Xatırladaq ki, ötən ilin sentyabr-oktyabr aylarında bir sıra tanınmış sənət adamları – müğənni Nura Suri, xanəndələr Pərviz Qasımov və Almaxanım Əhmədli, şair Vüqar Əhməd və kamança ifaçısı Şəhriyar Musayev – Mənzər Nurəliyevanın fəaliyyəti ilə bağlı ciddi narazılıqlarını ifadə etmişdilər. Onlar bildirmişdi ki, Nurəliyeva onlara qarşı qərəzli münasibət sərgiləyib, təşkil olunan mədəniyyət tədbirlərinə dəvət etməyib, hətta bəzi hallarda onlardan açıq və ya dolayı formada rüşvət tələb olunub.
Məsələ ilə bağlı açıqlama verən şair Vüqar Əhmədin sözləri isə vəziyyətin təxmin edildiyindən daha ciddi olduğunu göstərib.O, açıqlamasında bildirib: “Mənzər xanımda bütün istedadlılara qarşı qısqanclıq var. O, xalq musiqisi oxuyanlara qarşı düşməndir. Mənzər bütün sənət adamlarını qəsdən dövlətdən narazı salır. Mən naziri qınamıram, onun Mənzərə gücü çatmır, çatsaydı, onu çoxdan postundan uzaqlaşdırardı”.
Sənət cameəsinin üzdə olan nümayəndələrinin bu dərəcədə açıq və sərt ittihamlarla çıxış etməsi cəmiyyətin diqqətini çəkmiş və Mədəniyyət Nazirliyini araşdırma aparmağa vadar etmişdi. Sənətçilər məsələ ilə bağlı nazirliyə dəvət olunduqlarını və izahatlarının alındığını demişdi.
Lakin sonradan nazirliyin araşdırmasının nəticəsi haqqında ictimaiyyətə hər hansı məlumat verilmədi. Bununla bağlı nə nazirliyin rəsmi saytında, nə də mediada hansısa məlumata rast gəlmək mümkün deyil.
Ekspertlər bildirir ki, əgər nazirliyin bir sektor müdiri ilə bağlı kütləvi ciddi ittihamlar ortaya çıxır və uzun müddət ərzində heç bir rəsmi reaksiya verilmirsə, bu həmin dövlət qurumunun öz reputasiyası və idarəetmə imkanları ilə bağlı ciddi suallar doğurur.
Təəssüf doğuran digər məqam isə ondan ibarətdir ki, Mədəniyyət nazirliyi jurnalistlərin mövzu ilə bağlı sorğularından da yayınır.
Bu isə yalnız məsuliyyətdən yayınma cəhdi deyil, eyni zamanda ictimaiyyətdən gizlətməyə çalışılan daha dərin problemlərin mövcudluğuna işarədir.(editor.az)
Yaranmış vəziyyətlə bağlı yenidən nazirliyin mövqeyini öyrənməyə çalışacağıq.