Siyasət (6-03-2017, 15:49)
Sergey Lavrov: “Qarabağ problemi orada yaşayan əhalinin mövqeyi nəzərə alınmaqla həll olunmalıdır”
Moskvada səfərdə olan Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Rusiya xarici işlər naziri arasında danışıqlar başa çatıb.
Mediatv.az: TASS xəbər verir ki, nazirlər görüşdən sonra birgə mətbuat konfransı keçiriblər. Mətbuat konfransında nazirlərə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair danışıqlar predmeti olan sənəd barədə sual verilib. Bu suala birinci cavab verən Sergey Lavrov deyib ki, əvvəla o, Dağlıq Qaraba münaqişəsinin nizamlana bilən münaqişə olduğuna inanır. Rusiya xarici işlər nazirinin sözlərinə görə, çoxillik təmaslar, danışıqlar nəticəsində işlənib hazırlanmış nizamlama modeli bunu deməyə əsas verir: “İndi isə bu nizamlama modelinin əsas məqamları barədə. Bura ilk növbədə təhlükəsizliyin təmin olunması, humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında yerləşən rayonların qaytarılması, Dağlıq Qarabağın yekun statusu kimi məsələlər daxildir. Əlbətdə, Dağlıq Qarabağda yaşayan əhalinin mövqeyi nəzərə alınmaqla. Habelə beynəlxalq sülhməramlı əməliyyatların aparılması nizamlama modelinin məqamlarından biridir. Lakin iki-üç prinsipial məsələ var ki, biz hələ bunlarla bağlı ümumi mövqeyə gəlməkdən uzağıq. Onlar hələ müzakirə olunur, hansı ki, bu günkü görüşümüzdə də biz bu məsələlər barədə detallı şəkildə danışdıq. Mən qeyri-səmimi görünmək istəmirəm, ona görə də açıq deməliyəm ki, həmin prinsipial məsələlər barədə tərəflər ortaq mövqeyə gəlməkdən uzaqdır. Bunlar əlavə danışıqlar, əlavə səylər tələb edir”-Lavrov bildirib.
Rusiya xarici işlər naziri əlavə edib ki, indiki situasiyada onlar münaqişəyə dair məzmunlu danışıqların aparılmasının vacibliyini nəzərə alır. Xüsusən də bu danışıqlar təmas xəttində deeskalsiya üçün vacibdir. Lavrov tərəflər arasında qarşılıqlı etimad mühitinin olmaması haqda da danışıb, ötən il prezidentlər arasında Vyanada və Sankt-Peterburqda əldə olunmuş anlaşmalar əsasında qarşılıqlı etimad mühitinin formalaşdırılmasına çağırıb.
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Bakı münaqişəyə dair substansiv, yəni konkret məqamlar üzrə konkret məsələlərin müzakirə olunduğu danışıqlara tərəfdardır. Məmmədyarovun sözlərinə görə, danışıqlar dayananda toplar işə düşür, ona görə də danışıqların bərpası heç olmasa təmas xəttində hərbçilərin həlak olmasının qarşısını ala bilmək üçün lazımdır.
Məmmədyarovun sözlərinə görə, Rusiya Qarabağ münaqişəsinin nizamlanması üçün çox ciddi səylər göstərir. “Və biz bu gün bunu detallı şəkildə müzakirə etdik. Rusiyanın səylərini Ermənistanda da eşidirlər, Azərbaycanda da, hansısa perspektivlər var”-o deyib.