Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (1-07-2015, 21:27)
Yaşıl vadiyə çevrilən şəhər

Bu il təkcə “Yaşıllaşdırılması marafonu” zamanı Şirvan şəhərindən 8 minə yaxın müxtəlif növ ağac əkilib

İsti yay günlərində, günəşin mavi qübbənin tən ortasında dayanıb hər tərəfə “od püskürdüyü” vaxtlarda aranda olmusunuzmu? Günorta yerdən qalxan ilğım sanki təndirdən çıxan od dilimləridir.Bu azmış kimi, bir neçə gün əvvəl Günəşdə baş verən partlayış yayı kifayət qədər isti keçən aran bölgəsində hələlik fəsadlar törətməsə də, xeyli narahatlıq yaratmışdı. Nisbətən yaşlı və xəstə insanların gündüz saatlarında küçələrdə demək olar ki, görünməmələri də bu səbəbdəndir. 
Paytaxt Bakıdan o qədər də uzaq olmayan Şirvan şəhəri də ölkəmizin yayı isti və quraq keçən yaşayış məskənlərindən biridir. Elə bu səmtdən Şirvana daxil olan hər kəs uzunluğu 7 kilometrdən çox olan H.Əliyev prospektinin sağ və sol tərəflərində sıralanmış yaşıl “hasarla” - eldar şamı, zeytun, giparez kimi ağaclarla rastlaşacaq. Min bir əziyyətlə araya-ərsəyə gətirilən bu ağaclara xüsusi qulluq da ilk baxışdan hiss edilir. 307 hektar yaşıllıq zolağı – ağacları, ot örtüyü, təbii və dekorativ gül kolları olan bu şəhərdə 40 min kvadrat metr qazon ot örtüyü də var. Bu yaşıllıqları suvarmaq üçün 6 nasosxana daim fəaliyyət göstərir ki, isti yay günlərində onlar istidən məhv olmasın.
Qeyd edək ki, şəhərin yaşıllığını qorumaq üçün əksər ərazilərə su xətti çəkilib. Nasosxanalar mərkəzdən uzaqda və nisbətən hündür ərazilərin suvarılması üçün nəzərdə tutulur. Azərbaycan Respublikasının üçrəngli bayrağının dalğalandığı Bayraq Meydanı, Şəhidlər Xiyabanı bunlarla suvarılır. Su isə Şirvan şəhərini iki yerə bölən Kür çayından götürülür.
Hər cür şəraiti – ağac və gül kolları, oturacaqları, karuselləri, besedkaları, mərasim evləri olan 23 yeni salınmış nümunəvi məhəllələr də son illərin məhsuludur. Lap yaxınlarda isə belə istirahət yerlərindən 24-cüsü sakinlərin və qonaqların ixtiyarına veriləcək. Sakinlərin özlərinin də dedikləri kimi Şirvan şəhərinin ümumi mənzərəsinin daha da gözəlləşməsində yeni məhəllələrin xüsusi yeri var. Daha sakit guşələrdə yerləşən belə yerlərdə dincəlmək, istirahət etmək hər bir şəhər sakininin mənəvi tələbatıdır.
Kifayət qədər ərazisi olan Şirvan şəhərinin yaşıllığına cavabdeh Şirvan Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin bu isti yay günlərində işlərinin çox olması təbiidir. Çünki illərlə qorunub ərsəyə gəlmiş ağacları, yaşıl örtükləri, təbii və dekorativ gül kollarını, qazonları qızmar günəşdən, bürküdən, amansız istidən qorumaq elə də asan deyil. 80 nəfərə yaxın fəhləsi olan idarə belə vaxtlarda işə daha erkən başlayır. Çünki günəşin boy göstərməsi ilə istinin tüğyan etməsi bir anda baş verir. Və beləcə qızmar yay günü başlayır...

