Sosial / Slayd (19-05-2015, 23:07)
Xətainin icra başçısı ağaclara ona görə qənim kəsilib ki... - Başçı ittiham olunur
Artıq neçə müddətdir ki, ölkə mətbuatında, o cümlədən bizim qəzetin səhifələrində paytaxtın Xətai rayonu ərazisində torpaq satışı məqsədilə yaşıllıqların kütləvi şəkildə məhv edilməsinə dair materiallar dərc olunmaqdadır. Həmin materiallardan birində rayonun Məhəmməd Hadi küçəsi 229-243 ünvanında yerləşən ərazidə, “Finca” BOKT-nin bilavasitə yaxınlığında yeni binanın inşası ilə bağlı açıqlamalar təqdim olunmuşdu. Materiala əlavə olunmuş fotoşəkillərdə də həmin ərazidə bir müddət əvvəl yaşıllığı ilə göz oxşayan sağlam ağacların, hal-hazırda isə boz torpaq üzərində ucaldılan obyektin monolit beton sütunlarının görüntüləri əks olunmuşdu. Biz həmçinin qeyd etmişdik ki, bütün bu baş verən “yaşıl soyqırım” aktlarında əsas məsuliyyət birbaşa Xətai Rayon İcra Hakimiyyətinin başçısı Razim Məmmədovun üzərinə düşür. Yayımlanan digər bir məlumatda isə rayonun İnqilab İsmayılov küçəsində 60 sot ərazinin 4.5 milyona satıldığı, həm də bu məbləğdən daha üç yüksək mənsəbli məmurun pay götürdüyü haqda iddialar yer almışdı. Məlumatlara görə İnqilab İsmayılov küçəsi 3, 4 və 5-ci binalarının yaxınlığında 20-30 illik şam və küknar ağacları gecəyarısı kəsilirdi. Daha sonran məlumatlarda yaşıllıqları məhv edilib satılan torpaq sahələrinin qiymətinə dair maraqlı açıqlama da təqdim olunmuşdu. Bu xüsusda mənbə bildirmişdi ki, Xətai RİH-nin rəhbərliyi ərazidə torpaq sahələrini sotla deyil, kvadrat metrlə satır və 1 kvadrat metrin qiyməti 3 min manatdan başlayır. Həmçinin ötən materialda biz artıq göstərmişdik ki, Məhəmməd Hadi küçəsi 229-243 ünvanında baş verən “yaşıl soyqırım”ın törədilməsində əli olan şəxs maklerlik fəaliyyəti ilə məşğul olan bir nəfərdir. Mənbələr bildirmişdilər ki, həmin şəxs yalnız bahalı sövdələşmələrdə vasitəçilik edir və eyni zamanda da rayonun istənilən ərazisində torpaq sahələri üçün Rayon İcra Hakimiyyətindən müvafiq sənədlərin alınmasını təmin edir. Bu xüsusda aldığımız yeni məlumatda isə dərc etdiyimiz açıqlamaya müəyyən düzəlişlər verilib. Mənbə bildirir ki, icra hakimiyyətinə 7/24 giriş-çıxışı olan bu maklerlərin sayı əslində dörddür. Həm də adları Teymur, Fizuli, Emin və Novruz olan bu şəxslər təkcə torpaq satışı və ağac kəsimlərinə “icazə” alınması ilə məşğul olmurlar. İddiaya görə Xətai RİH-lə bağlı bütün pullu işlər məhz bu maklerlərin vasitəsilə həyata keçirilir. Bununla belə ehtimal etmək olar ki, rayonda hətta ağac və digər bitki örtüyündən “təmizlənərək” satılması mümkün olan bütün ərazilər də artıq tükənmək üzrədir. Belə ki, daxil olan məlumatlarda Xətai RİH tərəfindən artıq metronun “Əhmədli” stansiyasının yaxınlığında yerləşən qəbirstanlığın da ərazisinin kommersiya məqsədləri ilə satışa çıxarıldığı bildirilir. İddiaya görə bir müddət əvvəl məhz bu ərazidən alınmış torpaq sahələrində dörd mağaza da tikilib istifadəyə verilmişdir. Göründüyü kimi Razim Məmmədov rəhbərlik etdiyi rayonda sahibkarların “maraqlarının təmin olunması” yönümündə bütün imkanları səfərbər etməyə hazırdır. Yetər ki, bu maraqlar RİH rəhbərliyinin də maraqları ilə uzlaşsın. Bu uzlaşma isə qeyd etdiyimiz kimi, məlum maklerlərin səyləri ilə təmin edilir. Təəssüflər olsun ki, Razim Məmmədov öz imkanlarını sadə rayon sakinlərinin, ən azından əlil və imkansız vətəndaşların problemlərinin həllinə səfərbər etmir. Xatırlayırsınızsa, bir müddət əvvəl Xətai rayonunda Qarabağ qazisi Nahid Əliyev də qarşılaşdığı problemlər səbəbindən intihara cəhd etmişdi. Amma əslində bu kimi hallar məhz elə korrupsioner məmurların və onların əlaltılarının xeyrinədir. Çünki hər dəfə Nahid Əliyev kimi ləyaqətli oğullarımızdan biri bu dünyadan gedərkən, Teymur, Fizuli, Emin və Novruz kimi maklerlərin yeri bir az da genəlir.