Ana səhifə Araşdırma Aktual Problem Siyasət Gündəm Sağlamlıq İqtisadiyyat Dünya Sosial Mədəniyyət Təhsil İdman Region Cəmiyyət Hadisə

Siyasət / Slayd (14-12-2023, 16:47)
20 ildə keçilən böyük yol...

20-ilde-kecilen-boyuk-yol

Cənab Əliyevin 20 illik prezidentliyi dövründə bütün sferalarda çevik islahatlar aparılıb, dövlət proqramları qəbul olunub. Düşünülmüş iqtisadi siyasət nəticəsində beynəlxalq qurumlarla səmərəli əlaqələr qurulub, vacib olan neft strategiyası davam etdirilib.

İlham Əliyev birinci dəfə Azərbaycan Prezidenti seçilərkən beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində dövlətimizin ərazi bütövlüyünün və suverenliyinin tam və şərtsiz bərpasını öz siyasi proqramının ali məqsədi olaraq bəyan etmişdi. Bu gün bu siyasi proqram artıq reallaşıb. Tarixi əhəmiyyətli Zəfərin əldə olunması həm də ölkəmizin əsas iqtisadi inkişaf proqramlarının yerinə yetirilməsi sayəsində mümkün olub.

Bu inkişaf və tərəqqi Qələbəmizin təməlini təşkil edib, ona zəruri maliyyə və maddi resurslar yaradıb.

Möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modeli

İqtisadiyyat Nazirliyinin məlumatına əsasən, yeni və çevik iqtisadi yanaşmalar, iqtisadiyyatın şaxələndirilməsi, əlverişli biznes mühitinin yaradılması, investisiya cəlbediciliyinin daha da artırılması, vergi və gömrük sistemində köklü dəyişikliklər, şəffaflığın artırılması kimi mühüm amillər Azərbaycanın dayanıqlı və inklüziv sosial-iqtisadi inkişafını təmin edib. Ölkə iqtisadiyyatının pandemiya və qlobal böhranlara yüksək immunitetinin təmin edilməsi və bu böhranların mənfi təsirlərinin minimallaşdırılması məhz möhkəm təməllərə əsaslanan milli iqtisadi inkişaf modelinin dayanıqlılığı ilə izah olunur.

“Qafqazinfo” xəbər verir ki, nazirlikdən “APA-Economics”ə bildirilib ki, Dünya Bankının qiymətləndirmələrinə görə, Azərbaycan 2002-2022-ci illərdə yuxarı orta gəlirli ölkələr qrupuna daxil olub. Son 20 il ərzində ümumi daxili məhsul (ÜDM) 6,2 milyard ABŞ dollarından 78,7 milyard ABŞ dollarına çatıb, ÜDM-in real həcmi 4 dəfə artıb.

Adambaşına ÜDM 769 ABŞ dollarından 7.798 ABŞ dollarına yüksəlib. Qeyri-neft-qaz ÜDM-i 4,1 milyard ABŞ dollarından 41,1 milyard ABŞ dollarına çatıb. Ölkənin xarici ticarət dövriyyəsi 3,8 milyard ABŞ dollarından 52,7 milyard ABŞ dollarına yüksəlib. İxracın həcmi 2,2 milyard ABŞ dollarından 38,1 milyard ABŞ dollarına çatıb. Qeyri-neft ixracı 0,26 milyard ABŞ dollarından 3,05 milyard ABŞ dollarına yüksəlib. Xarici ticarətin profisiti 0,5 milyard ABŞ dollarından 23,6 milyard ABŞ dollarına çatıb. 2003-2022-ci illər ərzində Azərbaycanda kənd təsərrüfatı 2,2 dəfə, nəqliyyat sektoru 4,9 dəfə, turizm və ictimai iaşə 18,9 dəfə, informasiya və rabitə sahəsi isə 23 dəfə artıb.

 

Ölkənin strateji valyuta ehtiyatları 1,4 milyard ABŞ dollarından 58,5 milyard ABŞ dollarına yüksəlib. 2002-ci il ilə müqayisədə 2022-ci ildə yoxsulluq səviyyəsi 46,7%-dən 5,5%-ə enib.

