Sosial / Karusel (31-08-2015, 14:19)
KAŞ Kİ XALƏDDİN İSGƏNDƏROV DOĞRUDAN QAÇMIŞ OLA YD I !..
İcra başçısının “Təmiz Binəqədi” və “yaşıl təpəciklər” layihələri də şəhərin abadlığına deyil, korrupsiya maraqlarına xidmət edir
Ölkə gündəmini izləyən oxucular xatırlayarlar, ötən ay Binəqədinin icra başçısı Xaləddin İsgəndərovun ölkədən qaçması haqda məlumat yayıldı. İlk öncə istiqlal.az saytı, daha sonra isə başqa saytlar yazdılar ki, başçı ölkədən məzuniyyət adı ilə gedib. İlk əvvəl bu xəbər təkzib olunmasa da, sonradan İsgəndərovun işə çıxması ilə söz-söhbətlər səngidi. Məlumatı “cazibədar” eləyən cəhəti ondan ibarət idi ki, adı korrupsiya hüquqpozmalarında tez-tez hallanan İsgəndərovun ölkədən qaçması əslində törətdiyi qanunsuzluqlara görə məsuliyyətdən gizlənmək cəhdi kimi qiymətləndirilirdi. Xəbər həm də Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti, 200/36 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğın Xaləddin İsgəndərovun onsuz da çətin olan vəziyyətini bir az da ağırlaşdırdığını özündə ehtiva edirdi.Paytaxt ictimaiyyəti çox gözəl bilirdi ki, poliuretandan kütləvi istifadəni ilk dəfə Binəqədidə Xaləddin İsgəndərov tətbiq edib.
Müşahidələr belə qənaətə gəlməyə əsas verir ki, Xaləddin İsgəndərovun qaçması xəbəri həqiqət olsaydı, hətta tutulub məsuliyyətə cəlb olunmayacağı halda belə Binəqədi və binəqədililər üçün qənaətbəxş aqibət sayıla bilərdi. Bu ən azından sözügedən rayonda dövlət vəsaitinin talançılığına son qoyulması demək olardı. Binəqədililər və ümumiyyətlə, ölkə büdcəsinin səmərəli xərclənməsi ilə qayğılanan hər bir tərəqqipərvər vətəndaş bu rayonda Xaləddini əvəzləyəcək növbəti icra başçısının insaflı olacağına ümid edə bilərdilər.Yəqin ki cənab prezident , dövlət büdcəsini şəxsi maraqlarına görə talan eliyənlərin bir gün "dərsini" veəcək,o gün uzaqda deyil. Söz yox, ondan əvvəlkilər də nöqsan və çatışmazlıqlardan xali deyildilər. Lakin İsgəndərovun rayon hakimiyyətinə gəlməsi bütün müstəvilərdə, ələlxüsus da fərdi mənzil tikintisi və obyektaltı istifadəyə satılan torpaqların qiymətini, aparılan tikililərin inşaat normalarına uyğunluğunun təsdiqlənməsinin bədəlini bir neçə qat qaldırdı. Vətəndaş fərdi ev tikintisi üçün icazəni rəsmiləşdirən sərəncamı İcra Hakimiyyətindən almaq üçün İsgəndərovun dəllallarına rüşvət verməlidir. Tikilinin Bakı şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi ilə razılaşdırılıb-razılaşdırılmamasının əhəmiyyəti yoxdur. Təcrübə göstərir ki, məsələ Xaləddinin qoçuları ilə yoluna qoyulandan sonra tikinti sənədi “nəzərdən keçirilərək” qüvvəyə minir və bir qayda olaraq, üzərində heç bir düzəliş edilmir, tikintinin hansısa norma və standartlara uyğunlaşdırılması və ya kənarlaşmaların aradan qaldırılması barədə tövsiyələr verilmir. Bu, o anlama gəlir ki, bütün tələb olunan kriterilər qanunçuluğa deyil, korrupsiyaya xidmət edir.
X. İsgəndərovun imza atdığı “Təmiz Binəqədi”,”yaşıl təpəciklər” kimi “yeniliklər”in də korrupsiyaya xidmət etdiyi şəksizdir. Dünən salınan “adsız yüksəkliklər”in bu gün yenidənqurma və abadlığın daha qabaqcıl standartının tətbiqi adı ilə dağıdılması da külli miqdarda dövlət vəsaitinin silinərək mənimsənilməsindən başqa bir şey deyildir. Bakı-Xirdalan yolunun Binəqədiyə aid nahiyəsində yol kənarını “bəzəyən” ağac çəpərlərin də boyaqlarının isti-soyuğa davam gətirməməsi vəsaitin “təyinatı üzrə və səmərəli” xərclənməsinə bariz nümunə, şəhəri gözəlləşdirməkdən çox öz şəxsi maraqlarına xidmət edən X. İsgəndərovun ölkə qanunlarına tüpürməsinin, dövlət başçısı İlham Əliyev cənablarının xəbərdarlıqlarına məhəl qoymamasının aşkar təzahürü sayıla bilər. Sual olunur: Görəsən, kimsə X. İsgəndərovun varidatı ilə belə israfcıl davransaydı, pulunu sağa-sola xərcləsəydi, onun reaksiyası necə olardı?
Sonda başlanğıc fikrimizi bir daha təsdiqləyirik: Kaşki Xaləddin İsgəndərov doğrudan qaçmış olaydı!