Siyasət / Slayd (7-09-2014, 21:21)
Yezidi kürdlərin İrəvandakı başçısı pul yığır
“Son həftə ərzində İraqdakı yezidi kürdlərin vəziyyəti daha da pisləşib, onlar həddindən artıq çətin situasiya ilə üzləşiblər”.
Hafta.az-ın erməni mətbuatına istinadən xəbər verdiyinə görə, bu sözləri dünən İrəvanda jurnalistlərə “Yezidilərin Milli Birliyi” təşkilatının rəhbəri Aziz Tamoyan çatdırıb. “Yezidilərin bir hissəsi Türkiyədə, digər hissəsi isə Suriyada soyqırıma məruz qalır”-söyləyən yezidi lider İŞİD terrorçularını sırf islamçı kimi təqdim edib. O, ABŞ-ı mühasirədə olan kürd xalqına daha fəal kömək etməyə çağıraraq “bu İslam dalğasının bütün dünyaya yayıla biləcəyi” təhlükəsini vurğulayıb.
A.Tamoyan qeyd edib ki, İraqdakı yezidi kürdlərin əksəriyyəti Ermənistana köçmək istəyir, çünki onlar buranı “özləri üçün ən təhlükəsiz ölkə” hesab edirlər.
Yezidilərin İrəvandakı başçısı dünya xalqlarına müraciət edərək İraqdakı kürdlərə kömək məqsədilə topladıqları pulları İraq hökumətinə deyil, yezidi xalqının özünə göndərməyi məsləhət bilib:”Bu pulları yezidilərin İraqın şimalındakı ruhani mərkəzi və ziyarət məkanı olan Lalişə göndərmək lazımdır. Ermənistanda isə yezidi xalqına kömək məqsədilə pul köçürmək üçün hesab açılıb”.