Siyasət (12-04-2017, 23:53)
"Aprel döyüşlərində baş verən hadisələr Ermənistana qulaqburması oldu"
Ötən il aprel döyüşlərində baş verən hadisələr Ermənistana qulaqburması oldu.
Mediatv.az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının Qafqazşünaslıq İnstitutunun direktoru, professor Musa Qasımlı deyib.
Onun sözlərinə görə, ötən il aprelin əvvəlində təmas xəttində həyata keçirilən hərbi əməliyyatlar bir daha göstərdi ki, Azərbaycan dövləti və xalqı işğalla heç bir zaman barışmayacaq və torpaqlarını nəyin bahasına olursa-olsun azad edəcək.
M.Qasımlı bildirib ki, aprel döyüşləri Azərbaycan dövlətinin, xalqının, ordusunun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində işğaldan azad edilmiş ərazilərdə Azərbaycan bayrağı dalğalanır, azad olunmuş 2000 hektardan artıq əraziyə Milli Ordumuz nəzarət edir.
Deputatın sözlərinə görə, aprel döyüşləri göstərdi ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək:
"Ötən illərin təcrübəsi göstərir ki, Ermənistanın təcavüzünün nəticələrini aradan qaldırmaq üçün müəyyən cəhdlər olanda Yerevan daim təxribata əl ataraq konkret məqsədlər üçün atəşkəsi pozur. Yəni hərbi təcavüz nəticəsində qurulmuş qondarma rejimi danışıqlar masası arxasında oturtmağa və tanıtmağa, Azərbaycanın timsalında düşmən obrazı yaradaraq erməni ictimai rəyini daxili problemlərdən yayındırmağa, həmsədrlər tərəfindən ola biləcək mümkün təzyiqlər qarşısında hakimiyyətini qorumağa çalışıb. Lakin bu dəfə Ermənistan rəhbərliyi yanıldı. Azərbaycan ordusu düşmən təxribatına nəinki lazımi cavab verdi, eyni zamanda, sarsıdıcı zərbə endirdi, bəzi əraziləri düşmən işğalından azad etdi, Ermənistan rəhbərliyini yerində oturtdu, planlarının isə heç bir zaman həyata keçirilməsinə imkan verilməyəcəyini göstərdi”.