Sosial / Slayd (2-11-2016, 15:49)
Qurbanov işçisini keçmiş MTN şefinə görə qovub?
Azərbaycan mətbuatında davamlı olaraq, müxtəlif dövlət qurumlarında haqsızlıqlarla bağlı məlumatlara rast gəlmək olar. Adətən, idarə rəislərinin işçilərdən maksimal sədaqət tələb etməsi, mətbuata hansısa məlumat sızdıqda kimlərdənsə şübhələnmə və qurban verilmə halları barədə az eşitməmişik. Lakin maraqlıdır ki, çox zaman “qurban verilənlər” günahsız işçilər olur, onların yerlərinə isə rəislərin və ya rəis müavinlərinin qohumları gətirilir. Bir sözlə, idarə çevrilir “klan”a…
Mediatv.az xəbər verir ki, Qafqaz Xəbər Agentliyinə şikayət edən Ucar sakini, təqaüddə olan polis zabiti Sərxan Srac oğlu Abbasov da oğlu Elxan Sraclının oxşar bir “taktika”ya qurban getdiyini bildirib. “Oğlum Elxan Sraclı Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsində işləyirdi. Məzuniyyətdən qayıdandan sonra, onu işə buraxmadılar və rəis müavini Ehtiram Rəhimov bildirdi ki, Qüdrət Qurbanovun göstərişi var, könüllü ərizə yazmalısan. 29 avqust 2016-cı il tarixdə heç bir əsas olmadan onun işdən çıxarılmağına dair məcburi ərizə yazdırdılar ki, bu da oğlumun əmək hüquqlarının kobud şəkildə pozulmasıdır, ciddi qanunsuzluq faktıdır.
“Belə ki, oğlum Elxan 2 ildə təmiz,vicdanla işləyib, Bakıda evi yox, maşını da yoxdur. Üç uşağı var, onları oxutdurmaq, dolandırmaq sarıdan əziyyət çəkir. Ehtiram Rəhimov onu aldatdı ki, atana heç nə demə, ora-bura şikayət etməyin, sənə başqa iş verəcəyik. Oğlum 2 ay mənə heç nə demədi. Dövlət idarəsini öz şəxsi mülkləri hesab edən bu şəxslərin əməlləri obyektiv yoxlanılmalı və qanunsuz olaraq məcburi qaydada hədə-qorxu ilə kənarlaşdırıldığı üçün oğlum Elxan işinə bərpa edilməlidir. Oğlumun işlədiyi vəzifəyə Dövlət Dəniz Administrasiyasının Dəniz Üzgüçülük Təsərrüfatı bölməsinin müdiri vəzifəsinə isə Dövlət Dəniz Administrasiyasında şöbə müdiri işləyən Əhməd İsmayılovun əmisi oğlu Elməddin İsmayılovu təyin etdilər.Bu çirkin planı əvvəlcədən hazırlamışdılar. Mənim əlimdə mötəbər sübut var ki, oğlum Elxanın işdən çıxarılmağına dair ərizəni ona məcbur yazdırıblar.Belə ki, bir ata kimi zəng edib rəis müavini Etiram Rəhimovla danışan zaman o etiraf etdi ki, rəis Qüdrət Qurbanovun birbaşa göstərişi idi ,mən icra etməliydim, birinci adam odur.
