Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (31-05-2022, 14:00)
XARİCƏ AXAN MİLYONLAR

 Dünyada investisiya axtarışının olduğu bir dövrdə Azərbaycandan xaricə investisiya axını sürətlənib. Azərbaycan iqtisadiyyatının qarşısında duran əsas məqsədlərdən biri ölkədən valyuta axınının qarşısını almaqdır. Ölkəmizdən müalicə olunmaq üçün xaricə gedənlərin sayı getdikcə artır. Gənclər bakalavr və magistratura təhsili almaq üçün xarici universitetlərə üz tuturlar. Eyni zamanda, ticarət sahəsində də onlayn saytlarda qiymətlər münasib olduğu üçün vətəndaşlar müəyyən məhsulları xarici şirkətlərdən sifariş edirlər. Bunların hamısı ölkədən yüksək dərəcədə valyuta axınının göstəricisidir.
Valyuta axınına səbəb olan bu sahələrdə hansı problemlər var? İnvestisiya axının qarşısını almaq üçün hansı addımlar atılmalıdır? "Mediatv.az" xəbər verir i, məsələ ilə bağlı millət vəkili Ceyhun Məmmədov Bakupost.az -a açıqlamasında mövzunun önəmini əks etdirən nöqtələrə toxunub:

"Ölkəmizdən müəyyən səbəblərə görə xaricə maliyyə vəsaiti gedir. Bunu qarşısını almaq üçün əvvəlcə keyfiyyətə önəm verməliyik. Söhbət səhiyyə xidmətlərinin yüksəldilməsi və bu sahədə uğurların əldə edilməsindən gedir. Bu gün xaricə getməyin əsas səbəbləri keyfiyyət, inamın olmaması, qiymətlərin baha olmasıdır. Təhsil və imtahanlarla bağlı məsələlərə də yenidən baxmalıyıq. Gənclərimizin xaricə niyə getdiyi haqqında düşünməliyik. Bir sıra hallarda bu, prosesin asan olması ilə bağlıdır. Amma hər halda bu, ciddi bir problemdir. Az vəsait deyil. Hər il minlərlə gənc xaricə üz tutur və orada təhsil alır. Bunun da qarşısını almaq üçün ciddi şəkildə düşünməliyik. Bu prosesi tənzimləmək üçün vacib addımlar atılmalıdır.
Ölkəmizdə qiymətlər çox olduğu üçün insanlar çalışır ki, məhsulu xaricdən alsın. Bu da ölkəmizdən müəyyən vəsaitin getməsinə səbəb olur. Qiymətlərə yenidən baxılmalıdır. Məhsulların qiymətini aşağı salmaq lazımdır ki, vətəndaşlar xaricdən almasın. Bəzi hallarda məhsulun üzərinə böyük bir vəsaitin qoyulduğunu görürük. Bunun nəticəsində də vətəndaşlar xaricə üz tutur".
Millət vəkili Vüqar Bayramov hesab edir ki, ölkədən maliyyə axının qarşısını almaq üçün ilk növbədə yerli istehsalı artırmalı və sahibkarlara güzəştlər edilməlidir:

"Dünyanın hər bir ölkəsində idxal var. Təbii ki, vətəndaşlar istifadə etdikləri məhsulların bir qismini xaricdən alırlar. Azərbaycanda xaricdən mal və məhsulların alınması ilə bağlı limitlər müəyyənləşdirilsə də, vətəndaşların xaricdən, əsasən qonşu Türkiyədən məhsul sifariş etməsi müşahidə olunur. İstehlakda idxalın payının azaldılması daha məqsədəuyğundur. Bütün bunlar yerli istehsalın daha da genişləndirilməsini aktuallaşdırır. Çünki bu, ölkədən valyuta axınının qarşısının alınmasında əsas vasitədir. Bu baxımdan yeni strategiya da əsas hədəflər sırasındadır. Eləcə də, sahibkarlar üçün yeni güzəşt mexanizminin tətbiq edilməsi də vacib məsələlərdən biridir. İstehlakın daha çox yerli istehsal hesabına irəliləməsi əsas məqsəddir. Xüsusən, ərzaq məhsullarında yerli istehsalın genişləndirilməsi vacibdir. Çünki qlobal ərzaq qıtlığı fonunda ölkələr artıq tələbi yerli istehsal hesabına ödəməyə çalışırlar. Gələcəkdə ərzaq məhsullarının satışının dünya bazarında ən böyük problemlərdən biri olacağı istisna deyil. Tələb artır, təkliflər isə yüksəkdir. Bu da qıtlığın yaranmasına gətirib çıxarır. Bəzi ölkələr şəkər tozunun ixracatını da dayandırıb".
Hüquqşünas Ələsgər Məmmədli həll yolları ilə bərabər, Azərbaycana investisiya axını üçün üsullar təklif edib:

