Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Sosial (5-11-2023, 09:27)
İcra hakimiyyətlərinin büdcəsi nə qədər böyükdürsə... - qapalılıq da bir o qədər çoxdur

İcra hakimiyyətlərinin büdcəsi nə qədər böyükdürsə...
İctimai vəsaitlərin xərclənməsində qeyri-şəffaflığın yüksək olduğu Azərbaycanda hesabatlılıq problemi getdikcə dərinləşir. Bu proses yerli icra hakimiyyətləri ilə bağlı daha sürətlə gedir. Bir sıra mərkəzi icra strukturları qanunvericiliyin tələblərinə müəyyən qədər əməl edərək, xərcləmələri barədə məhdud da olsa, məlumat açıqlayırlar, lakin yerli icra hakimiyyətləri ilə bağlı bunu görmək, demək olar ki, mümkün deyil. Hətta ölkə əhəmiyyətli şəhərlərdə belə icra hakimiyyətinin illik büdcəsinə dair açıq mənbələrdən hər hansı məlumat tapmaq olmur. İcra hakimiyyətlərinin İnternet resurslarında bir qayda olaraq, yalnız ümumi məlumatlar, icra başçısının görüşləri, qəbulları və sair rəsmi tədbirlər barədə məlumatlar yerləşdirilir. Fəaliyyətin maliyyə tərəfləri barədə hər hansı hesabata rast gəlmək mümkün deyil. Halbuki hüquq-mühafizə orqanlarının icra hakimiyyətlərində apardığı həbslərdən sonra açıqlanan məlumatlardan aydın olur ki, onların büdcələri heç də kiçik rəqəmlərlə ifadə olunmur. Həbs olunan icra başçılarının qanunsuz qazanclarının illik həcmi on milyonlarla manatla ölçülür. Bu isə o deməkdir ki, rayon və şəhər icra hakimiyyətlərində kifayət qədər böyük pullar dövr edir…

Bu pulların mənbəyi həm dövlət büdcəsi, həm də şəhər və rayonların yerli gəlirləridir. Son illərdə Azərbaycanın dövlət büdcəsi hazırlanarkən rayon və şəhərlərin əksəriyyətinə birbaşa vəsait ayrılmır. Əsaslandırma isə bu olur ki, yerli gəlirlər xərcləri qarşılamağa imkan verir. Lakin reallıqda rayonların təhsil, səhiyyə müəssisələrinin maliyyələşdirilməsindən tutmuş, pensiya və sosial müavinətlərin ödənişi, yolların çəkilişi, dövlət qurumlarının binalarının tikintisinə qədər bütün xərclər mərkəzi büdcədən maliyyələşdirilir. Yerli icra hakimiyyətlərinin faktiki xərcləri aparatın saxlanması, bir sıra təmir-tikinti işləri və aztəminatlı təbəqələrə yardımların edilməsindən ibarətdir. Onlar həmçinin mərkəzi büdcədən maliyyələşdirilən müxtəlif obyektlərin tikintiləri üzrə sifarişçi qismində çıxış edirlər.

Yerli icra hakimiyyətlərinin maliyyə fəaliyyətinin şəffaflığı baxımından ən pis vəziyyətdə olmasının əsas səbəbi qanunvericilikdə onların maliyyə hesabatlılığına dair tələblərin olmaması, yaxud çox məhdud olmasıdır. Belə ki, icra hakimiyyətlərinin fəaliyyətini tənzimləyən Əsasnamənin 7-ci maddəsində qeyd olunur ki, “Yerli icra hakimiyyətlərinin fəaliyyətinin iqtisadi və maliyyə əsaslarını bu orqanların istifadəsinə verilmiş, yerli icra hakimiyyətinin fəaliyyətini təmin edən və müvafiq ərazinin tələbatının ödənilməsinə xidmət edən, dövlət mülkiyyətində olan əmlak və sərəncamında olan maliyyə vəsaitləri təşkil edir”. Həmçinin əsasnaməyə görə, yerli icra hakimiyyətlərinin idarəçiliyində torpaq sahələri, təbiət obyektləri, maliyyə aktivləri, qeyri-yaşayış binaları, təhsil, mədəniyyət, tibb və idman müəssisələri, müvafiq ərazinin iqtisadi inkişafının, əhalinin kommunal-məişət və sosial-mədəni tələbatının ödənilməsi üçün digər əmlak da ola bilər.