Azərbaycanın 2030-cu ilədək Milli Prioritetlərində və 2022-2026-cı illər üzrə sosial-iqtisadi inkişaf Strategiyasında hədəflənən nəticələrə və sağlam prinsiplərə əsaslanmaqla gələcəkdə qeyri-neft iqtisadiyyatını daha da inkişaf etdirmək, insan kapitalının inkişafı nəticəsində dünya iqtisadiyyatında ölkənin mövqeyini gücləndirmək, daha yuxarı gəlirli ölkələr qrupuna daxil olmaq hədəflənir.

Transmilli enerji və nəqliyyat-kommunikasiya dəhlizləri sahəsində uğurlu siyasət sosial-iqtisadi inkişaf göstəricilərini yüksəldib. Ölkəmiz Avropanın enerji təminatında strateji və etibarlı tərəfdaşa çevrilib. 2006-cı ildə istismara verilən Bakı-Tbilisi-Ceyhan boru kəməri, 2018-ci ildə rəsmi açılışı olan Cənub Qaz Dəhlizi bu baxımdan xüsusi qeyd edilməlidir. Enerji əməkdaşlığının yeni mərhələsi üçün 2022-ci ildə Avropa və digər tərəfdaş ölkələrlə energetika sahəsində strateji əməkdaşlığa dair Memorandum və Saziş imzalanıb. Həmin sənədlər qaz nəqlinin artırılmasını, bərpa olunan mənbələrdən elektrik enerjisinin və maye hidrogenin Avropaya ixracını, habelə ötürmə üçün infrastrukturun qurulmasını nəzərdə tutur. Ölkəmiz qlobal enerji keçidi çağırışlarına uyğun olaraq, xarici investorlarla əməkdaşlıq çərçivəsində bərpa olunan enerji mənbələrinin səmərəli istehsalını təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” və Səudiyyə Ərəbistanı Krallığının “Acwa Power” şirkətləri ilə külək və günəş enerjisinin istehsalı layihələri uğurla icra edilir. Bununla yanaşı, BP şirkəti ilə birlikdə 240 meqavatlıq günəş elektrik stansiyasının tikintisi planlaşdırılır. Digər bir sıra enerji şirkətləri ilə birgə həm quruda, həm də dənizdə günəş və külək enerjisi istehsalı layihələrinin icrası nəzərdə tutulur.

Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşən Azərbaycan yalnız tranzit ölkə kimi yox, eyni zamanda bir sıra nəqliyyat layihələrinin təşəbbüskarı kimi çıxış edir. Ölkəmizin təşəbbüsü və maliyyə dəstəyi ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi 2017-ci ildə istismara verilib. Bu, təkcə 3 ölkə arasında deyil, həm də Asiya ilə Avropa arasında ən qısa yoldur. Azərbaycanın təşəbbüskarı olduğu digər mühüm layihə Bakı Beynəlxalq Dəniz Ticarət Limanıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı üzrə ötən il ümumi yükaşırmanın həcmi 15% artaraq 6,4 milyon ton təşkil edib. Bunun 90%-ə qədəri tranzit yüklərin payına düşür. Tranzit potensialının artırılması üçün Limanın 2-ci fazasının tikintisi ilə bağlı əsaslı işlərə başlanılıb.

Ələt Azad İqtisadi Zonası yerli və xarici investorları cəlb etməklə yüksək əlavə dəyərli, ixracyönümlü məhsul və xidmətlər istehsalını təşkil edəcək, Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, yükdaşımaları artıracaq.

Orta Dəhlizin artan imkanlarından optimal şəkildə yararlanmaq üçün nəqliyyat infrastrukturu təkmilləşdirilir. Naxçıvanla Azərbaycanın əsas hissəsini birləşdirən dəhliz də Orta Dəhliz marşrutunun şaxələnməsini təmin edəcək. 2022-2026-cı illərə dair sosial-iqtisadi inkişaf Strategiyasında da ölkəmizin regio­nal haba və e-ticarət mərkəzinə çevrilməsi, tranzit yükdaşıma və logistika əməliyyatlarının həcminin artırılması nəzərdə tutulur.

