Siyasət / Slayd (Bu gün, 11:54)
“İlham Əliyevin Vaşinqton səfəri tarixi əhəmiyyətə malikdir”
Mediatv.az xəbər verir ki, bunu spiker Sahibə Qafarova Milli Məclisin “Vaşinqton razılaşmaları: sülh diplomatiyasının və müdrik liderliyin təntənəsi” mövzusuna həsr etdiyi növbədənkənar sessiyası çərçivəsində xüsusi iclasında bildirib.
“Belə ki, Vaşqinton razılaşmaları yalnız Azərbaycan-ABŞ arasında ikitərəfli münasibətləri, Azərbaycanla Ermənistan sülh gündəliyi baxımından mühüm məqamları ilə deyil, həm də Cənubi Qafqazda və daha geniş regionda proseslərə təsir göstərən tərəfləri ilə yadda qaldı.
Böyük liderləri fərqləndirən ən mühüm cəhətlər onların dövlətçilik təfəkkürü, strateji düşünmək bacarığı, cəsarəti, prinsipiallığı və diplomatik məharətidir. Onlar öz düşüncələrini qətiyyətlə həyata keçirir və yeni tarixi reallıqlar yaradır. Vaşinqton razılaşmaları da məhz bu prizmadan qiymətləndirilməlidir. Bu gün qürurla söyləmək olar ki, Prezident İlham Əliyevin ABŞ-yə səfəri zamanı əldə edilmiş razılaşmalar ümumilli lider Heydər Əliyevin milli maraqlara əsaslanan siyasi kursunun davam etdirilməsi yolunda qazanılmış ən böyük uğurlardan biridir”, - deyə spiker bildirib.
S.Qafarova qeyd edib ki, Azərbaycan və Ermənistan arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair saziş layihəsinin paraflanması haqq-ədalətin zəfərini ifadə edir:
“Bu hadisə bütün Cənubi Qafqazda sülh, sabitlik və əməkdaşlığı təcəssüm etdirən yeni üfüqlər açır. Vaşinqton razılaşmasının nəticəsi olaraq, Zəngəzur dəhlizi təşəbbüsünün reallığa çevrilməsi də tarixi əhəmiyyət daşıyır. Bu dəhliz yalnız Azərbaycanın əsas hissəsi və Naxçıvan MR-lə maneəsiz bağlantını təmin etmir. O həm də Avrasiyanın nəqliyyat xəritəsini dəyişir və daha geniş regionda iş birliyi üçün yeni imkanlar yaradır.
Bakı-Tbilisi-Ceyhan, Cənubi Qaz Dəhlizi kimi layihələr Avrasiyanın enerji xəritəsini dəyişdirdiyi kimi, Zəngəzur dəhlizi də Avrasiyanın nəqliyyat dəhlizinə önəmli yeniliklər gətirəcək. ABŞ-nin bu məsələdə Azərbaycana dəstəyi bəzi ölkələrin Azərbaycana əsassız hücumlarının və qarayaxma kampaniyasının üzərindən də xətt çəkdi. Zəngəzur dəhlizinin “Tramp marşsurutu” adlandırılması da heç təsadüfi deyil. Bu, bir daha Prezident İlham Əliyevin irəli sürdüyü təşəbbüslərin yalnız sülh və əməkdaşlığa xidmət etdiyini təsdiq etdi”, - deyə spiker bildirib.
