Sosial (18-06-2015, 11:13)
Yardımlı rayonu ölkəmizin modern inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir
Ölkəmiz daha bir ilkə imza ataraq adını qızıl hərflərlə tarixə yazır. Qürurvericidir ki, Birinci Avropa Oyunları kimi tarixə düşən böyük idman bayramı doğma Bakımızda həyata vəsiqə alır. Dünya tarixində ilk dəfə təşkil olunan Birinci Avropa oyunlarının ölkəmizdə keçirilməsi Ulu Öndərimiz Heydər Əliyevin siyasi varisi möhtərəm cənab Prezidentimiz İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanımızın beynəlxalq miqyasda qazandığı nüfuzun, əldə etdiyi uğurların məntiqi nəticəsidir – bu həqiqəti Qurtuluş Günü ilə əlaqədar keçirilən ümumrayon tədbirində təsdiqləyən Yardımlı rayon İcra Hakimiyyətinin Başçısı cənab Sevindik Hətəmov həmin tədbirdə çıxıında Azərbaycanın ictimai-siyasi və idman tarixinə şanlı səhifə açan “Bakı-2015” I Avropa oyunlarının açılış mərasiminin Qurtuluş günü ərəfəsinə təsadüf etməsinin xalqımızın, o cümlədən, yardımlıların bayram əhval ruhiyyəsini artırdığını və ovqatını daha da yüksəltdiyini qeyd etmişdi.
Yardımlı vətəndaşları rayonun tərəqqisinə mühüm töhfələr vermişlər
Yardımlıların isə bayramları yüksək səviyyədə qeyd etməyə haqları çoxdur. Rayon ölkəmizin modern inkişaf etmiş əyalətlərindən birinə çevrilməkdədir və Yardımlı vətəndaşları bu tərəqqiyə əhəmiyyətli töhfələr vermişlər. Belə ki,cənab Sevindik Hətəmovun rəhbərliyi altında 2015-ci ilin ötən dövründə rayonda tikinti-abadlıq-quruculuq işləri, yerli əhəmiyyətli avtomobil yollarının təmiri, binaların müasir üslubda tikintisi və digər infrastruktur layihələrinin icrası sürətlə həyata keçirilmişdir. Rayonda bütün köhnə tikililər müasir və yeniləri ilə əvəz olunur. Şəhərin bütün ərazilərində tikintilər davam etdirilir və binalar müasir zövqlə inşa olunur. Əvvəllər tam boş sahə olan şəhərin Nizami küçəsində olan “Biləzəmi” adlanan ərazi yeni tikililər üçün ayrılmışdır. Rayonun genişləndirilmiş layihə planında bu ərazidə idarə və müəssisələr üçün müasir inzibatı binaların tikintisi nəzərdə tutulmuşdur.
Əhalinin elektrik enerjisi, rabitə, qaz və içməli su ilə təmini yüksək keyfiyyətlə həyata keçirilmişdir. Rayon İcra hakimiyyəti Başçısı yanında yaradılmış qərargah öz işini operativ şəkildə qurmuş və bu sahələrdə baş vermiş qəzaların vaxtında aradan qaldırılması üçün tədbirlər görülmüşdür.
Rayonun dinamik inkişafı, əhalinin sosial vəziyyətinin yaxşılaşması, sahibkarlığın inkişafı və yeni iş yerlərinin açılması iqtisadi göstəricilərin də artmasına səbəb olmuşdur. Əhalinin sosial müdafiəsi, aztəminatlı ailələrə qayğı göstərilməsi diqqətdə saxlanılan ən vacib məsələlərdən biri olmuşdur.
Əhalinin sosial müdafiəsi tədbirləri gücləndirilir
Təcrübəli mütəxəssis Zamin Əliyevin rəhbərlik etdiyi Dövlət Sosial Müdafiə Fondunun Yardımlı rayon Şöbəsi də fəaliyyətini günün tələbləri səviyyəsində qurur, sosial müdafiəyə ehtiyacı olan Yardımlı vətəndaşlarına yüksək səviyyədə xidmət göstərir. Bu qəbildən olan insanlar şöbənin xidmətindən razılıqlarını bildirirlər.