İnnovativ yanaşmaların tətbiqi ilə investisiya cəlbediciliyinin artırılması

Ölkəmizdə davamlı makroiqtisadi və maliyyə sabitliyi daxili və xarici investisiya fəallığını şərtləndirir. Sağlam və şəffaf biznes mühitinin yaradılması ölkəyə yüksək texnologiya və bilik gətirən birbaşa xarici investisiyaların axınını stimullaşdırır. Azərbaycan beynəlxalq müstəvidə ikitərəfli əməkdaşlıq çərçivəsində 30-dək ölkə ilə sərmayələrin təşviqi və qarşılıqlı qorunması haqqında sazişlər imzalayıb. Davamlı islahatlarla investorlar üçün yaradılan əlverişli biznes mühiti, güzəştlər, imtiyazlar və stimullar ölkə iqtisadiyyatına qoyulan investisiyaların artmasını, yeni istehsal sahələri və iş yerlərinin yaradılmasını təmin edib. Beynəlxalq təşkilatlar tərəfindən keçirilən sorğuların nəticələrinə görə, ölkəmizdə biznes mühitinin daha da təkmilləşdirilməsi və investorların gözləntilərinin yaxşılaşması müşahidə edilir. 154,1 milyard ABŞ dolları xarici investisiya olmaqla, 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına yönəldilən investisiyaların ümumi həcmi 310,4 milyard ABŞ dolları təşkil edib.

2002-ci ildə iqtisadiyyata yönəldilən investisiyaların həcmi 2,8 milyard ABŞ dolları idisə, 2022-ci il üzrə bu rəqəm 17,1 milyard ABŞ dolları təşkil edib. 2003-2022-ci illər ərzində ölkə iqtisadiyyatına qoyulmuş birbaşa xarici investisiyaların (BXİ) həcmi 100,7 milyard ABŞ dolları olub. Ölkədə investisiya mühitinin cəlbediciliyinin artırılması yönündə müxtəlif tədbirlər həyata keçirilir. Xarici investorlar üçün “vahid pəncərə” prinsipi tətbiq edilir və onlara müxtəlif istiqamətlər üzrə dəstək göstərilir. Həmçinin birbaşa xarici investisiyaların təşviqinə dair Strategiya hazırlanır.

Ticarət tərəfdaşların sayı 55 ölkədən 185-ə yüksəlib

Bu dövrdə ölkənin ticarət tərəfdaşlarının sayı artaraq 2022-ci ildə 55 ölkədən 185-ə çatıb. Ötən il Azərbaycandan 110-dan çox ölkəyə qeyri-neft məhsulları ixrac olunub. Qeyri-neft-qaz ixracı sahəsində coğrafi şaxələnmə ilə yanaşı, məhsul çeşidlərinin şaxələnməsi üzrə də uğurlu nəticələr əldə olunub. Beynəlxalq sərgi və ticarət yarmarkalarında ölkə sahibkarlarının iştirakına və “Made in Azerbaijan” brendinin xaricdə tanıdılmasına dəstək və s. tədbirlər də ixracın artımını stimullaşdırır.

Hazırda xarici ölkələrdə Azərbaycan məhsullarının və mətbəxinin təqdim olunduğu 11 ticarət evi fəaliyyət göstərir. Ölkənin iqtisadi-ticarət əlaqələrini genişləndirmək, bu sahədə maraqlarını qorumaq və təmsil etmək məqsədi daşıyan ticarət nümayəndəliklərinin fəaliyyəti genişlənir.

Hazırlıq mərhələsində olan ixracın coğrafiyasının genişləndirilməsinin stimullaşdırılması mexanizmlərindən biri - logistikanın subsidiyalaşması ölkə ərazisindən keçən tranzit yüklərin qiymətinin enməsi, bununla da ölkəmizin tranzit sahəsində rəqabət qabiliyyətinin artırılmasına dəstək məqsədi daşıyır.

Hazırlanan Milli İxrac Strategiyasında qısa və orta perspektivdə mövcud məhsulların yeni bazarlara, uzunmüddətli perspektivdə isə yeni məhsulların yeni bazarlara ixracı hədəflənir. 2021-ci illə müqayisədə 2026-cı ildə Azərbaycanın qeyri-neft ixracının 85%, yəni təxminən 5 milyard ABŞ dolları səviyyəsində artırılması nəzərdə tutulur.

Özəl sektorun rolu artıb

Məşğulluğun, qeyri-neft ixracının artırılması və digər strateji məsələlərdə özəl sektor həlledici rola malikdir. Azərbaycanda azad rəqabət mühitinin təkmilləşdirilməsi, inzibati prosedurların sadələşdirilməsi, vergi güzəştləri və subsidiyalar, real sektora maliyyə dəstəyi və digər tədbirlər həyata keçirilir. Bunun nəticəsi olaraq ötən dövr ərzində ölkədə biznes fəaliyyəti geniş miqyas alıb. Azərbaycanın iş adamları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edir, müxtəlif sahələrə investisiya yatırır, etibarlı tərəfdaş kimi tanınırlar. Hazırda ölkədə sahibkarlıq fəaliyyəti ilə aktiv məşğul olanların sayı 683 mindən çoxdur. Özəl bölmənin ÜDM-də payı 83,5%, məşğulluqda payı isə 78%-ə yaxındır.