"Ölkədə pulu cəlb etmənin ən önəmli 2 yolu var. Biri iqtisadiyyatda rəqabətli və sərbəst bazar siyasətinin qurulmasıdır. İkincisi də, müstəqil məhkəmə sisteminin mövcudluğudur. Bu ikisi mövcuddursa, həm ölkə daxilindəki investisiya ölkədə qalacaq, həm də xaricdən ciddi investisiya cəlb etmək olacaq. Azərbaycanda bu iki aspekt də problemlidir. Ölkədə monopolist iqtisadiyyatı illərdir hökm sürür. Azərbaycan Dünya Ticarət Təşkilatına ən uzun müddət namizəd olub üzv ola bilməyən ölkədir. Bunun da əsas səbəbi bərabər münasibət yaratmaqla bağlı öhdəliyin yerinə yetirilməməsidir. Yəni, hamı sərbəst bazar münasibətləri baxımından rəqabətə dayanıqlı olmalı, etibarlı hüquq sistemi onları qorumalı və ədalətli məhkəmə sistemi olmalıdır. Ədalətli məhkəmə sistemi də istər daxili, istərsə də xarici investisiya üçün ciddi problem yaradır. Bu aspektdən baxdıqda başqa amillərin olduğunu da görürük. Müalicə üçün xaricə getmək daha ucuz başa gəlir. Xüsusən də, bizdə əməliyyatlar çox yüksək qiymətə və bəzi monopolistləşmiş dövlət xəstəxanalarında keçirilir. Bazar münasibətləri baxımından düşünsək, bizdə əməliyyatlar İrandan ucuz olmalıdır. Amma belə olmadığı üçün insanlar İrana gedir. Hətta, Türkiyədə də çoxşaxəli olduğu üçün bizdən daha ucuz olur. Elektron ticarət də belədir. Bizdə istehsal yoxdur. Gömrük rüsumları və vergilər çox yüksəkdir. Buna görə də şəxslər ölkəyə normal qaydada nə isə gətirib ticarətlə məşğul olmaq istəyirsə, malın qiyməti 100% artmış olur. Halbuki, onlayn qaydada insanlar yalnız daşıma xərci ödəyir. Beləliklə, burada 100 manata alacaqlarını, 50 manata alırlar. Elektron əşyada bu 300%-ə qədər dəyişir. Bu eyni zamanda, turizm sahəsində də keçərlidir. Daxili turizm çox bahalıdır. Otellər monopolistdir. Boş olsa belə, qiymətlər çox yüksək olur. Tiflisdə belə 10-12 dollara otellər təklif edən pansiyonlar olur. Azərbaycanda bunu tapmaq çox çətindir. Ona görə də, bizdə tətil də çox bahalıdır. İstirahət zonalarının birində olan restoranda mal ətindən olan bir yeməyin qiymətini 95 manat yazmışdılar. Həmin qiymətə bir quzu almaq olar. Qarşınıza qoyulan bir yeməyin qiyməti, quzunun qiymətinə bərabərdirsə, bu turizm cəlbedici olmaz. Ümumiyyətlə, ölkədən pul axınının qarşısını almaq üçün ilk növbədə liberal iqtisadiyyatı qurmaq, dünyaya inteqrasiya edən sərbəst bazar münasibətləri və bizneslə siyasətin qarışmadığı ədalətli məhkəmə sistemi qurmaq lazımdır. Bu olmasa, oliqarxik biznes inkişaf edəcək. Bu halda da onlar hətta, öz pullarını Dubaya və ya digər Avropa ölkələrinə daşıyıb orada yatıracaq".
İqtisadçı-ekspert Akif Nəsirli də hesab edir ki, ölkədə normal rəqabət mühidi yaradılmalı, keyfiyyət artırılmalıdır:

