Siyasət (14-04-2017, 11:13)
Bakı ən böyük dövlət bayrağının quraşdırılmasında Kiyevə yardım edəcək
Kiyev Şəhər Dövlət Administrasiyasının rəhbəri Vitali Kliçko Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov ilə görüşüb.
“Bakıdan öyrənəcəyimiz çox şey var. Bizi, xüsusilə, köhnə şəhərin bərpa edilməsi, müasir infrastrukturların tikintisi təcrübəsi maraqlandırır. Şəhərdə binaların işıqlandırılması da məni heyrətləndirdi, bu iş çox gözəl yerinə yetirilib. Həmçinin Dövlət Bayrağı Meydanına da xüsusi marağım yarandı. Çoxdan Kiyevdə də belə böyük miqyaslı bayraq ucaltmaq istəyirəm. Artıq bu layihə üzərində işləyirik. Amma təcrübənizə və yardımınıza ehtiyacımız var”, - Kliçko bildirib.
Mediatv.az Oxu.Az-a istinadən xəbər verir ki, görüşdə Bakı şəhərinin baş memarı da iştirak edib. Onun Kiyev administrasiyasının işıqlandırmağı düşündüyü binalara baxış keçirmək, ukraynalı mütəxəssislərlə binaların hansı formada işıqlandırılması və əsas dövlət bayrağının quraşdırılması üzrə məsləhətləşmələr aparmaq üçün Kiyevə gedəcəyinə dair razılıq əldə olunub.
“Eyni zamanda yaxın vaxtlarda Kiyevin baş memarını Bakıya göndərəcəyəm ki, o, şəhərdə işıqlandırma sisteminin, köhnə şəhərin və tam müasir memarlıq nümunələrinin necə göründüyünə baxsın”, - Vitali Kliçko qeyd edib.
O, əməkdaşlığa, dəstəyə, Kiyev və Ukraynaya yardım etməyə hazır olduğuna görə Hacıbala Abutalıbova təşəkkür edib.