Sənəddə göstərilir ki, yerli icra hakimiyyətlərinin maliyyə mənbələri dövlət büdcəsindən ayırmalardan, büdcədənkənar vəsaitlərdən və qanunla qadağan edilməmiş digər mənbələrdən əldə olunan vəsaitlərdən ibarətdir. Lakin Əsasnamədə yerli icra hakimiyyətlərinin maliyyə fəaliyyətinə dair hesabatlılıqla bağlı hər hansı müddəa yoxdur.

Yerli icra hakimiyyətlərinin maliyyə hesabatlılığına dair müddəalar Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 iyun tarixli 719 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Şəhər və rayonlar üzrə vergi orqanlarının xətti ilə dövlət büdcəsinə nəzərdə tutulan daxilolmalardan büdcə ilinin sonuna artıq daxil olan vəsaitin müəyyən hissəsinin həmin şəhər və rayonların sərəncamında saxlanılması və istifadəsi Qaydası”nda əksini tapıb. Qaydaya əsasən yerli gəlirlərin(müəyyən istisnalar var –red.) proqnozlaşdırılandan artıq hissəsinin 50 faizi yerli icra hakimiyyətlərinə qaytarılır və onların büdcədənkənar fondu hesab olunur. Prezidentin təsdiqlədiyi qaydaya əsasən bu fondun vəsaitinin 25 faizi yerli icra hakimiyyəti orqanları işçilərinin sosial müdafiəsinə, 25 faizi şəhid ailələrinin və aztəminatlı ailələrin sosial müdafiəsinə, 50 faizi isə mədəniyyətin, incəsənətin, turizmin və idmanın inkişafı sahəsində tədbirlərin təşkilinə, həmçinin şəhər və rayon üzrə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılmasına, yaşıllıqların mühafizəsinə və yolların çəkilməsinə sərf olunmalıdır.

Qaydaların yekun müddəalarında qeyd olunur ki, yerli icra hakimiyyəti orqanları büdcədənkənar vəsait üzrə gəlirlər və xərclər smetasının icrası barədə bu Qaydaya əlavəyə uyğun olaraq rüblük hesabat tərtib edir və hər rübdən sonrakı ayın 20-dək aidiyyəti üzrə Maliyyə Nazirliyinə təqdim edirlər: “Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxsləri büdcədənkənar vəsaitin Maliyyə Nazirliyi ilə razılaşdırılaraq təsdiq edilmiş smetaya uyğun xərclənməməsinə və təyinatı üzrə istifadə edilməməsinə görə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə və Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə əsasən məsuliyyət daşıyırlar”.

Göründüyü kimi, bu sənəddə maliyyə hesabatlılığı ilə bağlı məqam olsa da, hesabatın ictimaiyyətə açıqlanmasına dair hər hansı tələb yoxdur.

Lənkəran və Gəncə şəhər icra hakimiyyətlərinin büdcəsi ilə bağlı araşdırmalarımız göstərir ki, büdcə nə qədər böyükdürsə, qapalılıq da bir o qədər çoxdur. Belə ki, Lənkəran rayon İcra Hakimiyyəti öz büdcəsinin gəlir-xərcləri,o cümlədən büdcədənkənar fondun gəlir-xərclərinin həcminə dair suallarımızı qismən cavablandırsa da, Gəncə şəhər İcra Hakimiyyətindən 2 aydan çox müddətdə bu barədə suallarımıza, ümumiyyətlə, cavab ala bilmədik. Lənkəranın illik büdcəsi 34 milyon manat, Gəncənin büdcəsi isə 50 milyon manat civarındadır.

