Siyasət (Bu gün, 11:12)
Vətəndaşın tibb bacılarının ümidinə qalması kimin günahıdır? - HƏQİQƏTƏN DƏ...
“Tibb bacılarının evlərdə fəaliyyətinə icazə verilmir".Onun sözlərinə görə, bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur: "Ev tibb bacısının xidmət verəcəyi ərazi deyil. Bəzi kəndlərdə tibb məntəqəsi olmadığı halda, tibb bacısı evdə iynə vurur. Buna icazə yoxdur. Tibb bacısının ilkin yardım üçün əlində avadanlıqlar, dərman vasiətələri olmalıdır. Bunlar olmadan tibb bacısının xəstəyə iynə vurması ciddi həyati təhlükələrə gətirib çıxara bilər”.
Bəli, doğrudan da tibb bacılarının evlərdə göstərdiyi xidmətlə bağlı belə bir təhlükə var. Lakin bunun günahkarı nə tibb bacısı, nə də vətəndaşdır.
TƏBİB rəhbəri də bilməmiş deyil ki, Azərbaycanda heç də bütün vətəndaşlar üçün nəinki keyfiyyətli səhiyyə xidməti, hətta adi poliklinika, tibb məntəqəsi belə əlçatan deyil. TƏBİB başçısı yaxşı bilir ki, əksər kəndlərdə, eləcə də rayon mərkəzlərindən 20-30 kilometr məsafədə olan kəndlərdə tibb məntəqəsi yoxdur. Olanlarda da Vüqar Qurbanovun dediyi “ilkin yardım üçün avadanlıqlar, dərman vasiətələri” yoxdur!
Təhlükəyə gəlincə, tibb bacısının evdə vurduğu iynədən ölüm hallarına nadir hallarda rast gələ bilərsiniz. Əvəzində, həmin TƏBİB-in, yaxud Səhiyyə Nazirliyinin, eləcə də özəl klinikaların yarıtmaz, bəzən yaramaz “xidməti” nəticəsində saysız-hesabsız ölüm halları baş verir…
Zatən biznesdə qadağa, tikintidə qadağa, yolda qadağa, sərhəddə qadağa - qadağa üstünə qadağa, cərimə üstünə cərimə… Üstəgəl, onsuz da bərbad vəziyyətdə olan səhiyyədə, tibbdə (icbari tibbi sığorta da daxil) yeni qadağalar tətbiq olunacağı anonsu verilir… Buna nə ehtiyac var? İnsanların həyat, yaşam sahələri, imkanları darala-darala gedir, üstəlik də bu cür yersiz, absurd, reallıqdan uzaq qadağaların tətbiqi insanları daha da sıxır, incidir…
Ancaq TƏBİB başçısı brifinqdə əhaliyə tibb məntəqələri ilə bağlı “böyük təskinlik” də verib: “Belə bir məntəqə artıq Bərdədə var. Gələcək planlarda bütün bölgələrdə bu məntəqələri qurmaq planlaşdırılır".
Ancaq hörmətli İcraçı director bilməmiş deyil ki, gələcək gələnə qədər bugün əldən gedir. Xüsusilə də bu “gələcəyin” nə vaxt və necə gələcəyi bilinmədiyi bir zamanda…
Elxan Qüdrətoğlu
“AzPolitika.info”

























