Sosial / Slayd (8-09-2015, 11:50)
Dəniz Administrasiyasının rəhbəri generalın adından niyə istifadə edir? - "Bəylər müəllimin belə iş tutacağına inanmıram"
"Prezidentin şəxsi mühafizə xidmətinin rəhbəri, general polkovnik Bəylər Əyyubovun adından istifadə edən Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov hələ də məhkəmə qərarını icra etməyib". Bu sözləri İstiqlal.az-a sahibi olduğu "Yuniy moryak" adlı yük gəmisi oğurlanan Qəmbər Səfərov deyib.
Onun sözlərinə görə, hər dəfə Qüdrət Qurbanovun qanunsuzluğu ilə bağlı prezident İlham Əliyevə müraciət edəndə və yaxud baş verənləri ictimailəşdirəndə Dövlət Dəniz Administrasiyası rəhbərinin adamları ona zəng edərək problemin tez bir zamanda həllini tapacağı barədə vəd verirlər. Lakin dəfələrlə verilən vədlərə əməl olunmayıb: "Qüdrət Qurbanov nə qanunları, nə də Azərbaycan qanunlarının qarantı olan cənab prezident İlham Əliyevi sayır. Mənim oğurlanan gəmimə Qüdrət Qurbanov saxta sənəd verib və faktiki olaraq cinayətə şərik olub. Məhkəməyə müraciət etmişəm, Qüdrət Qurbanovun verdiyi saxta sənəd etibarsız sayılıb, həmçinin gəminin qaytarılması ilə bağlı qərar çıxarılıb. Bu barədə ötən dəfə sizin sayta müsahibəmdə demişəm. Təsəvvür edin, məhkəmə qərarı ola-ola bu adam mənim gəmini qaytarmır. Yaxud da kompensasiya ödəmir. Elə ki, prezidentə müraciət edirəm və ya mətbuata çıxıram dərhal mənə xəbər göndərir ki, məhkəmə qərarını icra edəcəm. Amma sonra məlum olur ki, sadəcə başımın altına yastıq qoyur. Qüdrət Qurbanov məsuliyyəti general Bəylər Əyyubovun üzərinə atır. Mən ona deyəndə ki, niyə gəmini qaytarmırsan deyir ki, bu iş ağsaqqallıqdır. Soruşuram hansı ağsaqqalı deyirsiz, cavab verir ki, Bəylər Əyyubov. Lakin mən Bəylər müəllimin belə iş tutacağına inanmıram. Qüdrət Qurbanov sadəcə məsuliyyətdən yayınmaq üçün Bəylər müəllimin adını hallandırır. Mən Bəylər müəllimə də müraciət etmək fikrindəyəm. Ondan məni qəbul etməsini və məni dinləməsini xahiş edəcəm. Qüdrət Qurbanovun onun adını bu məsələdə necə hallandırıdığını bütün təfərrüatı ilə danışacam".
Qəmbər Səfərov həmçinin bildirib ki, Qüdrət Qurbanov güc strukturlarında rəhbər vəzifələrdə işləyən qohumlarına arxayındır. "Amma Qüdrət Qurbanov unudur ki, bu ölkənin qanunları var, bu qanunların qarantı olan prezident var. Mən bu məsələdə sona qədər mübarizə aparacam. Həyatımı itirəsi olsam belə gəminin geri qaytarılmasına nail olacağam",- deyə Qəmbər Səfərov bildirib.
Şikayətçi bildirib ki, növbəti müraciətlərində Qüdrət Qurbanovu himayə edənlərin də adlarını açıqlayacaq.
Qeyd edək ki, Dövlət Dəniz Administrasiyası saxta sənədlərlə Qəmbər Səfərova məxsus "Yuniy Moryak" gəmisinİ satıb. Qəmbər Səfərov məhkəməyə müraciət edib.
Səbail Rayon Məhkəməsi dəhşətli saxtakarlıqları üzə çıxarıb. Məhkəmə zamanı bəlli olub ki, Dövlət Dəniz Administrasiyasından gəminin sənədlərinin surətini əldə edən “Mərdəkan-Broyler” ASC saxta alğı-satqı müqaviləsi, saxta aktlar tərtib edib və bu saxtakarlığı o qədər biabırçı səviyyədə həyata keçirib ki, hakimlər özləri belə təəccübləniblər.
