Siyasət (19-04-2017, 17:16)
"Müşavirə qeyri-neft sekoruna diqqətin nümunəsidir"
Prezident İlham Əliyevin iştirakı ilə Yevlaxda keçirilən qeyri-neft ixracatçılarının respublika müşavirəsi ölkənin qeyri-neft sektoruna göstərilən diqqətin nümunəsidir.
Mediatv.az xəbər verir ki, bu barədə Trend-ə açıqlamasında millət vəkili Bəxtiyar Sadıqov deyib.
Millət vəkili bildirib ki, bu müşavirə həmçinin böhrandan keçən müddət ərzində Azərbaycanın yeni inkişaf mərhələsində qazandığı uğurların bəyan edilməsinə, faktlarla çatdırılmasına imkan verdi: "Eyni zamanda bu, qarşıya yeni vəzifələrin qoyulması baxımından möhtəşəm bir müşavirədir. Dövlət başçısı xeyli müddətdir ki, Azərbaycanda qeyri-neft sektorunun inkişaf etdirilməsini qarşısına məqsəd qoyub. Bununla bağlı bir neçə istiqamət müəyyənləşdirilib. Həmin istiqamətlər sahibkarlığın inkişafı, bu inkişaf nəticəsində əhalinin rifah halının yaxşılaşdırılması, yeni iş yerlərinin açılması, eyni zamanda ölkəyə valyuta axının artırılmasıdır. Uzun müddətdir ki Azərbaycan regionların inkişafı ilə məşğuldur, bununla bağlı dövlət proqramı qəbul olunub, bu proqram artıqlaması ilə yerinə yetirilib və yetirilməkdədir. Regionların fasiləsiz elektrik enerjisi ilə təchiz olunması yekunlaşıb, qazlaşdırılma 92 faizə çatdırılıb, regionlara yeni yollar çəkilib, infrastruktur yaxşılaşdırılıb, digər dövlətləri birləşdirən magistrallar çəkilib, yenilənib, kənd təsərrüfatının inkişaf etdirilməsi üçün bir neçə su anbarı inşa olunub və bu gün həmin işlər uğurla davam etdirilir".
B.Sadıqov bildirib ki, Azərbaycanda sahibkarlığın inkişaf etdirilməsi istiqamətində də çox böyük addımlar atılıb: "Bölgələrdə məhsulların saxlanılması üçün soyuducu anbarlar inşa olunub. Kənd təsərrüfatının inkişafı istiqamətində xeyli addımlar atılıb. Bu gün ölkə sahibkarları müəyyən vergilərdən azad edilib, sahibkarlara uzunmüddətli kreditlər, subsidiyalar verilir. Ona görə də, bu müşavirə qeyri-neft sektoru ixracatçılarının bundan sonra daha rahat fəaliyyət göstərməsi üçün dövlətin dəstəyini təmin edir".