Sosial (14-03-2016, 13:06)
Məcburi köçkün rayonlarının yol idarələri nəyə lazımdır?
Ötən illər ərzində dövlət büdcəsinə vurulan ziyan milyonlarla ölçülür Saleh Məmmədov heç nəyə lazım olmayan bu qurumları ləğv etməlidir Azərbaycanın 20 faiz torpağı erməni qəsbkarları tərəfindən işğal edilib. Bunun nəticəsində 1 milyondan artıq vətəndaşımız məcburi köçkün həyatı yaşamağa məcbur olub. Təbii ki, bu işğal nəticəsində həmin rayonlarımız eməni qəsbkarları tərəfindən talan edilib. Hazırda işğal altındakı rayonların yerli strukturları Bakıda və digər ərazilərdə özlərinə müvəqqəti sığınacaq tapıblar. Orta məktəblər, səhiyyə müəssisələri, icra nümayəndəlikləri buna misal ola bilər. Bizə maraqlı gələn isə işğal altındakı rayonlarımızın yol istismar idarələrinin mövcudluğu ilə bağlıdır. Belə ki, «Azəravtoyol» ASC-nin məcburi köçkün rayonları üzrə yol istismar idarələri mövcuddur. Maraqlı sual ortaya çıxır. Əgər rayonlarımız işğal altındadırsa, bəs onların yol idarələri nəyə lazımdır? Axı Ağdam, Şuşa, Xocalı, Qubadlı, Zəngilan, Füzuli, Cəbrayıl, Xocavənd, Laçın və Kəlbəcər işğal altındadır. Bu rayonların yol idarələri hansı yolların təmirinə və yenidənqurulmasına cavabdehdir? Apardığımız araşdırmalar göstərir ki, 1992-ci ildən etibarən məcburi köçkün rayonlarının yol istismar idarələri dövlət büdcəsinə külli miqdarda ziyan vurublar. Hansı ki, bu ziyanın həcmi milyonlarla ölçülür. Araşdırmalar nəticəsində məlum olur ki, iğal altındakı rayonların yol idarələrinin hər birində azı 20-yə yaxın işçi ştatı, onlarla texnika mövcuddur. Amma bu idarələrin demək olar ki, hamısında «ölü canlar» işləyir və idarə müdirləri hər ay müxtəlif yollara baş vurmaqla külli miqdarda gəlir əldə edirlər. Texnikalar üçün hər ay tonlarla yanacaq, ehtiyat hissələri silinir. Belə həssas dönəmdə büdcədən maliyyələşən bu idarələrin fəaliyyəti büdcəyə ağır yükdür, daha dəqiq desək zərbədir. Qeyd edək ki, hələ bu günə kimi bu məsələni heç kim qabartmayıb. Maraqlıdır, nəyə görə? Burda söhbət dövlət büdcəsindən gedirsə, o zaman aidiyyəti dövlət qurumlarının rəsmiləri, millət vəkilləri və QHT rəhbərləri etiraz səslərini çıxarmalı idilər. Təəssüf ki, bu məsələ ilə heç kim maraqlanmayıb. Bildiyiniz kimi, bir neçə gün əvvəl cənab prezident «Azəryolservis» ASC-ni «Azəravtoyol» ASC ilə əvəz etdi. Biz ASC-nin sədri hörmətli Saleh Məmmədov qabartdığımız məsələyə diqqət ayırmasını xahiş edirik. Çünki hazırkı şəraitdə məcburi köçkün rayonlarının yol idarələrinin mövcudluğu israfçılıqdan başqa bir şey deyil. Ümid edirik ki, ASC rəhbəri tezliklə həmin yol idarələrinin ləğvi barədə əmr verəcək.
/gundelik-baku.com/