Bu telefon danışığının audioyazısı da var. Mən özüm 25 il Dövlət Yol Polis İdarəsində işləmişəm. Mərhum Prezident Heydər Əliyevi 1974-cü ildən 1980-cı ilə qədər müşayət etmişəm. İkinci hakimiyyəti dövründə Naxçıvana gedib onunla görüşmüşəm. 6 övladım 18 nəvəm var.İşdən çıxarılmış oğlumun ailəsinə aldığım pensiya ilə mən baxıram. Oğlum da, mən də Prezident cənab İlham Əliyevə, Nazir Səlim Müslümova və Əmək Müfəttişliyinin rəisi cənab Fuad Əlizadəyə şikayət ərizəsi ilə müraciət edib tədbir görmələrini xahiş etmişik. Mətbuat vasitəsi ilə də müraciət edib xahiş edirəm, şikayət ərizəmdə göstərdiyim faktları tam, hərtərəfli və obyektiv araşdırıb Dövlət Dəniz Administrasiyasının rəhbərliyinin barəsində qanuna müvafiq tədbirlər görəsiniz, oğlum Sraclı Elxanın əvvəlki işinə bərpa edilməsinə yaxından köməklik göstərəsiniz”, – deyə S.Abbasov vurğulayıb.
Onun sözlərinə görə, Q.Qurbanovun köməkçisi Ülvi Həsənov oğlu Elxana deyib ki, “sən MTN işçisisən, ora-bura informasiya sızdırırsan”. “Mənim oğlum MTN-in binasını belə ancaq televiziya ekranlarında görüb. Adama belə böhtan atarlar? Çox güman ki, oğlumun barəsində şayiə uydurub, onu kənarlaşdırmaq məqsədi güdürlər. Əgər belə bir şey olsaydı, oğlum niyə məsuliyyətə cəlb olunmurdu? Cənab Prezidentimiz vaxtında lazımi tapşırıqlar verib, MTN-də cinayət işləyən şəxslər məsuliyyətə cəlb olunub. Mənim oğlumun heç bir güc strukturuyla, ya da hansısa KİV-lə əlaqəsi olmayıb. İşdən qovulduğunu belə, iki ay məndən gizlədib. Mən Qarabağ veteranıyam, ləyaqətlə polis orqanlarında xidmət etmişəm, dövlət qarşısında gözükölgəli olacağım əməlim yoxdur. Övladlarımın da elə əməli ola bilməz”, – deyə şikayətçi vətəndaş əlavə edib.
Biz S.Abbasovun təqdim etdiyi səs yazısını da dinlədik, həqiqətən də Ehtiram Rəhimov telefon söhbətində etiraf edir ki, bu məsələ birbaşa Qüdrət Qurbanovun göstərişiylə baş tutub. Həmçinin, E.Rəhimov telefon söhbətində qeyd edir ki, Elxan Sraclının “öz ərizəsiylə” kənarlaşdırılmasının səbəblərini bilmir. Lakin Ehtiram Rəhimov Qafqaznews.az-a bildirdi ki, Elxan Sraclının böyük səhvləri olub: “Sadəcə, biz onu “statya” ilə işdən çıxarmaq istəmədik. Səhvləri olub, daxili araşdırma aparılıb. Elə bir səhv idi ki, qalması mümkün deyildi”. “İşdə yeyintiyə yol verib?” – deyə soruşduq. “Yox, sadəcə böyük səhv edib. Telefon söhbəti deyil”, – deyə ADDA-nın rəis müavini cavab verdi. “Kiməsə sataşıb?” – deyə təkrarən soruşduq. “Yox, heç kimə sataşmayıb. İşdə nöqsana yol verib. Əlavə məlumat verə bilmərəm”, – deyə Ehtiram Rəhimov cavab verdi.
“Ehtiram müəllim, Elxan Sraclının MTN işçisi olması, ora-bura informasiya sızdırması barədə ittihamlar haqda nə deyə bilərsiniz?”, – deyə dəqiqləşdirmək istədik. “Mən belə şey eşitməmişəm. O barədə heç nə bilmirəm”, – deyə rəis müavini bildirdi. “Qüdrət Qurbanovun göstərişi olub bu?”, – deyə soruşduq. “Bilirsiniz, hər bir dövlət qurumunun rəhbəri olur. Şübhəsiz ki, kimsə işə qəbul olunanda da, azad ediləndə də Qüdrət müəllimin xəbəri olur”, – deyə E.Rəhimov cavab verdi.