Sosial / Slayd (18-08-2016, 17:14)
Xaləddin İsgəndərovun rüşvət taarifləri: BİNƏQƏDİDƏ EV TİKMƏK NEÇƏYƏDİR?
"Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov sözügedən rayon ərazisində aparılan tikintidən qanunsuz olaraq külli miqdarda rüşvət yığır.”
Mediatv.az xəbər verir ki, bu barədə Savash.org-un redaksiyasına Binəqədi rayon bələdiyyəsində çalşan mənbə bildirib. Qaynağın məlumatına görə, rayonda tikinti işi aparmaq istəyən sakinlər mütləq icra başçısını “görməlidirlər” :“ Bələdiyyənin bu işdə heç bir rolu yoxdur. Bütün işlər icra hakimiyyətinin nın nəzarətindədir. X.İsgəndərovun icazəsi olmadan heç kim həmin ərazilərdə torpağa bir mismar belə vura bilməz. Qoçuları dərhal o adamın başının üstünü kəsir”.
Mənbə onu da əlavə edib ki, alınan rüşvət tikintinin həcmindən asılıdır: “ Yəni kimsə, birmərtəbəli evi inşa etdirmək istəyirsə 7 min, 2 mərtəbəli ev üçün isə 15 min “haqq” ödəməlidir. Üstəgəl, bu “haqq”ı X. İsgəndərova vermək üçün ara adamı da tapmaq lazım gəlir ki, onlara da müəyyən miqdarda “şirinlik” verməli olursan. Bunların olmayacağı halda heç kim orada tikinti apara bilməz. İcranın balansında iri tonnajlı dağıdıcı gücə malik texnikalar var. Kim “haqq” ödəmirsə həmin texnikalar gecəylə gəlib tikilini dağıdıb, xarabaya döndərir. Əlbəttə, bütün bunlar özbaşınalıq və başıpozuqluqdan başqa bir şey deyil”.
Məlum pul yığımının heç bir qanuni əsası olmadığını deyən Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Savash.org-a bildirib ki, bu ciddi rüşvət faktorudur:
”Əlbəttə, bu hal mövcuddur. Bəzi vətəndaşlar süründürməçiliklə üzləşməmək üçün qısa yollar axtarırlar. Onda da rüşvət verməyə məcbur olurlar. Əslinə qalsa, şəhər arxitektura idarəsindən hər bir tikinti üçün layihə hazırlanmalıdır. Vətəndaşlar da öz evlərini həmin layihə əsasında inşa etdirməlidirlər. Bizim vətəndaşlarımız da bu yola getmirlər. Ona görə də rüşvət verirlər. Burada rüşvət verən də, alan da eyni dərəcədə qanunu pozur. Vətəndaşlar da bu yola getdikləri üçün həmin arzuolunmaz halı aradan qaldırmaq çətinləşir”.
Azərbaycan Liberal Partiyasının sədri, hüquqşunas Əvəz Temirxan isə deyib ki, kimdənsə,”şirinlik” tələb olunursa və yaxud onu “şirinlik” verməyə vadar edən vəziyyət yaradılırsa, bu məcburi rüşvət almaqdır:“ Bunun məsuliyyəti daha ağır olur. Arada vasitəçilik edənlərə gəlincə, diqqətinizə çatdırım ki, Azərbaycan cinayət məcəlləsində vasitəçiliyə görə məsuliyyət götürülüb. Onlar məsuliyyətə rüşvət verməkdə iştirakçı kimi cəlb oluna bilərlər”.
“İcra başçıları niyə bu cür qanunsuzluqlara yol verirlər?” sualına gəlincə, müsahibimiz söyləyib ki, onlar rüşvətlə təyin olunurlar:“ Ona görə də gələn kimi qoyduqları “kapitalı” çıxarmağa çalışırlar. Bundan başqa, onlardan yuxarıdan da rüşvət tələb edirlər. Bu səbəbdən qanuna əməl olunmur. Məmurlar üzərində ictimai nəzarət yoxdur. Hər bölgənin nazirdən və yaxud hansısa yüksək vəzifəli şəxsdən ibarət “qubernatoru” olur. Onlar icra başçısını təyin edir. Sonra da ondan rüşvət tələb edir. Ona görə də bu hallar yaşanır”.