Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət (26-01-2024, 13:52)
Sizə müti Azərbaycan və kölə azərbaycanlılar lazımdır?!

size-muti-azerbaycan-ve-kole-azerbaycanlilar-lazimdir


Bir tərəfdən qlobal arenada acı məğlubiyyətlərinin heyifini onilliklərdir ki, əsarətdə saxladığı xalqlardan, o cümlədən də azərbaycanlılardan çıxmaqda olan yarımcan Sovetlər İttifaqının törətdiyi Qanlı Yanvar kimi dəhşətli faciələr. Digər yandan yaranmış vəziyyətdən sui-istifadə edən möhtəkir qonşuların torpaqlarımızı ilhaq etmək üçün arxadan vurduqları zərbələr. Paralel olaraq bütün bu vəziyyətləri yeni imkan və fürsət bilib vəzifə təşnəsi ilə alışıb yanan daxildəki səriştəsiz, təcrübəsiz, ancaq böyük ambisiyalara sahib olan populist “lider”lərin kürsü mübarizəsi. Təbii ki, bütün bu neqativ proseslərdən ən böyük zərbələri alan məzlum Azərbaycan xalqı da vəziyyətdən çıxış və xilas yolunu axtarırdı.

Bəs nə demişdilər o xalqa? Bütün bu çətinliklərin, bu qanlı mübarizənin və ölümcül mücadilənin bir çıxış yolu var, Şimal Sovetindən qurtularaq müstəqilliyinə qovuşmaq və Qərb Sovetinə üz tutmaq. Xilas yolu yalnız budur. Zamanında Moskvanın nağıllarına inandığının acı nəticələrindən qurtulmamış, sonradan nağıl olduğunu anlayacağımız digər nağılları, sadəcə ingilis dilində dinləməyə başladıq.

20 Yanvar kimi qanlı hadisələr nəticəsində bu Sovetdən yarımcan qurtulan Azərbaycan bütün bunları başına gətirənlərdən tam qurtulmaq və ərazi bütövlüyünü təmin edib əbədi olaraq xoşbəxt yaşamaq üçün Avropa Sovetinə qoşulmağa müraciət etdi. İşğal prosesinin davam etməsi və Xocalı kimi ağır faciələrin baş verməsi xalq olaraq nicatımızın yalnız Qərbdə olduğuna inamımızı hər gün artırırdı.Müraciətimizdən təxminən on il sonra, 2001-ci ildə bizi izzətlə görüntüsü yaradıb, ancaq çox böyük minnətlə o Sovetə aldınız. Avropa Soveti (Şurası), Avropa İttifaqı, Avropa Parlamenti, Avropa Komissiyası, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı, Avropa Məhkəməsi və çoxlu sayda qarşısında Avropa sözü olan təşkilatların hamısının yeganə demokratiya, təhlükəsizlik və xoşbəxtlik yolu olduğunu deyib qarşımızda böyük “üfüqlər” açdınız. Demokratiyanın, xoşbəxtliyin və vəd olunmuş digər gözəl avazlı narrativlərin nisbətən nisbi anlayış olduğunu nəzərə alıb vəd olunanlara əməl olunması üçün indikator kimi yeni Sovetin ərazi bütövlüyümüzə münasibətini gözlədik. Bu müddət ərzində münasibətləri mümkün qədər inkişaf etdirməyə çalışdıq, əlaqələri dərinləşdirməyə və hətta bu gün bizə barmaq silkələməyə cəhd göstərən Avropa Sovetinin (Şurasının) Parlament Assambleyasının sədr müavinliyində təmsil olunmaq səviyyəsinə qədər yaxınlaşdıq. Ancaq inad olaraq hər addımda bizə “Naqornıy Karabax” gözü ilə baxıb və keçən ilin oktyabrında da “Dağlıq Qarabağ”da humanitar vəziyyət” adlı qətnamə qəbul etdiyinizə görə sizə SSRİ-nin yeni və Qərb variantı kimi baxmaq və adınızı Avropa Soveti adlandırmağa tam haqqımızın olduğunu düşünürəm. Çünki siz də, sizi birləşdirən dövlətlərin münaqişələrdən, ərazi problemlərindən və qarşıdurmalardan baş aça bilməməsinə, bu çətinliklərin girdabından qurtula bilməməsinə çalışırsınız.
Görünən odur ki, sizə qalib, güclü və suverenliyini öz gücünə tam təmin edən Azərbaycan lazım deyil. Sizə müti Azərbaycan və kölə azərbaycanlılar lazımdır?! Elədirsə, sizin də bizə lazım olmadığınızı ən yaxşı şəkildə bəyanatla üzünüzə deyib qapını çırpıb gedən nümayəndə heyətimiz artıq demiş oldu. Çünki, neokolonializm və neofaşizm ideyalarına xidmət edənlərin əlində alətə çevrilən bir təşkilat nizamnaməsində nəzərdə tutulsa belə heç vaxt sülhə, demokratiyaya, qanunun aliliyinə və ədalətə xidmət edə bilməz!
Məhz ona görədir ki, müstəqil və prinsipial mövqe ortaya qoyan Azərbaycan həmin güclərin despotik münasibətinə tuş gəlir. Əslində həmin qüvvələrin bu cür despotik yanaşması təkcə bu təşkilat daxilində deyil, BMT də daxil olmaqla mövcud olduqları bütün təşkilatlarda və qlobal müstəvidə mövcüddur. Ona görə də etiraz edənləri və onlara qoşulmayanları heç bir halda qəbul etmək istəmirlər. Son dörd il ərzində Azərbaycanın rəhbərlik etdiyi və bəşəriyyətə, insanlığa, xalqların və dövlətlərin inkişafına və digər müsbət dəyərlərə böyük töhvələr verən “Qoşulmama hərəkatı” təşkilatını qəbul etmədikləri kimi.
Ancaq biz artıq öz iradəmiz əsasında və öz gücümüzü ortaya qoymaqla ən böyük problemimizin həllinə nail olduq. O problem ki, bu günə qədər xarici siyasətimizin ən əsas prioritetini təşkil edirdi. Zənnimcə problemini həll etməklə, bütövlüyünün və suverenliyinin təmin olunmasına nail olmaqla bütün proseslərə yenidən başlayan Azərbaycan bu yeni kursu beynəlxalq təşkilatlara münasibətdə də tətbiq etməlidir. Xüsusilə də, bizim qələbəmizə, bütövlüyümüzə, suverenliyimizə və formalaşdırdığımız yeni reallıqlara xor baxan subyektlərə münasibətdə. Hansı təşkilat və ya dövlət bu reallıqları qəbul etmək istəmirsə ona etimadımızın itdiyini bildirib həmin səhifəni çevirməliyik. Çünki hazırki güclü, qalib və bütöv Azərbaycan əvvəlki zəif, məğlub və natamam Azərbaycanın hüquqi varisi olsa da, onun səhvlərini təkrar etmək məcburiyyətində deyil!
Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin (SHAM) sədri Xəyal Bəşirov

шаблоны для dle 11.2

Xəbər lenti
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
28 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025
27 04 2025