İqtisadçı-ekspert Rövşən Ağayevin sözlərinə görə, Azərbaycan qanunvericiliyində yerli icra hakimiyyətlərinin büdcələrinə dair ayrıca müddəalar yoxdur: “Ümumiyyətlə, bizdə yerli icra hakimiyyəti orqanları müxtəlif ölkələrin təcrübəsindəki avtonom gəlir-xərcləri olan qurumlar deyil. Onlar Prezident hakimiyyətinin yerlərdə təmsilçiləridir, onlar üçün konkret gəlir mənbələri müəyyənləşdirilib. Yerli icra hakimiyyəti orqanlarının ayrıca hansısa vergini toplamaq səlahiyyəti yoxdur. Onların saxlanması üçün hər il dövlət büdcəsindən vəsait nəzərdə tutulur. Bu vəsaitin həcmi təxminən 300-350 milyon manat təşkil edir. Bu, həm rayon icra hakimiyyəti aparatının, həm də kənd, qəsəbə nümayəndəliklərinin saxlanmasına ayrılır. Bundan əlavə, büdcənin mənzil-kommunal təsərrüfatı, əsas bölmələrə aid edilməyən xidmətlər bölmələrindən də rayon, şəhər icra hakimiyyətlərinə vəsait ayrılır. Bu da haradasa 250-300 milyon manat məbləği əhatə edir. Nəhayət, rayon və şəhərlər üzrə vergi proqnozundan artıq toplanan vəsaitlərin 50 faizi də yerli icra hakimiyyəti orqanlarına büdcədənkənar fond kimi qaytarılır”.

Yerli icra hakimiyyətlərinin yalnız bir yerli gəlir mənbəyi cəmiyyətə məlumdur: “Söhbət mənzil-kommunal təsərrüfatı birliklərinin şəhər yerlərində topladıqları mənzil-kommunal haqlarından gedir. Şəhərlərdə yaşayan əhalidən toplanan bu vəsaitlərin şəhər üzrə həcmi, onun hara sərf olunması barədə heç bir yerdən məlumat almaq, təəssüf ki, mümkün deyil”.

Ekspert bildirir ki, yeri İH-lərin xərcləmələri barədə hesabatlılığa dair qanunvericilikdə ayrıca müddəa yoxdur: “Sadəcə olaraq, “İnformasiya əldə etmək haqqında” qanun onlara da şamil olunur. Həmin qanunun 29-cu maddəsinə görə, yerli icra hakimiyyətləri maliyyə fəaliyyətlərinə dair hesabatları ictimaiyyətə açıqlamalıdılar”.

R.Ağayev yerli icra hakimiyyətlərinin ayrı-ayrılıqda büdcə məlumatlarını heç bir açıq mənbədən əldə etmək mümkün olmadığını deyir: “Heç bir yerli icra hakimiyyətindən büdcəsinə dair detallı məlumat əldə edə bilməzsiniz. Belə bir məlumatı heç hansısa kənd icra nümayəndəliyi barədə də almaq mümkün deyil. Sorğu vermək, yerində gedib soruşmaq – bunların heç biri nəticə vermir”.

Müsahibimizə görə, yerli icra hakimiyyəti orqanlarının maliyyə fəaliyyətinə dair şəffaflığı təmin etmək üçün qanunvericiliyə əl gəzdirmək lazımdır: “Qanunvericiliyə hər bir icra hakimiyyətinin öz gəlir və xərclərinə dair detallı məlumatları İnternet saytında yerləşdirməsini nəzərdə tutan tələb əlavə olunmalıdır. Bu hüquqi öhdəlik müəyyənləşərsə, yerli icra hakimiyyətlərinin maliyyə fəaliyyəti ilə bağlı şəffaflığı təmin etmək mümkün olar”.

Məlumat üçün qeyd edək ki, 2023-cü il dövlət büdcəsi haqqında qanuna əsasən Azərbaycan Respublikasının şəhər və rayonları üzrə gəlirlər 13 milyard 402 milyon manat, yerli xərclər 769 milyon 286 min manat, gəlirlərin yerli xərclərdən artıq olan və mərkəzləşdirilmiş gəlirlərə aid edilən hissəsinin məbləği 12 milyard 515 milyon 120 min manat, yerli gəlir və xərcləri tənzimləmək üçün mərkəzləşdirilmiş xərclərdən ayrılması nəzərdə tutulan vəsaitin yuxarı həddi 12 milyon 306 min manat məbləğində təsdiq edilib.
Pressklub.az
шаблоны для dle 11.2

Xəbər lenti
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
30 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024
29 11 2024