Məsələn, Qəmbər Səfərovla “Mərdəkan-Broyler” ASC arasında bağlanan saxta alğı-satqı müqaviləsinin tarixi 09 yanvar 2003-cü il olaraq göstərilib. 2003-cü ilin 20 fevralında Həştərxanda alınan, 28 fevralında təhvil-təslim aktı ilə əldə edilən və iyulun 24-də Bakı buxtasına daxil olmasıyla bağlı “Yük gömrük bəyannaməsi” olan “Yunıy maryak”ı Q.Səfərov yanvarın 9-da “Mərdəkan Broyler”ə necə sata bilərdi? Belə çıxır ki, Q.Səfərov gəminin sənədlərini əldə etdiyi tarixdən (28 fevral) ay yarım əvvəl “həmin sənədlər əsasında” “Yunıy maryak”ı A.Əhmədova satıb?
Ikincisi, Q.Səfərovla A.Əhmədov arasındakı “alqı-satqı” müqaviləsinin tarixi 09 yanvar 2003-cü il, məkan isə Bakı şəhəri göstərilir, ancaq müqavilə rus dilində tərtib olunur və notarial qaydada deyil, yalnız “Mərdəkan-broyler”in möhürü ilə təsdiqlənir. Iki Azərbaycan vətəndaşı arasında bağlanan alğı-satqı müqaviləsi niyə rus dilində tərtib olunmalıdır?
Üçüncüsü, müqavilədə tərəflər arasında qiymət razılaşması 180 min rus rublu olaraq göstərilir. Bakıda, bir Azərbaycan vətəndaşı – fiziki şəxslə digəri, Azərbaycanda fəaliyyət göstərən hüquqi şəxs arasında alqı-satqı müqaviləsində qiymət niyə rus rublu ilə müəyyənləşməlidir?
Dördüncü, həmin alqı-satqı müqaviləsinin 7.1-ci maddəsində göstərilir ki, “tərəflər arasında mübahisə Rusiya Federasiyasının qanunvericiliyinə uyğun olaraq” Rusiya Federasiyasının məhkəməsində həll olunmalıdır.
Azərbaycan vətəndaşları arasında alqı-satqı müqaviləsindəki narazılıq niyə Rusiya Federasiyasının qanunvericiliyi ilə tənzimlənməlidir? “Mərdəkan-Broyler”in məhkəməyə təqdim etdiyi saxta “alqı-satqı” müqaviləsindəki hüquqi pozuntuların səbəbi odur ki, əslində, bu müqavilə Q.Səfərovla “Yunıy moryak” gəmisinin rəhbəri arasında bağlanmış 20 fevral 2003-cü il tarixli müqavilənin kserosurətidir. “Mərdəkan-Broyler” yeni müqavilə yazmaq iqtidarından olmadığından və Q.Səfərovun imzasını “daha səliqəli” saxtalaşdırmaq üçün hazır müqavilədəki tarixləri dəyişməklə rüsvayçı saxtakarlığa imza atıb.
Dəhşətli məqam isə odur ki, bu cür saxtakarlıqla tərtib edilən sənədlər, gəminin əsas sənədləri, alınma və Bakıya gəlmə tarixləri ilə uyğunsuzluq təşkil etdiyi halda Dövlət Dəniz Administrasiyasının rəhbəri Qüdrət Qurbanov həmin qanunsuzluqları qanuniləşdirib və gəmiyə şəhadətnamə verib. Səbail rayon məhkəməsi sənəd saxtakarlıqları faktını aşkar etdikdən sonra Dövlət Dəniz Administrasiyasının “Yunıy moryak” (“Ramin”) gəmisinə verdiyi saxta şəhadətnaməni ləğv edib, gəminin əsl sahibinə qaytarılması haqqında qərar çıxarıb. Lakin qərar icra olunmayıb.
Bir müddətdən sonra növbəti məhkəmə ilə qərar icraya yönəldilsə də, icra məmurları gəmini geri almaq imkanına malik olmadıqlarını, bu işin arxasında “naməlum gücün” dayandığını etiraf ediblər. Artıq Ali Məhkəmənin də bu işlə bağlı qərarı var. Lakin qərar icra olunmur.
Hazırda “Yunıy moryak” (“Ramin”) adlı gəmi Xəzər sularında üzməkdədir: onun heç bir sənədi yoxdur, şəhadətnaməsi məhkəmə tərəfindən ləğv edilib, ancaq bu sənədsiz-sübutsuz, bayraqsız gəmini saxlayan, onunla maraqlanan yoxdur. Çünki gəmiyə iddia edən “yüksək çinli məmurdan” hamı qorxur… Məmur isə özbaşnalığını davam etdirməkdədir.