2003-2022-ci illər ərzində Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarlıq subyektlərinin 42.703 investisiya layihəsinin maliyyələşdirilməsinə 2,83 milyard manat güzəştli kredit verilib.

Maliyyələşdirilmiş layihələr hesabına 178 mindən çox yeni iş yerinin açılması imkanı yaranıb.

Bakı və Abşeron iqtisadi rayonu istisna olmaqla, ayrılmış güzəştli kreditlərin 62,2%-i (1,76 milyard manat) regionların payına düşür. Kreditlərin 50,7%-i kənd təsərrüfatı məhsullarının istehsalına, 49,3%-i isə müxtəlif növ sənaye məhsullarının istehsalı, emalı, o cümlədən aqrar məhsulların emalı və digər sahələrin inkişafına yönləndirilib.

Sahibkarlıq subyektlərinin dövlətin güzəştli kreditlərinə əlçatanlığını asanlaşdırmaq üçün tələb olunan sənədlərin sayı minimuma endirilib, sənədlərin notarial təsdiq olunması şərti ləğv edilib və 200 min manatadək kreditlər üzrə biznes plan tələbi aradan qaldırılıb. 2018-ci ildə isə güzəştli kreditlərin illik faiz dərəcəsi 5%-ə endirilib.

Sahibkarlıq fəaliyyətinə yersiz müdaxilələrin qarşısının alınması məqsədilə, bir sıra hallar istisna olmaqla, yoxlamalar 2015-ci ildən 1 yanvar 2024-cü il tarixinədək dayandırılıb.

Pandemiya dövründə sahibkarlara göstərilən dəstək dövlətin daim sahibkarların yanında olduğunun göstəricisidir. Bu tədbirlər sahibkarların iqtisadi fəallığının bərpası və artmasına, iqtisadi inkişafın sürətlənməsinə imkan verib. Bu, regionda ÜDM-ə nisbətdə ən böyük dəstək paketi idi. Pandemiya dövründə maliyyə dəstəyi almış sahibkarların sayı 132 mindən çox, ümumi ödənilmiş maliyyə vəsaitinin həcmi isə 364 mln. manata yaxın olub. Sahibkarlara həcmi 115 milyon manatdan çox olan vergi güzəşti paketi təqdim edilib. Bununla yanaşı, pandemiyanın təsirlərindən zərər çəkən sahibkarlar üçün dəyəri 1,5 milyard manat olan kredit-zəmanət və mövcud kredit portfeli üzrə faizlərin subsidiyalaşdırılması mexanizmlərini xüsusilə qeyd etmək lazımdır. Sahibkarların işinin sadələşdirilməsi, onlara dəstək mexanizminin artırılması dövlət əmlakının icarəyə verilməsi sahəsində də həyata keçirilib.

Hazırda ölkə üzrə sahibkarlıq subyektlərinin 99,6%-i mikro, kiçik və orta sahibkarlıq (KOB) subyektləridir.

İnnovativ sahibkarlığın inkişafında bilik iqtisadiyyatının, 4-cü Sənaye İnqilabının elementlərinin tətbiqi, qlobal dəyər zəncirinə inteqrasiya, klasterləşmə, sənayenin rəqəmsal transformasiyası, “ağıllı” biznes modellərinin yaradılması kimi məsələlər əsas hədəflərdəndir.

Lisenziyalar və icazələrin alınması sahibkarlıq fəaliyyəti üçün əsas şərtlərdəndir. Bu prosesi sadələşdirmək üçün İqtisadiyyat Nazirliyi tərəfindən, dövlət təhlükəsizliyindən irəli gələn hallar istisna olmaqla, sahibkarlara lisenziyaların “ASAN xidmət” mərkəzləri və “KOB evləri” vasitəsilə verilməsi davam etdirilir. Həmçinin, lisenziya və icazələr elektron qaydada “Lisenziyalar və icazələr” portalı vasitəsilə verilir.

