Sosial (6-04-2023, 11:48)
Suraxanıda “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda konfrans keçirildi - Fotolar
“Qafqazinfo” xəbər verir ki, Suraxanı Rayonu Heydər Əliyev Mərkəzində baş tutan konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, RİHBA-nın şöbə müdirləri, rayonun təhsil müəsissələrinin rəhbərləri, məktəblilər iştirak ediblər.
Konfrans iştirakçıları əvvəlcə Ulu Öndərin Suraxanı rayonu Heydər Əliyev parkında ucalan abidəsini ziyarət edib, önünə gül dəstələri düzüblər.
Konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların xatirəsini bir dəqiqəlik sükutla yad edilməsi və dövlət himninin səsləndirilməsi ilə başlanıb.
Tədbirdə giriş sözü ilə çıxış edən rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova qeyd edib ki, Azərbaycan tarixinin və Ulu Öndərin zəngin irsinin şagirdlər tərəfindən daha dərindən mənimsənilməsində bu müsabiqə xüsusi əhəmiyyət daşıyır: “Belə ki, şagirdlərdə müstəqil araşdırmaçılıq qabiliyyəti və sərbəst düşüncə vərdişləri daha yaxşı formalaşır. Bu il də Suraxanı məktəbliləri arasında güclü rəqabət gedir. Sevindirici bir haldır ki, şagirdlər verilən mövzular üzrə ən xırda incəliklərə, xüsusən də Ümummilli lider Heydər Əliyevin son dərəcə zəngin olan həyat və fəaliyyətinin öyrənilməsinə böyük maraq və səy göstərirlər. Bu da Ümummilli Liderimizə olan bağlılığın bariz bir nümunəsidir”.
Təqdimatlardan və bədii hissədən sonra Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov çıxış edərək bildirib ki, müsabiqənin keçirilməsinin əsas məqsədi şagirdlər arasında tarixə, mədəniyyətimizə, keçmişə və tarixi şəxsiyyətlərə, milli-mənəvi dəyərlərə diqqət və marağı artırmaq, onlarda elmi araşdırma və tədqiqat aparmaq, tarixi faktları analiz edib müəyyən nəticəyə gələ bilmək bacarığı aşılamaqdır. O, Azərbaycanın siyasi və dövlət xadimi Heydər Əliyevin tariximizin öyrənilməsi ilə yanaşı mədəniyyətimizə, milli-mənəvi dəyərlərimizə olan qayğısından, eləcə də Ümummilli Liderin davamçısı olan Prezident İlham Əliyevin Azərbaycanın inkişafı və tərəqqisi naminə həyata keçirdiyi işlərdən və əldə olunan uğurlardan danışıb
Sonra isə 5 mövzu üzrə seçilmiş 10 şagird məqalə-yazıları hazırladıqları slaydlarla təqdim ediblər.
Sonda keçirilən referat müsabiqəsinin rayon mərhələsinin fərqlənən şagirdləri rayon İcra Hakimiyyəti başçısının Fəxri Fərmanı təltif olunub və onlar mükafatlandırılıblar.































