Gündəm (2-07-2016, 18:36)
`Qarabağ münaqişəsinin həlli planı hazırdır` - Analitik Şərh
Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ATƏT-in fəaliyyətdə olan sədri Frank Valter Ştaynmayerlə Bakıda keçirdiyi birgə brifinqdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı önəmli mesaj verib.
Mediatv.az: Prezidentlərin Sankt-Peterburq görüşünə münasibət bildirən nazir diqqətə çatdırıb ki, münaqişənin həllinə dair ortada sənəd var və onun üzərində iş gedir: “Bu istiqamətdə işləsək, sülhə nail ola bilərik. Rusiya ATƏT-in Minsk qrupunun həmsədridir, bizə yaxın və qonşu ölkədir. Rusiya üçün Cənubi Qafqazda sabitlik önəmlidir”.
XİN rəhbəri danışıqlar masasında hansı sənədin olması ilə bağlı əlavə məlumat verməyib.
Prezident Administrasiyası rəhbərinin müavini Novruz Məmmədov prezidentlərin sonuncu görüşü barədə mətbuata açıqlamasında ciddi bir məsələyə toxunmuşdu. PA rəsmisi bildirmişdi ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin mərhələli həlli ilə bağlı razılıq əldə olunub: "Bu görüş zamanı münaqişənin mərhələli həllinə üstünlük verildi. Yəni bundan sonra münaqişənin həllində mərhələli şəkildə irəliyə getmək lazımdır. Əvvəlcə Azərbaycanın 5 rayonunun azad olunması, ondan sonra 2 rayonun azad olunması və dəhlizin müəyyən edilməsi. Daha sonra Dağlıq Qarabağın statusunun müəyyən edilməsi. Bu istiqamətdə tərəflər prinsip etibari ilə razılığa gəldilər".
Danışıqlarda qeyri-konstruktiv mövqe seçən Ermənistan tərəfi isə Peterburq görüşündə hər hansı sənəd üzərində müzakirələrin aparılmadığını açıqlayıb.
Ermənistanın XİN rəhbəri Edvard Nalbandyan iyunun 28-də Parlamentin xarici əlaqələr üzrə daimi komissiyasının üzvlərini qəbul edən zaman deputatlara deyib ki, Sankt-Peterburqda üçtərəfli görüş zamanı Qarabağa dair heç bir sənəd nəzərdən keçirilməyib. O, vurğulayıb ki, prezidentlərin görüşündə yalnız təmas xəttində sabit atəşkəs rejiminin təmin olunması müzakirə olunub.
Peterburq görüşündən sonra səslənən mesajlar Məmmədyarovun “ortada sənəd var” deyə səsləndirdiyi fikirləri bir növ təsdiqləyir.
XİN rəhbərinin dediyi sənəd nədən ibarətdir?
Politoloq Fikrət Sadıqov hesab edir ki, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı plan hazırdır və tərəflərə təqdim olunub: “Hesab edirəm ki, bu, yenilənmiş Madrid prinsiplərinə əsaslanan plandır. Plana əsasən əvvəlcə 5 rayon geri qaytarılır, dəhliz və qaçqınların geri qayıtması məsələsi müzakirə olunur. Daha sonra isə Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi istiqamətində danışıqlar davam etdirilir. Bu məlum bir plandır və aprel döyüşlərindən sonra baş tutan görüşlərdə yenidən masa üzərinə qoyulub”.
F.Sadıqov vurğulayıb ki, Nalbandyan bunu inkar etməklə xalqı aldatmağa çalışır: “Nalbandyanın dedikləri həqiqətdən uzaqdır. Ortada sənəd olmasaydı, Rusiyanın xarici işlər naziri Sergey Lavrov İrəvana və Bakıya gəlməzdi. Digər tərəfdən ABŞ dövlət katibi Con Kerri Azərbaycan və Ermənistan prezidentləri ilə telefon danışıqları aparmazdı. Bundan əlavə ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Volter Ştaynmayer regiona səfər etməzdi. Bütün bunlar deməyə əsas verir ki, münaqişənin həlli üçün səylər artırılıb və müəyyən plan mövcuddur. Ermənistan verilən təklifləri qəbul etməlidir. Dünya ictimaiyyəti, ATƏT-in Minsk qrupunun həmsədrləri, əsas oyunçu kimi Rusiya Sankt-Peterburq görüşündə mövqeyini qəti şəkildə nümayiş etdirib. Görünür, erməni tərəfi bundan ciddi təşvişə düşməyə başlayıb. Ona görə də Nalbandyan daxili auditoriyanı sakitləşdirməyə yönəlik açıqlamalar verir”.
Siyasi şərhçi Arzu Nağıyevin fikrincə, Nalbandyan ortada heç bir sənədin olmadığını deməklə Sarkisyanın hakimiyyətini qoruyur: “Sankt-Peterburq görüşü ərəfəsində həm Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan, həm də azərbaycanlı həmkarı Elmar Məmmədyarov tərəfindən görüşün baş tutması və problemin mərhələli həlli ilə bağlı ortada sənədin olması ilə bağlı bəyanatlar verildi. Bunun ardınca Rusiya tərəfi də bəyanat yaydı. Bir müddət sonra yenilənmiş Madrid prinsipləri və Kazan protokollarından söhbət gedəndə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova bildirdi ki, ortada heç bir öhdəlik yoxdur. Necə ola bilər ki, Sankt-Peterburqda Rusiya prezidenti Valdimir Putinin iştirakı ilə görüş keçirilir, amma heç bir sənəd müzakirə olunmur. Bu, absurd yanaşmadır. Ortada konkret sənəd olmadan müzakirə keçirilə bilməz. Nalbandyan danışıqlar masasında heç bir sənədin olmadığını deməklə özünü və təmsil etdiyi rejimi qorumaq istəyir”.
A.Nağıyevin sözlərinə görə, Sarkisyan rejimi hakimiyyətə gələndə “DQR” separatçılarına söz verib ki, onlar müstəqil dövlət kimi tanınacaqlar. Hazırda isə bu məsələnin üzərindən xətt çəkilib.
“Qondarma rejimin müstəqilliyi mümkün olan məsələ deyil. Ona görə də Nalbadyan separatçıları sakitləşdirmək üçün belə bəyanatlar verir. Əks halda separatçıların qarşısında dura bilməyəcəklər. Çünki, Dağlıq Qarabağdakı Ermənistan ordusunda ermənilərlə yanaşı, muzdlular da var. Bunların arxasında erməni lobbisi və müxtəlif terror təşkilatları durur. Hesab edirəm ki, İrəvan danışıqların gerçək mahiyyətini gizlətməklə ölkədəki siyasi gərginliyi sakitləşdirmək istəyir”, - deyə siyasi şərhçi qeyd edib.(Azvision.az)