Sosial (5-03-2015, 20:09)
Şirvan–Salyan avtomobil yolunun tikintisi niyə yubanır?
69 saylı Yol Tikinti İdarəsinin sahə rəisi: “Yaxın vaxtlarda ayrılacaq əlavə vəsait hesabına işlərimiz daha da sürətlənəcək”
Son vaxtlar Azərbaycanda yol infrastrukturunun genişləndirilməsinə ayrılan diqqət və maddi vəsaitlər yetərincədir. İstər beynəlxalq, istər yerli əhəmiyyətli, istərsə də kəndlərarası yolların əsaslı və cari təmiri, yaxud yenidən inşası insanların iqtisadi və sosial şəraitini şərtləndirən əsas amillərdən biridir. Bu, həm də müxtəlif mahiyyətləri ehtiva edən real əlaqələrin daha müasir formada inkişaf etdirilməsidir.
Salyan-Şirvan avtomobil yolunun əsaslı təmir olunmasına ehtiyac bu gün daha real, daha aktualdır. Bu yolun 31 kilometri istifadə üçün yararsız olduğundan yerli sakinlərin, eləcə də buradan istifadə edənlərin haqlı narazılığına səbəb olub. Salyan rayonunun 10,12 min əhalisi olan Qarabağlı və Xələc kəndləri ilə bərabər xeyli sakini olan Kərimbəyli, Pambıqkənd, Bəşirbəyli, Yolüstü, Qaraçala, Qırxçıraq və digər kəndlərin nümayəndələri bu yolun yararsızlığından gündəlik qayğılarını lazımınca həll edə bilmirlər. Nəzərə alsaq ki, bu avtomobil yolundan hər gün Bakıya, Gəncəyə, Lənkərana və digər şəhər və rayonlara sərnişin və yük maşınları keçir, vəziyyət daha aydın olar.
Bir neçə gün əvvəl yağan güclü qardan sonra yolda daha böyük çətinliklər yaranmışdı. Qarabağlı kəndindən keçən 2,5 kilometr uzunluğundakı bu yolu dəf etmək kiçik minik maşınları üçün elə də asan deyil. 10 kilometri Salyan Rayon Yol İdarəsinə, 21 kilometri Şirvan Yol İdarəsinə aid olan Şirvan–Salyan yerli əhəmiyyətli avtomobil yolu bu gün çətin anlarını yaşayır. Bir neçə il əvvələ qədər Şirvan Yol İdarəsi burada vaxtaşırı cari təmir işləri aparsa da, vəsaitin olmaması səbəbindən bu işlər də dayandırılıb.
Nəhayət, 2013-cü ildə Salyan-Şirvan avtomobil yolunun əsaslı təmir olunması üçün Nəqliyyat Nazirliyinə ilkin olaraq 1 milyon manat vəsait ayrılmışdı. Bu vəsait hesabına yolda xeyli iş də görülüb. Belə ki, magistral yolun müxtəlif hissələrində torpaq qatı yenilənib. Burada tikinti işləri aparan “Azəryolservis” ASC-nin 69 saylı Yol Tikinti İdarəsi yolun 5 kilometrini asfaltlanmağa tam hazır vəziyyətə gətirə bilib. Salyan rayonunun Qaraçala kənd ərazisində 35-40 min kub metr çınqıl daş, tikinti bərkitmə üçün yararlı olan qumlu material tədarükü başa çatdırılıb. Müxtəlif texniki yoxlamalardan keçirilmiş bu materiallar yolun torpaq qatının yenilənməsində mühüm rol oynayacaq. 69 saylı Yol Tikinti İdarəsinin sahə rəisi, Şirvan–Salyan avtomobil yolunun tikintisinə məsul şəxs olan Akif Həsənov bildirir ki, yol tikintisi ilə bağlı heç bir problem yoxdur. Onun sözlərinə görə, ilkin olaraq ayrılmış vəsait hesabına kifayət qədər material ehtiyatı tədarük edilib: “Yolun sakinlər tərəfindən daha çox istifadə edilən hissələrində - kəndarası yollarda torpaq bərkitmə işləri də görülür. Körpülərin, suötürücü qurğuların təmiri, yenidən qurulması üçün layihə-smeta sənədləri də artıq hazırdır. Burada istifadə edilən müxtəlif texnikalar, maşın-mexanizmlər də saz vəziyyətdədir. Yaxın vaxtlarda ayrılacaq əlavə vəsait hesabına işlərimiz daha da sürətlənəcək. Biz sakinlərin, bu yoldan istifadə edənlərin, ələlxüsus da yol kənarındakı evlərin narahatlığını başa düşürük. Qışda palçıq, yayda toz-duman olan bu yoldan keçmək elə də asan deyil. Ancaq onlar da bilirlər ki, yol tikintisi xeyli vaxt və vəsait tələb edir. Sakinlərdən və bu yoldan istifadə edənlərdən bir az səbirli olmağı xahiş edirik”.
İdarənin işçiləri Azər Xəlilov, Tərxan Abdullayev və digərləri bildirirlər ki, yol tikintisində çalışan bütün işçilər öz ixtisaslarını bilən işgüzar inşaatçılardır. Salyan-Şirvan avtomobil yolunun tikintisində də hər şey öz axarı ilə davam edir və yaxın vaxtlarda daha da sürətlənəcək. Qarabağlı, Qaraçala, Pambıqkənd və digər kəndlərin sakinləri də bu yolun çəkilişində, əlbəttə, maraqlıdırlar. Onlar mənəvi dəstəkləri ilə də tikinti işçilərinə hər an kömək etməyə hazır olduqlarını söyləyirlər. Təki bu yolun çəkilişi məsələsi yaxın vaxtlarda həllini tapa bilsin.
Səxavət Məmmədli
