşeron” MMC-in ərazisinə düşmürsə, o zaman şirkət yaşadığım evi hansı əsasla sökdürmüş, özümü də bayırda qalmağa məcbur etmişdir? Mən ailəmlə hal-hazırda xalamın kiçik bir otağında müvəqqəti yaşayıram (moderator.az)
Biz də Qafqaz Xəbər Agentliyi olaraq bu məsləni araşdırmaq üçün, Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsinin Repatriasiya Departamentinə zəng etdik. Departamentin Elşən adlı əməkdaşı Qafqaznews.az-a bildirdi: “Siyahını “Kristal Abşeron” verib, Onun yaşadığı ev “Kristal Abşeron”un ərazisi deyil ,ona görə “Kristal Abşeron”onu siyahıya salmayıb.Biz də demişik ki, “Kristal Abşeron”a müraciət elə, məsələni onlarla həll et”.
“Əgər onun evi şirkətin torpaq sahəsinə düşməyibsə, onda niyə söküblər?”, – deyə soruşduq. “Bunu ancaq onlar deyə bilər, evlə bağlı köçməni biz etsək də, təminatı biz vermirik. “Kristal Abşeron”un ərazisi olduğuna görə biz müdaxilə edə bilmirik. Ona görə də biz demişik ki onlara müraciət elə”,- deyə Departament əməkdaşı bildirdi.
“Vətəndaş bildirir ki, bir müddətlik rayona getmişdim”.,-əməkdaşımız əlavə etdi. “Orda olub olmayıb, bunu ancaq “Kristal Abşeron”la araşdırsın. “Kristal Abşeron” siyahı təqdim edib, orda köçürmə də aparılıb… Nəsə problem yaranıbsa, bunu ancaq “Kristal Abşeron”la əlaqə saxlayıb aydınlaşdırsın”, – deyə departament rəsmisi bildirdi. “Bəs əgər “Kristal Abşeron” siyahı tərtib edəndə bütün vətəndaşları yox, yarısını siyahıya salsa, siyahıya alınmayanlar çöldə qalmalıdır? – deyə əməkdaşımız bildirdi. “Bizdən nümayəndə də gedib baxıb… havayla olmayıb” ,- deyə departament əməkdaşı loru üsluba keçdi.
“Vətəndaş bir neçə illərdir orda yaşayır, sadəcə bir müddətlik rayona getdiyini bildirir” ,- deyə əməkdaşımız əlavə etdi. “Biz nə edə bilərik “Kristal”la… bizim əməkdaşlar gedib baxıb, o vətəndaş orda olmayıb” – deyə departament rəsmisi bildirdi. Müxbirimiz “Vətəndaş illərdir orda yaşadığını bildirir axı” deyə xatırlatdı. “Faktiki iş gedəndə bu adam orda olmayıb, ona görə də “Kristal Abşeron” onu siyahıya salmayıb” –deyə Elşən adlı komitə əməkdaşı bildirdi. “Əgər vətəndaş illərdir bir evdə yaşayırsa, bir müddətlik harasa gedib deyə, “Kristal Abşeron” gəlib evini sökməli idi? “Bəli orda olsaydı, sökməzdi” – deyə departament rəsmisi maraqlı cavab verdi. “Vətəndaş harasa gedə bilməzmi” – deyə soruşduq .
“Siz harasa gedəndə hamınız birgə gedirsiz?”, – deyə Elşən adlı departament əməkdaş ironiyalı sual verdi. “Hamı birlikdə evdən çıxıb harasa gedə bilməz?” – əməkdaşımız soruşdusa da, komitə əməkdaşı suallarımızdan “bezdi”. “Siyahıya salmayıblar, ev də verməyiblər”,- deyərək Elşən müəllim dəstəyi asdı.
Biz Qafqaznews.az olaraq bu məsələ ilə bağlı “Kristal Abşeron” şirkəti ilə əlaqə saxladıq. Bizi “Kristal Abşeron” şirkətinin marketinq şöbəsindən Rəşad adlı əməkdaşla əlaqələndirdilər. Müxbirimiz öyrənmək istədi: “Kristal Abşeron” şirkəti vətəndaşın evini əsassız olaraq sökübmü, belə şey ola bilərmi?” “Təbii ki ola bilməz”, – deyə Rəşad adlı əməkdaş bildirdi. “Onda bu vətəndaşın evi dağıdılmayıb? Yerindədir?”, – əməkdaşımız dəqiqləşdirmək istədi. “Dağıdılıbsa da, əsaslı olaraq dağıdılıb”, – deyə şirkət rəsmisi bildirdi.
Müxbirimiz xatırlatdı ki, mülkiyyət ancaq məhkəmə qərarı olsa dağıdıla bilər: “Məhkəmə qərarı var, yoxsa, qərar olmadan dağılıb?” “Bunu mən dəqiq bilmirəm” – deyən Rəşad adlı əməkdaş bizi şirkətin hüquqşünasına yönləndirdi…
“Kristal Abşeron”un hüquqşünası Salman müəllim (soyadını bildirmədi – red) isə bildirdi ki, Elyasov Zamin Ellaz oğlunun evinin sökülməsiylə bağlı məhkəmə qərarı olmayıb: “Olsaydı, bilərdik”. Biz Qafqaznews.az olaraq hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı ilə əlaqə saxladıq.
“Onların verdiyi cavablardan görünür ki, qanunlardan və insanların mülkiyyət hüquqlarından ümumiyyətlə xəbərləri yoxdur. Əgər torpaq sahəsi dövlət ehtiyacları üçün alınırsa, 2 ay qabaq xəbərdarlıq edilməlidir. Özəl şirkət isə lap biabırçılıq edir. Mən düşünürəm ki, onlar bütün Azərbaycan qanunlarına hörmətsiz yanaşdıqları üçün, özgəsinin mülkünü mənimsədiklərinə görə məsuliyyətə cəlb olunmalıdırlar. Burdan görünür ki, “Qaçqınkom” nümayəndələri də şirkətlə əlbirdilər. Onların nə marağı var ki, başqasının torpağını mənimsəməsinə göz yumurlar. Cinayəti bilib buna göz yummaq özü bir cinayətdir”.