Biznes mühitinin yaxşılaşdırılması üçün davamlı islahatların nəticəsi beynəlxalq hesabatlarda qeyd olunur. Dünya İqtisadi Forumunun “Qlobal Rəqabətlilik İndeksi” hesabatında ölkəmiz 11 pillə irəliləyərək 141 ölkə arasında 58-ci mövqedə qərarlaşıb. Hesabata əsasən, Azərbaycan 12 indikatordan 8-i üzrə irəliləyərək MDB ölkələri arasında lider mövqelər sırasında yer alıb, həmçinin Cənubi Qafqaz regionunda birinci olub. Bu hesabatda “biznesin dinamikliyi” üzrə Azərbaycan 8 pillə irəliləyərək dünya sıralamasında 23-cü yerdə qərarlaşıb ki, bununla ölkəmizin biznes mühitinin inkişafı istiqamətində apardığı intensiv islahatlar bir daha təsdiqini tapır.

Son 20 il ərzində sənayedə məhsul istehsalının həcmi 4,0 milyard manatdan 86,4 milyard manata çatıb. Sənaye məhsulunun ümumi həcmində özəl sektorun payı 2002-ci ildə 54,9% olduğu halda, 2022-ci ildə 87,6% təşkil edib.

2002-2022-ci illərdə ölkənin qeyri-neft-qaz sənayesində istehsalın həcmi 1,6 milyard manatdan 17,7 milyard manata çatıb ki, bu da 4,3 dəfə real artımdan xəbər verir.

Sənayenin inkişafına yönəlmiş əhəmiyyətli mexanizmlərdən biri dövlət başçısının təşəbbüsü ilə sənaye zonalarının - sənaye parkları və məhəllələrinin yaradılmasıdır. Ölkədə 7 sənaye parkı - Sumqayıt Kimya, Balaxanı, Mingəçevir, Qaradağ, Pirallahı, Ağdam və Cəbrayıl rayonunda “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları, 5 sənaye məhəlləsi - Neftçala, Masallı, Hacıqabul, Sabirabad və Şərur sənaye məhəllələri yaradılıb.

Sənaye zonalarında ümumilikdə 10,23 milyard manatlıq məhsul istehsal edilib ki, bunun 3,35 milyard manatlıq hissəsi ixrac olunub. Cari ilin I yarısında sənaye zonalarında fəaliyyət göstərən müəssisələr tərəfindən 1,4 milyard manatlıq məhsul satılıb ki, bunun da 33,2%-i, yəni 470,6 milyon manatlıq hissəsi ixracın payına düşür.

2023-cü ilin I yarısında sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 16,5 faiz, qeyri-neft sənaye məhsullarının ixracında isə 20,7 faiz (470,6 milyon manat) olub. Sənaye zonalarında istehsal edilən məhsullar 50-dən artıq ölkəyə ixrac olunur.

Sahibkarların biznes fəaliyyətini stimullaşdıran, onların vergi və gömrük güzəştləri əldə etməsi üçün əlverişli şərait yaradan və 2016-cı ildən tətbiq edilən investisiya təşviqi mexanizmi çərçivəsində 7 ildən artıq müddət ərzində 583 layihə təşviq olunub. Layihələrin icrası nəticəsində iqtisadiyyata 5,6 milyard manatdan artıq investisiya yatırılması, 38,6 mindən çox iş yerinin yaradılması nəzərdə tutulub. İndiyədək dəyəri 1,8 milyard manatdan artıq olan texnika, texnoloji avadanlıq və qurğular güzəştli şərtlərlə ölkəyə idxal edilib və müasir istehsal sahələri qurulub. Təşviq edilmiş layihələrin icrası nəticəsində ölkədə yeni məhsullar istehsal edən müəssisələr yaradılıb.

Prezidentin 20 dekabr 2022-ci il tarixli Fərmanı ilə əvvəlki illərin təcrübəsi nəzərə alınmaqla investisiya təşviqi mexanizmi təkmilləşdirilib. İnvestisiya təşviqi sənədi 2023-cü ilin 1 yanvar tarixindən 3 il müddətində sənaye məhəllələri, aqroparklar, turizm və rekreasiya zonaları və müvafiq ərazilərdə həyata keçirilən layihələrə, eləcə də dövlət başçısı tərəfindən müəyyən edilən istiqamətlər üzrə strateji layihələrə verilir. Yeni meyarlara ekoloji nöqteyi-nəzərdən əhəmiyyətli olan tullantıların təkrar emalı fəaliyyət sahəsi əlavə olunub, turizm istiqamətli fəaliyyət sahələri genişləndirilib. Mexanizm çərçivəsində layihələr üzrə idxal olunan texnika, texnoloji avadanlıq və qurğuların əhatə dairəsinin dəqiqləşdirilməsi məqsədilə mal mövqelərinin siyahısı təsdiq edilib. Hazırda strateji layihələr üzrə istiqamətlərin müəyyən olunması ilə bağlı işlər aparılır.