DSMF Yardımlı rayon şöbəsində öz hesablarını elektron formada təqdim etməkdə çətinliklə üzləşən xırda sahibkarlara və torpaq mülkiyyətçilərinə kömək məqsədilə “Yardım masaları” fəaliyyət göstərir. Vətəndaşların gələcək pensiya təminatında, şəffaflığın təmin olmasında mühüm rola malik olan “Sığortaolunanlara məlumatların verilməsi” adlı müasir məlumatlandırma sistemi tam istifadəyə verilib. Bu xidmət vasitəsilə istənilən sığorta olunan onun üçün sığortaedən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və öz pensiya kapitalına, həm də işəgötürənin onun üçün əmək haqqına uyğun sosial sığorta haqqı köçürdüyünə nəzarət etmək imkanı qazana bilər.
Yardımlının yaxın illərdə gəlirlərinin dahada artacağı proqnoz edilir
Rayonda dövlətin maliyyə siyasəti dürüst həyata keçirilir, büdcə vəsaitlərinin proqnozlaşdırılması və icrasının, yerli xərclərin tərtibinin və xəzinə əməliyyatlarının düzgünlüyü təmin olunur. Rayon Maliyyə İdarəsinin rəhbərliyi ilə maliyyə nəzarətini həyata keçirən mütəxəssislər yerlərdə büdcə uçotunun təlimata uyğun aparılması sahəsində mühasiblərlə maarifləndirmə işləri aparılar. İdarə, müəssisə və təşkilatlar maliyyə intizamına riayət edir, israfçılığa yol verilməməsi üçün Maliyyə İdarəsindən aldıqları tövsiyələrə əməl edirlər. İdarə müdiri,maliyyə mütəxəssisi Malik Abışov nikbinliklə proqnoz edir ki, yaxın illərdə Yardımlı rayonunun inkişafı o səviyyəyə çatacaq ki, yerli xərclər elə yerli gəlirlər hesabına maliyyələşəcək.
Aztəminatlı təbəqələrin qayğıları gündəlik nəzarətdə saxlanılır
2014-cü ilin birinci yarısında əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsini gücləndirmək istiqamətində Azərbaycan Respublikası Prezidentinin Fərman və Sərəncamlarının hökumət qərarlarının yerinə yetirilməsi sahəsində Yardımlı rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi müəyyən işlər görmüşdür. Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzi sosial müavinətlərin, uşağın doğulmasına görə birdəfəlik müavinətlərin, Çernobıl əlillərinə, Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş və sosial adaptasiyaya ehtiyacı olan şəxslərə birdəfəlik pul müavinətləri, dəfn üçün müavinətlər, şəhid ailələrinə, müharibə əlillərinə, Prezident təqaüdünün təyinatı və ödənilməsi vaxtlı-vaxtında həyata keçirilir. Aztəminatlı təbəqələrin, əlil və şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, pensiya və müavinətlərin əhaliyə vaxtında çatdırılması, sosial yardıma ehtiyacı olan insanların müəyyənləşdirilməsi gündəlik nəzartdə saxlanılan məsələlərdən olmuşdur.
Keçən il bütün sosial müavinətlərin, təqaüdlərin plastik kartla bankomatlar vasitəsilə ödənişi təmin edilmişdir. Mərkəzin yeni rəhbərliyi əhali arasında, inzibati ərazi vahidliklərində sosial yardımın alınması üçün müraciət edilməsi, onun təyin olunması və imtina sənədlərinin vətəndaşlara tam izah edilməsini təşkil etmişdir.
Təhsilin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər həyata keçirilmişdir
Təcrübəli pedaqoq Manaf Səmədzadənin rəhbərlik etdiyi rayon təhsil şöbəsinin tabeçiliyində olan ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması istiqamətində müəyyən tədbirlər həyata keçirilmiş, şagirdlər rayon və respublika səviyyəli turnirlərdə, bilik yarışlarında, müsabiqələrdə iştirak edərək bir sıra nailiyyətlərə imza atmışlar. 2014-2015-ci tədris ilində Elnur Əlizadə məktəbi qızıl medalla bitirərək 695 balla ali məktəbə qəbul olmuş və Prezident Təqaüdçüsü adını qazanmışdır. Çayüzü kənd tam orta məktəbi “İlin ən yaxşı məktəbi” müsabiqəsinin, şəhər 1 N-li tam orta məktəbinin müəllimi Aygün Şabiyeva isə “İlin ən yaxşı müəllimi” müsabiqəsinin qalibi olmuşdur. Ostayır kənd tam orta məktəbinin müəllimi Mehdi Həsənov möhtərəm Prezidentimizin Fərmanı ilə “Tərəqqi” medalına layiq görülmüşdür.
