Siyasət / Slayd (2-07-2014, 22:14)
Artur Rasizadə “Azəriqaz”dakı ixtisarları dayandırdı
Hazırda “Azəriqaz” İstehsalat Birliyində strukturun təkmilləşdirilməsi prosesi gedir. Bununla əlaqədar hələ ki, heç bir yeni addım atılmayıb”.
Bu sözləri Axar.az-a Azərbaycan Dövlət Neft Şirkəti “Azəriqaz” İstehsalat Birliyinin Mətbuat Xidmətinin rəhbəri Araz Ağayev “Azəriqaz”da aparılan ixtisarların dayandırılması ilə bağlı aldığımız məlumata aydınlıq gətirərkən dedi. Onun sözlərinə görə, sonuncu ixtisarlar Salyanda və Xaçmazda regional idarələr yarandığı zaman olub:
“İdarədə struktur təkmilləşdirilməsi ilə bağlı hansısa addım atılanda ixtisarlar baş verir. Məsələn, Bakı və Abşeronda qəza xidmətləri ləğv edildi və cəmləşdirildi. Proseslər və ixtisarlar o zaman getdi. Sonuncu belə addım Salyanda və Xaçmazda regional idarələr yarandığı zaman oldu. Bundan başqa hələlik heç bir yenilik yoxdur”.
İxtisarların dayandırılması ilə əlaqədar işdən çıxarılanlara əmək kitabçalarının verilmədiyi və onlara bir qədər gözləmələri barədə təklif edildiyi xəbərinə gəldikdə isə A.Ağayev qeyd etdi ki, bu barədə məlumatsızdır:
“Əmək kitabçalarının niyə görə saxlanıldığı və ya ixtisara düşən işçilərin bir müddət gözlədilməsi haqda deyilənlərdən xəbərsizəm. Bu səbəbdən bununla bağlı bir söz deyə bilmərəm”.
Qeyd edək ki, “Azəriqaz” İstehsalat Birliyinin tərkibində institut kimi fəaliyyət göstərən Layihə Konstruktur Bürosu ləğv olunduğu zaman büroda çalışan 250-yə yaxın işçi ixtisara düşmüşdü. Bununla bağlı Axar.az-a açıqlama verən A.Ağayev işçilərin yenidən yerləşdirilməsi məsələlərinə baxılacağını demişdi.
Hazırda isə “Azəriqaz” İB-də işçilərə ixtisarların Nazirlər Kabinetinin göstərişi əsasında dayandırıldığı bildirilib. Vurğulanıb ki, onların taleyi ilə bağlı qərarı gözləyirlər. Məhz bu səbəbdən də ixtisara düşən işçilərin əmək kitabçalarının geri qaytarılmasına fasilə verilib.