"Ölkədən maliyyə axınının qarşısını almaq üçün spesifik tədbirlər görülməlidir. Məsələn, tibb sahəsinə baxaq. Bizdə ilk növbədə, tibbi xidmətin keyfiyyəti yüksəldilməlidir. İkincisi, tibbi sığorta real olaraq işə salınmalıdır. Hal-hazırda ölkəmizdə tətbiq edilən sığorta əksər hallarda rəmzi xarakter daşıyır. Həkim xidmət edir, amma nə alacağını bilmir. O, sığorta vasitəsilə müalicə etməkdə maraqlı deyil. Xaricdəki kimi vətəndaşın kartı və kartında pulu olmalıdır. Müalicələri də kartın vəsaitinə uyğun almalıdır. Sığortanın işlək vəziyyətə gəlməsi həm də müalicə prosesinin inkişaf etməsinə səbəb olacaq. Azərbaycanda sığorta sistemi real mexanizmlə işləmədiyi üçün vətəndaşlar həm normal müalicə ala bilmirlər, həm də həmin keyfiyyətsiz müalicə onlara baha başa gəlir. Ona görə də, onlar xaricə üz tuturlar. Ölkədə normal səhiyyə sistemi olduqda vətəndaşlar xaricə getməyəcəklər.
Təhsil sahəsində də problemlər var. Düzdür, son illər ərzində təhsildə müəyyən irəliləyişlər etmişik. Əvvəllər tələbələr təhsil almaq əvəzinə, qiymət almaq prinsipini üstün tuturdu. Bu məsələlər bir qədər həllini tapıb. Tələbə, şagird başa düşür ki, oxumasa, qiymət almaq mümkün deyil. Amma təhsil sisteminin özündə ciddi problemlər var. Proqram, öyrətmə metodologiyası və s. misal göstərmək olar. Azərbaycandakı təhsillə xaricdəki təhsil arasındakı əsas fərqlərdən birinə nəzər salaq. Azərbaycanda tələbələrə, aspirantlara, şagirdlərə elmin özünü öyrədirlər. Amma xaricdə bu elmin öyrənmə metodoligiyasını öyrədirlər. Öyrənmə qaydasını öyrədərək tələbəyə təhsilini istədiyi səviyyəyə qaldırmaq imkanı verirlər. Bəzi hallarda xaricdə bakalavr təhsili alan tələbələr, magistratura təhsilini onlayn şəkildə alır, yaxud magistratura təhsili almasa belə, həmin səviyyədə müstəqil şəkildə təhsil ala bilir. Azərbaycanda da hibrid bir model yaradaraq təhsil vermək lazımdır. Təkcə təhsil vermək də problemin həlli deyil. Təhsil alanların gələcəkdə işlə təmin olunması da problemdir. Xaricdə təhsil alanların çoxu geri qayıtmır, orada qalıb işləyir. Bilir ki, Azərbaycana gəlsə, iş tapmayacaq.
Üçüncü məsələ də iqtisadiyyatın ağrılı tərəfidir. Azərbaycanda ticarət sahəsi də ciddi monopoliyadadır. Ona görə də xaricə çıxış imkanı olan insanlar Azərbaycanda inhisarların təklif etdiyi məhsullardan imtina edir. Həmin qiymətə orijinal məhsullar alırlar. Bunu qarşısını almaq üçün inhisarçılıq aradan qaldırılmalıdır. Rəqabət mühiti olmalıdır. İstənilən sahədə yarış olmalıdır. Bu yoxdursa, orada inkişaf da yoxdur".шаблоны для dle 11.2

Xəbər lenti
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
3 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024
2 05 2024