Sosial / Slayd (30-09-2023, 16:37)
“Evimə bitişik sahədə inşa olunan ev qanunsuzdur”
“Qafqazinfo”ya müraciət edən vətəndaş iddia edir ki, həmin torpaq sahəsi fərdi yaşayış evlərinin arasında yerləşir və bu ərazidə çoxmərtəbəli yaşayış binasının inşa edilməsi qanunvericiliyin tələbinə ziddir: “Abşeron rayonu, Xırdalan şəhəri, M.Əzizbəyov küçəsi 7 ünvanında Mənsur Hacıyev tərəfindən qanunsuz olaraq mənzil tipli binanın tikintisi məqsədilə özül atılıb və ağır texnikalarla iş aparılır. Torpaq sahəsində çoxmərtəbəli yaşayış binasının tikintisi nəzərdə tutulduğundan bu tikinti məlumatlandırma icraatı çərçivəsində həyata keçirilə bilməz və tikintiyə icazənin verildiyi halda Məcəllənin 69.5.1-ci maddəsində nəzərdə tutulmuş divar hündürlüyünün 0,6 hissəsi qədər ara məsafəsinin olması nəzərə alınmalıdır. Tikinti planlaşdırılan torpaq sahəsinin ölçüsü 0,08 ha təşkil edir. Lakin aparılan işlər 0,05 ha sahəni əhatə edir”.
Böyükağa Qasımovun sözlərinə görə, qanunsuz aparılan tikinti işləri barədə rəsmi qurumlara müraciətlər olunsa da, cavablandırılmayıb: “Abşeron Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları dəfələrlə tikinti aparılan sahəyə gəlsələr də, tikinti aparan Mansur adlı şəxslə kənarda danışdıqdan sonra çıxıb gediblər və heç bir tədbir görməyiblər”.
Məsələ ilə bağlı Fövqəladə Hallar Nazirliyinə sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi: “Müraciətdə qeyd olunan Hacıyev Mənsur adlı şəxsə Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən qeyd olunan ünvanda üçmərtəbəli fərdi yaşayış evinin tikintisi üçün müvafiq icazə verilib”.Abşeron rayon İcra Hakimiyyətindən isə müraciətimizə cavab olaraq bildirildi ki, hazırda həmin ərazidə inşaat işləri dayandırılıb: “Vətəndaş Mənsur Hacıyevin Abşeron Rayon İcra Hakimiyyətinə ünvanladığı müraciətinə baxılıb və mülkiyyətində olan 0.08 ha torpaq sahəsində (29.10.2022-ci il tarixli, 1622038467 qeydiyyat nömrəli Çıxarış) 20.09.2023-cü il tarixli, 5-29/2-H-283-151/2023 №-li məktubla “məlumatlandırma icraatı” qaydasında fərdi yaşayış evinin inşasına tərəfimizdən icazə verilib. Lakin şəhərsalma nəzarətinin təmin edilməsi, qanunsuz tikinti işlərinin dayandırılması və şəhərsalma qanunvericiliyinin tələblərinin pozulmasının qarşısının alınması məqsədilə əməkdaşlarımız tərəfindən rayon ərazisində keçirilən monitorinqlər zamanı qeyd olunan ünvana yerində baxış keçirilib, obyekt sahibi tərəfindən aparılan tikinti işləri zamanı layihədən kənarlaşma halları aşkar olunub və inşaat işləri dayandırılıb.
Əlavə olaraq qeyd edirik ki, mövcud qanunvericiliyin tələblərinə uyğun layihə sənədlərinin aidiyyəti üzrə razılaşdırılması və bu prosedur həyata keçirilənə qədər tikinti işlərinin davam etdirilməsinə qətiyyən yol verilməməsi, həmçinin vətəndaşlarla yaranmış narazılığın aradan qaldırılması tələbi irəli sürülüb, əks təqdirdə qanunsuzluğun ləğvi ilə bağlı inzibati tədbirlərin görüləcəyi barədə hər iki obyekt sahibinə xəbərdarlıq olunub”.
Adıçəkilən ərazidə qanunsuz bina inşa etdirdiyi iddia olunan Mənsur Hacıyevlə əlaqə saxlamağa çalışsaq da, telefon zənglərimizə cavab vermədi.
Lamiyə Məmmədova