Ərzaq məhsullarının istehsalının artmasında, özünütəminetmə səviyyəsinin yüksəlməsində aqroparklar effektiv mexanizmlərdəndir. Dövlət başçısının tapşırığına əsasən aqroparkların yaradılması zəruri xarici infrastrukturun dövlət vəsaiti hesabına qurulması, güzəştli kreditlərin və investisiya təşviqi sənədlərinin verilməsi yolu ilə dövlət tərəfindən dəstəklənir. Ötən dövr ərzində respublikanın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqroparkın yaradılması üzrə işlər həyata keçirilib. Həmin aqroparklardan 46-sı artıq fəaliyyətə başlayıb, digərlərində isə layihələndirmə və ya tikinti işləri aparılır. Aqroparkların yaradılmasına indiyədək sahibkarlar tərəfindən 1,5 milyard manatdan çox investisiya qoyulub. İnnovativ texnologiyaların tətbiqi nəticəsində aqroparklarda hər hektara düşən orta məhsuldarlıq respublika üzrə orta göstəricini təqribən 2 dəfə üstələyib.

Ümumilikdə dövlət tərəfindən həyata keçirilən dəstək tədbirləri nəticəsində 2003-2022-ci illər ərzində iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft-qaz sənayesində yaradılmış əlavə dəyər real olaraq 4,7 dəfə artıb.

“Yaşıl iqtisadiyyat”a keçid və “yaşıl texnologiya”ların tətbiqi istiqamətində irəliləyişlərə nail olmaq üçün sənayenin strukturunun yenilənməsi istiqamətində addımlar atılır.

Rəqəmsal iqtisadiyyat inkişaf üçün fürsətlər yaradır

Dünya iqtisadiyyatında sürətli rəqəmsallaşma və bu xüsusda məhsuldarlığın əhəmiyyətli artımı keyfiyyətli inkişaf üçün fürsətlər yaradır. Bu baxımdan, dövlət rəqəmsal infrastrukturun təkmilləşdirilməsinə investisiya qoyuluşunu artırıb. Rəqəmsal iqtisadiyyatın inkişafı üzrə strategiyanın hazırlanması və tətbiqi, inkişaf üçün tənzimləyici mexanizmin, əlverişli infrastrukturun yaradılması nəzərdə tutulur. Bununla yanaşı, innovativ texnologiyaların tələblərinə uyğun bilik və bacarıqları olan insan kapitalının formalaşdırılması da zəruridir və bu sahəyə xüsusi diqqət göstərilir. Rəqəmsal texnologiyaların iqtisadiyyatın müxtəlif sahələrində, o cümlədən təhsil, səhiyyə və digər sferalarda tətbiqi dayanıqlı inkişaf drayverlərinin hərəkətə gətirilməsini, ölkəmizin yeni qlobal trendlərə uyğunlaşmasını təmin edəcək.

Azərbaycanda fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi də məhz yeni reallıqlar şəraitində ölkəmizin mövqeyini gücləndirmək, qabaqcıl texnoloji imkanlardan maksimum yararlanmaq məqsədinə xidmət edir. Mərkəz rəqəmsal iqtisadiyyat üzrə çağırışların, təşəbbüslərin, strategiyaların, layihələrin təhlili və koordinasiyası üzrə işlər görür.

Rayonlar müasirləşir

Paytaxtla regionlar arasında inkişaf fərqini aradan qaldırmağa hesablanmış Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramları bölgələrdə infrastrukturun yenilənməsi, rayonların simasının əhəmiyyətli dərəcədə müasirləşməsində mühüm rol oynayıb. Bölgələrdə istehsal müəssisələrinin dirçəlişi və yeni sənaye obyektlərinin yaradılması, yerli resurslardan istifadənin səmərəliliyinin artırılması, aqrar sektorun müxtəlif dəstək mexanizmləri və innovativ üsullarla inkişaf etdirilməsi, müasir infrastrukturun, yeni iş yerlərinin yaradılması dövlət proqramlarının reallaşdırılmasında əsas nailiyyətlər sırasında qeyd edilməlidir.

