Siyasət (11-10-2017, 18:25)
Səməd Seyidov: Avropa Şurasının baş katibi yalnız Azərbaycanın üzərinə düşüb
Azərbaycanın öhdəlikləri üzrə məruzəçilər Stefan Şennax və Preda Sezarın hazırladıqları "Azərbaycanda demokratik təsisatların vəziyyəti" vəAlen Desteksin “Azərbaycanın Avropa Şurasında sədrliyi: İnsan hüquqlarına əməl edilməsi sahəsində atılacaq növbəti addımların vəziyyətinə dair” hesabatlarının təqdimatından sonra ümumi müzakirələr olub.
Mediatv.az APA-ya istinadən xəbər verir ki, çıxış edən deputatlar ümumilikdə hər iki hesabatın hazırlanmasını yüksək qiymətləndiriblər.
AŞPA-nın keçmiş sədri Ann Brassör, digər parlamentarilər Omtzigt Pyeter, Şvabe Frank, Kristof Ştrasser Azərbaycan hökumətinin ünvanına tənqidi fikirlər səsləndiriblər. Onlar əsasən İlqar Məmmədovunhəbsdən azad edilməsi, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri ilə bağlı məsələlərin həllinə dair çağırışlar edibilər.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidovsöz alaraq ittihamlara cavab verib. O, hollandiyalı deputat Omtzigt Pyeterin ittihamlarına sərt münasibət bildirib: “Cənab Omtzigt, siz burda çox da canfəşanlıq edib, Azərbaycanda demokratiya naminə verdiyiniz bəyanat və çıxışlarınızla özünüzü obyektiv biri kimi göstərməyə çalışmayın. Biz çox yaxşı bilirik ki, sizin arxanızda hansı qüvvələr durub. Siz ermənilərlə birgə işləyirsiniz. Sizin yalnız dırnaqarası obyektiv ola bilərsiniz”.
Daha sonra Səməd Seyidov ümumilikdə təşkilatı Azərbaycanla bağlı qeyri-obyektivlikdə və ikili standartlar siyasəti yürütməkdə günahlandırıb. “Təşkilatın baş katibi son vaxtlar yalnız və yalnız Azərbaycanın üzərinə düşüb. Bütün üzv ölkələrə eyni və obyektiv münasibət göstərmək əvəzinə, yalnız bir ölkənin adını çəkir. Necə olur ki, Rusiyanı təşkilata geri qaytarmaq üçün onlara qarşı tamam başqa cür yanaşır, bizə gəldikdə tamam fərqli münasibət göstərir?”
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Vüsal Hüseynov da çıxışında Omtzigt Pyeter, Şvabe Frank kimi parlamentarların erməni lobbi təşkilatlarının maraqlarını təmsil etdiklərini bildirib.