Xatirələr parkı – İsmət Qayıbov adına park

Yaşı elə də çox olmayan, ancaq son illər kifayət qədər inkişaf edən, böyüyən Şirvan şəhərində bu ilin ilk 6 ayında 1895 ədəd müxtəlif növ ağac əkilib. Ölkənin yaşıllaşdırılması marafonuna qoşulan şəhər bu tədbirdə isə düz 8 minə yaxın müxtəlif növ ağac əkilib. Burada insanların istirahəti, körpələrin əylənmələri üçün hər cür şəraiti olan park və bağlar çoxdur. Heydər Əliyevin, Nəriman Nərimanovun, Səməd Vurğunun adını daşıyan parklar bunlara misaldır. Azərbaycanın qəhrəman və şəhid övladı olan İsmət Qayıbovun adını daşıyan park da bunlardan biridir. 
Şirvanın “Köhnə şəhər” adlanan yaşayış massivində yerləşən bu park bu şəhərdə birincilərdən olmaqla kövrək xatirələrə söykənir. Çünki Şirvanın - keçmiş Əli Bayramlı şəhərinin bünövrəsi hesab edilən köhnə şəhər indi olduğu kimi belə sakit, gəliş-gedişsiz deyildi. Bütün inzibati və xidmət idarələrinin – şəhər partiya komitəsinin, icraiyyə komitəsinin, polisin, prokurorluğun, ticarət və iaşə müəssisələrinin yerləşdiyi bu ərazidə insanlar daha çox yaşayırdılar. Əvvəllər Leninin adını daşıyan bu park da onların çox sevdikləri istirahət yeri idi. Kürün sahilində yerləşən bu parka bulvar deyənlər də tapılardı. Xeyli hündür qarağac, göyrüş, şam, qovaq, tut, çinar ağaclarının, ancaq təbii gül kollarının yaratdığı mənzərə bura xüsusi bir gözəllik verir. Sovet İttifaqı Qəhrəmanı Şirin Şükürovun büstünün qoyulduğu bu parkda Kür çayını keçməklə Bayramlı qəsəbəsinə tələsən insanları aparan köhnə qayıq dayanır. O vaxtdan qalan rəqs meydançası indi də öz “sakinlərini” gözləyir. Gecələri daha gözəl olan bu parkda körpələrin əylənmələri üçün şərait də var. İndi sakinlərinin böyük əksəriyyəti Təzə şəhər massivində yaşayan Şirvan şəhərinin ən çox sevilən məkanıdır bu park. Ona görə də burada indi də müxtəlif tədbirlər, görüşlər keçirilir. İndi baba olanların ilk görüş yeri olub bu park həm də...

Şəhər yaşıllığı ilə gözəldir

Ən müxtəlif sahələrə birlikdə baş çəkəndən sonra Şirvan Şəhər İcra Hakimiyyəti Yaşıllaşdırma Təsərrüfatı İdarəsinin rəisi Ələddin Hacıyevlə elə bu parkda bir stəkan çay içməyi qərarlaşdırdıq. Hündür ağacların kölgəsində qoyulmuş çay dəstgahı deyəsən lap yerinə düşmüşdü: “Allah köməyin olsun, mən də bu parkda çay içərəmmiş. Nə vaxtdır bir yerdəyik, ancaq çay heç ağlıma gəlmirdi. Çünki bağlarda, parklarda, təbiətin qoynunda oturub istirahət edilən vaxt bizim “qaçdı-qovdu” vaxtımızdır. Başqa cür mümkün deyil. Bu istidə ağaclar birtəhər dözər, ancaq yaşıl örtüklər, qazonlar bircə gün su görməsə, yanıb kül olarlar. Su xətlərimiz, nasosxanalarımız, su maşınları yaya tam hazır olmalıdır ki, istinin tüğyan etdiyi vaxtlarda yaşıllığı kül olmaqdan qoruyaq. Su xətləri olmayan ərazilərdəki ağacları, gül kollarını maşınla suvarırıq. Qurumuş ağacları, otları sahələrdən təmizləmək lazımdır ki, yanğına şərait yaradılmasın. Elə ərazilər var ki, gündə 2 dəfə suvarırıq, çünki torpaq qumsal olduğu üçün suyu saxlamadığından nəmlik yaranmır. Hər parkın, hər bağın özünün briqadası, xidməti işçiləri var. Şəhərimizin girişindəki Bayraq meydanını işinə daha məsuliyyətli Əli Gülməmmədova həvalə etmişik. Şəhərin əsas və baş meydanının yaşıllıq və səliqə-sahmanına Vaqif Məmmədovun briqadası cavabdehdir. Yorulmaq bilməyən Ələddin Həsənov S.Vurğun parkının əsgəridir. Yadımda ikən bir amili də deyim, Şirvan şəhərində susuzluğa davamlı sərv, şam ağacları ilə birlikdə zeytun ağacı da əkmişik. Bu ağac da susuzluğa davamlı olmaqla bərabər gözəl də bar verir. Yaxın vaxtlarda biz o bağlardan 10 tona yaxın zeytun yığacağıq. Belə, bir azdan payız, qış başlayacaq. Onda da kövrək ağacları gərək qardan, soyuqdan qoruyasan, sahələri də qırılmış ağaclardan təmizləyəsən. Bir sözlə, işimiz həmişə var, ancaq isti yay günlərində daha çoxdur. Bu vaxtlar xidməti işçilərə rəsmi olaraq əlavə iş saatı ayırırıq ki, şəhərimizin yaşıl örtüyünü qoruya bilək. Getsək yaxşıdır, deyəsən su maşınlarından biri xarab olub”...
Günün yandırıb-yaxdığı bir vaxtda iş beləcə başlayır, beləcə davam edir, beləcə də sona yetir. Yay isə hələ təzə başlayıb.

Səxavət Məmmədli

 

 

шаблоны для dle 11.2

Xəbər lenti
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
2 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
1 06 2025
31 05 2025