Siyasət (3-04-2017, 21:21)
“Qanlı terror aktlarını qəti şəkildə pisləyirik” - XİN bəyanat yaydı
“Biz, Sankt-Peterburq metrosunda törədilən və çoxlu sayda insanın ölümünə və yaralanmasına səbəb olan qanlı terror aktlarını qəti şəkildə pisləyirik”.
Mediatv.az xəbər verir ki, bu fikirlər Azərbaycan Xarici İşlər Nazirliyinin bu gün Sankt-Peterburq metrosunda törədilmiş terror aktı ilə bağlı bəyanatında yer alıb.
Bəyanatda daha sonra bildirilir ki, terrorizmdən əziyyət çəkən dövlət kimi, Azərbaycan terrorizmin bütün forma və təzahürlərini qəti şəkildə pisləyir: “Azərbaycan terrorizmə qarşı mübarizədə beynəlxalq birliyin səylərini qətiyyətlə dəstəkləyir. Bu terror aktları nəticəsində həyatını itirmiş şəxslərin ailələrinə, dost və qonşu Rusiya xalqına dərin hüznlə başsağlığı verir, kədərini bölüşür və yaralananların tezliklə şəfa tapmasını diləyirik”.