Məlum olduğu kimi Hesablama Palatası 2025-ci il üzrə İş Planına müvafiq olaraq Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində və tabeli qurumlarda dövlət vəsaitlərindən və digər dövlət əmlakından istifadə olunmasına dair uyğunluq auditi aparıb. Kənar dövlət maliyyə nəzarəti tədbiri ilə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddət əhatə olunub.
Hesablama Palatasının bir neçə gün öncə bununla bağlı yaydığı məlumatlarda bildirilir ki, “Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi bir qayda olaraq zəruri ilkin sənədlərin rəsmiləşdirilməsini aparmadan, o cümlədən torpaq sahəsinin ünvanı və fermerin rekvizitləri əks etdirilmədən, fermerin sifarişinin şərtlərini tənzimləyən hər hansı təsdiqedici sənəd olmadan, fermerin maliyyə-təsərrüfat əməliyyatına aidiyyəti olmayan yerli icra hakimiyyətlərinin, bələdiyyələrin və s. nümayəndələri qeyd olunan aktlar tərtib edərək bitki mühafizəsi və fumiqasiya tədbirlərinə sərf olunması qismində ümumilikdə 1 milyon 526,6 min manat dəyərində sink fosfidin və digər pestisidlərin uçotdan silinməsinə yol verilib. Analoji hallar LESM-i üzrə də baş verib, analizlərin aparılmasına sərf olunması qismində 2023-cü ildə anbardan 362,9 min manat dəyərində reaktivlər məxaric edib, həmin reaktivlərin 2023-cü ildə silgisinə dair ümumiyyətlə uçot aparılmayıb, 2024-cü ildə isə silgisi ümumi şəkildə rəsmiləşdirilməklə 231,1 min manat dəyərində reaktivlər uçotdan silinib.”
Aktualinfo.org Hesablama Palatasının yaydığı bu məlumatlar ətrafında araşdırma aparmaşdır. Bəs Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi tərəfindən pestisidlərin satın alınması üzrə keçirdiyi tenderlərdə qalib seçdiyi, işbirliyində olduğu şirkətlər hansılardır?
Aqrar Xidmətlər Agentliyi alüminium fosfidin satınalınması üzrə 88.352,5 manat məbləğində satınalma müqaviləsini 06.12.2024-cü ildə “EMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlayıb.
Aqrar Xidmətlər Agentliyinin tabeliyində olan Bitki Mühafizəsi və Fumiqasiya (zərərsizləşdirmə) Mərkəzi üçün pestisidlərin satın alınması üzrə 438.913 manat məbləğində satınalma müqaviləsini 19.07.2024-cü ildə “EMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanılıb.
Pestisidlərin satın alınması üzrə 286.628 manat məbləğində satınalma müqaviləsini 16.11.2023-cü ildə “EMA” Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanılıb.
Qeyd edək ki, Aqrar Xidmətlər Agentliyinin “EMA” Qapalı Səhmdar Cəmiyyəti ilə işbirliyi daha əvvəllər də olub. “Pestisidlərin” satınalınması üzrə 867.545 manat dəyərində bir müqavilə tərəflər arasında 29.07.2022-ci ildə, 1.009.355 manat dəyərində bir müqavilə isə 11.11.2021-ci ildə bağlanılıb.
Göründüyü kimi Aqrar Xidmətlər Agentliyi “EMA” Qapalı Səhmdar Cəmiyyəti ilə uzun müddətdir işbirliyindədirlər. Maraqlıdır, Hesablama Palatasının sözügedən agentlikdə 01.01.2023-cü il tarixindən 01.01.2025-ci il tarixinə qədər olan müddəti əhatə edən audit yoxlamasında aşkar etdiyi nöqsanlarda “EMA” Qapalı Səhmdar Cəmiyyətinin də payı varmı, varsa nə qədərdir?
Xatırladaq ki, hələ 2018-ci ildə Saatlı, Tərtər, İmişli, Yevlağ, Ağdam rayonlarında, pambıq sahələrində kütləvi zəhərlənmə hadisələri baş vermişdir. Həmin zaman pambıq sahələrində yüzlərlə pambıqçı keyfiyyətsiz pestsidlərdən zəhərlənmişdilər. Hadisədən dərhal sonra ölkə başçısının tapşırığına əsasən zəhərlənmiş şəxslərin müalicəsi nəzarətə götürülmüş, zəhərlənmənin səbəblərinin araşdırılması məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı, Səhiyyə və Ekologiya və Təbii Sərvətlər nazirliklərindən ibarət komissiya rayonlara ezam edilmişdilər. Həmin dövr Kənd Təsərrüfatı naziri İnam Kərimov mediaya açıqlamasında bildirmişdi ki, pambıq sahələrində baş verənlərlə bağlı Baş prokurorluq tərəfindən cinayət işi başlanılıb, hadisənin əsl səbəbi araşdırılır.
Qeyd edək ki, həmin dövrdə Kənd Təsərrüfatı Nazirliyinə tabeli “Ağrolizing” ASC ilə işbirliyində olan şirkətlərdən birinin də “EMA” Qapalı Səhmdar Cəmiyyəti olduğu bildirilirdi. Həmin vaxt pambıq sahələrində baş verənlərlə bağlı Baş prokurorluq tərəfindən başlanılmış cinayət işində “EMA” MMC-nin direktoru Ədülhüseyn Abdullayevin də cinayət məsuliyyətinə cəlb edilməsi barədə məlumatlar yayılmışdı. Lakin sonradan Ədülhüseyn Abdullayev cinayət məsuliyyətindən müəmmalı şəkildə yaxa qurtara bilmişdi.
Qeyd etdiyimiz kimi “EMA” MMC artıq iyirmi beş ildən çoxdur ki, bu sahədə fəaliyyət göstərir. Şirkətin direktoru Ədülhüseyn Abdullayev bu müddət ərzində çox böyük sərvətə sahib olmaqla yanaşı, həm də geniş əlaqələr yarada bilib. Bu əlaqələr nələrdən ibarətdir. Məsələn verilən məlumatlara görə “EMA” şirkəti Kənd Təsərrüfarı Nazirliyinin gübrələrin və pestisidlərin alınması üçün elan etdiyi tenderlərdə daim qalib olmaqla xeyli gəlir əldə edir. Artıq bir neçə Kənd Təsərrüfatı nazirinin dəyişməsinə rəğmən Əbdülhüseyn Abdullayevin işini uğurla davan etdirməsi zənnimizcə heç də təsadüf deyil. Çünki, Əbdülhüseyn Abdullayevin daim “əl əli yuyar, əl də üzü” prinsipi ilə işləməsi heç kimə sirr deyil.
Aktualinfo.org