Azərbaycan Respublikası Prezidentinin tapşırığına əsasən rayonun yuxarı sinif şagirdləri, xüsusilə təhsil sahəsində fəallıq göstərmiş gənclər “Qlkəmizi tanıyaq“ şüarı altında keçirilən tur-aksiyada fəal iştirak etmış və onlar Naxçıvan şəhərində olaraq qədim diyarla tanış olmuşlar. Belə tur-aksiyada rayonun 8 nəfər şagirdi iştirak etmişdir.
Əhaliyə tibb xidmətinin göstərilməsində irəliləyişə nail olunmuşdur
Azərbaycan Respublikasının Prezidenti Möhtərəm İlham Əliyev cənablarının tapşırığına əsasən əhalinin dispanserizasiyası tədbirləri Rasim Əkbərovun rəhbərlik etdiyi Yardımlı Mərkəzi Rayon Xəstəxanasında uğurla icra edilmişdir. Rayon İcra Hakimiyyətində əhalinin sağlamlığının qorunmasına yönələn bu mühüm aksiyanın yüksək səviyyədə keçirilməsi üçün xüsusi komissiya yaradılmış, ayrı-ayrı yaşayış məntəqələri, idarə, təşkilat və müəssisələr üzrə qrafik tərtib olunmuşdur.Tibbi müayinələrin keçirilməsi üçün rayon mərkəzi xəstəxanasında ciddi hazırlıq işləri görülmüş, xəstəxana bütün lazımi avadanlıqlarla təchiz edilmişdi. Burada əhalinin kütləvi dispanserizasiyasının yüksək səviyyədə aparılması üçün hər cür şərait yaradılmışdı.
Əhali yüksək ixtisaslı, təcrübəli həkimlər, tibb işçiləri tərəfindən hərtərəfli tibbi müayinədən keçirildi. Rayon Mərkəzi Xəstəxanasının kollektivi bununla bağlı üzərinə düşən vəzifəlari layiqincə yerinə yetirmək üçün səylə çalışmış, üzərinə düşən vəzifələrin öhdəsindən layiqincə gəlmişdir. Tibbi müayinələr nəticəsində xəstəlik aşkar edilən şəxslər nəzarətə götürülmüş və onların müalicəsi təşkil olunmuşdur.
Tibbi müayinədən keçən rayon sakinləri yaradılan şəraitdən, işin təşkilindən razı qaldıqlarını, əhalinin sağlamlığına göstərilən yüksək diqqət və qayğıya görə ölkə Prezidenti cənab İlham Əliyevə minnətdarlıqlarını bildirmişlər..
Əhalinin kütləvi şəkildə tibbi müayinədən keçirilməsi may ayının 1-dək uğurla başa çatdırılmışdır.
Uğurların sırası 2015-ci ilin qalan ikinci yarısında da davam edəcəkdir
"Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın əsas məqsədi ölkədə qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın diversifikasiyası, regionların sürətli inkişafı istiqamətində tədbirlərin davam etdirilməsi, xüsusi ilə kəndlərin inkişafı ilə bağlı infrastrukturun və sosial xidmətlərin daha da yaxşılaşdırılmasından ibarətdir. Dövlət Proqramında müəyyən edilmiş məqsədə nail olmaq üçün regionlarda infrastruktur təminatının, o cümlədən əhalinin kommunal xidmətlərlə təminatının daha da yaxşılaşdırılması, ixracyönümlü və rəqabətədavamlı məhsul istehsalı istiqamətində sahibkarlığın inkişafının sürətləndirilməsi, əhalinin, xüsusi ilə kənd əhalisinin məşğulluq səviyyəsinin artırılması və yoxsulluğun səviyyəsinin azaldılması istiqamətində tədbirlərin davam etdirilməsi kimi mühüm vəzifələrin yerinə yetirilməsi nəzərdə tutulur ki, onların da icrasına Yardımlı rayonunda artıq bir ildir ki, uğurla başlanılmışdır. Bütün müşahidə olunanlar belə deməyə əsas verir ki,hörmətli Sevindik Hətəmovun rəhbərliyi altında uğurların sırası 2015-ci ilin qalan ikinci yarısında da davam edəcəkdir.
