Azərbaycan Xarici İşlər Nazirliyiölkənin işğal edilmiş ərazilərində keçirilməsi planlaşdırılan qeyri-qanuni “referendum”la bağlı bəyanat yayıb.
Mediatv.az-a Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, bəyanatda deyilir:
“Kütləvi informasiya vasitələrinin məlumatlarına əsasən, 20 fevral 2017-cı il tarixində Ermənistan Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində yaradılmış qondarma qeyri-qanuni rejimdə “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” keçirilməsini planlaşdırır.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Azərbaycanın müvəqqəti işğal altında olan ərazilərində Ermənistan tərəfindən yaradılmış qeyri-qanuni rejimin təcavüz və işğalın mütləq nəticəsi olduğunu bir daha bəyan edir. “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015 tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir.
Bu təxribatçı addım, eləcə də Ermənistanın Azərbaycanın tərkib hissəsi olan Dağlıq Qarabağ regionunun adının dəyişdirilməsinə yönəlmiş cəhdləri Ermənistanın silahlı münaqişənin siyasi həllində həqiqətən maraqlı olmadığını bir daha aydın şəkildə göstərir. Bunun müqabilində Ermənistan gərginliyin artırılması xəttini yürüdür, öz işğalçı siyasətinin nəticələrini, qəbuledilməz və qeyri-davamlı olan status-kvonu möhkəmləndirmək üçün davamlı addımlar atır, substantiv danışıqlar vasitəsilə münaqişənin dinc yolla həlli istiqamətində olan cəhdləri pozur, işğal edilmiş ərazilərin demoqrafik, mədəni və fiziki xarakterini qanunsuz olaraq dəyişdirir, “fait accompli” vəziyyəti tətbiq etmək məqsədilə işğal edilmiş ərazilərə erməni əhalisinin köçürülməsi də daxil olmaqla, iqtisadi və digər fəaliyyətləri həyata keçirir. Bu kimi fəaliyyətlərlə Ermənistan həmçinin regional və beynəlxalq sülhə və təhlükəsizliyə xələl gətirir və onu təhlükə altına qoyur.
Münaqişənin həlli üçün prinsipial baza olan BMT Təhlükəsizlik Şurasının 822 (1993), 853 (1993), 874 (1993), 884 (1993) saylı qətnamələri və BMT Baş Məclisinin 62/243 (2008) saylı qətnaməsi Azərbaycana qarşı gücdən istifadəni, Azərbaycanın ərazilərinin işğalını pisləyir və ölkəmizin suverenliyi, ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını bir daha təsdiq edir. Sözügedən qətnamələrdə BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağ regionunu Azərbaycanın ayrılmaz tərkib hissəsi kimi bir daha təsbit edir və Azərbaycanın işğal edilmiş bütün ərazilərindən işğalçı qoşunların dərhal, tam və qeyd-şərtsiz çıxarılmasını tələb edir.
Qeyri-qanuni “referendum” Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır və bu səbəbdən də hər hansı bir hüquqi qüvvəsi ola bilməz. Bu qondarma “referendum” həmçinin işğal edilmiş ərazilərdə Ermənistan tərəfindən Azərbaycanın ərazi bütövlüyünə qarşı güc tətbiqi və güc təhdidi, dəhşətli etnik təmizləmə və beynəlxalq hüququn digər norma və prinsiplərinin kobud şəkildə pozulması ilə yaradılmış şərait altında keçirilir.
Biz beynəlxalq ictimaiyyəti qondarma qeyri-qanuni “referendum”u rədd etməyə və Ermənistanın öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq məqsədi daşıyan lüzumsuz cəhdlərindən əl çəkməsi, işğalçılıq və ilhaqçılıq siyasətinə son qoyması, münaqişənin nizamlanması prosesində konstruktiv şəkildə iştirak etməsi və beynəlxalq öhdəliklərinə əməl etməsi üçün Ermənistana siyasi və diplomatik təzyiq göstərməyə çağırırıq”.