Ümumilikdə 4 dövlət proqramı üzrə regionlara yatırılmış investisiyaların həcmi 104 milyard manat təşkil edir.

2022-ci ildə regionlar üzrə məhsul buraxılışının nominal həcmi 2003-cü ilə nisbətən 13,5 dəfə böyüyüb, əhalinin nominal gəlirləri isə 10,5 dəfə artıb. 2004-cü ildən bəri regionlarda 1,8 milyondan çox yeni iş yeri və 52 mindən artıq yeni müəssisə yaradılıb.

2004-2022-ci illərdə ölkədə 60-dan çox yeni elektrik stansiyası istismara verilib. Elektrik enerjisinin 76%-i regionlarda istehsal edilir. Bu illər ərzində Azərbaycan elektrik enerjisini idxal edən ölkədən ixrac edən ölkəyə çevrilib. Regionlarda qazlaşdırmanın səviyyəsi 94%-i ötüb, fasiləsiz içməli su alan əhali üzrə göstərici 9%-dən 73%-ə çatıb. Bu illərdə 9 hava limanı tikilib və yenidən qurulub. Laçın hava limanının tikintisi isə davam edir. Həmin müddətdə əsas hissəsi bölgələrə aid olmaqla 3.600-dən çox məktəb, 760-a yaxın tibb müəssisəsi tikilib və ya təmir olunub, 43 Olimpiya İdman Kompleksi tikilib, çoxlu sayda körpü və tunellər, yollar istifadəyə verilib. İstehsal və sənaye müəssisələrinin çoxu bölgələrə aiddir. Hazırlanan növbəti dövlət proqramı da regionların inkişafının müasir tələblərə uyğunlaşdırılmasına hesablanıb.

Dövlət başçısının tapşırığına əsasən, Naxçıvanın sosial-iqtisadi inkişafına dair proqram və strateji layihələrin icrasına başlanılıb ki, bu da regionda rifahın yüksəlməsinə, biznes fəaliyyətinin genişlənməsinə münbit şərait yaradır.

Azad edilmiş ərazilər ölkənin iqtisadi potensialını daha da artıracaq

Azad edilmiş torpaqların dirçəlişi və reinteqrasiyası ümumilikdə ölkənin iqtisadi potensialının artmasına geniş imkanlar vəd edir. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın uğurla icrası bu baxımdan böyük önəm daşıyır. Bölgədə müxtəlif sahələri əhatə edən layihələrin icrası məqsədilə dövlət büdcəsindən 2021-ci ildən bu günədək 12 milyard manata yaxın vəsait ayrılıb. Bununla yanaşı, bərpa və quruculuq işlərinə özəl investisiya cəlb olunması əsas məqsədlərdəndir. İnvestisiya cəlbi ilə sahibkarlıq fəaliyyətinin genişləndirilməsi, məhsuldar ərzaq istehsalına əsaslanan dayanıqlı təcrübələrin tətbiqi, turizmin təşviqi və digər tədbirlər gerçəkləşdirilir. Bölgədə yeni istehsal müəssisələrinin qurulması, məşğulluğun təmin olunması məqsədilə buraya yerli və xarici investorların cəlbi istiqamətində dəstək tədbirləri xüsusi qeyd edilməlidir. Bölgədə fəaliyyət göstərən müəssisələr üçün əlverişli investisiya mühiti yaradılıb. İşğaldan azad edilmiş ərazilərdə istehsal fəaliyyəti ilə məşğul olan rezidentlər üçün idxal olunan texnika, texnoloji avadanlıq və qurğular, habelə xammal və materiallar ƏDV və gömrük rüsumlarından azad edilib. Regionda fəaliyyət göstərən sahibkarlıq subyektləri mənfəət (gəlir), torpaq, əmlak və sadələşdirilmiş vergidən də azad olunub. Sahibkarların maliyyəyə çıxış imkanlarının artırılması məqsədilə kreditlərə dövlət zəmanətinin verilməsi və faizlərin subsidiyalaşdırılması ilə bağlı elektron platforma hazırlanır.

Qlobal iqtisadiyyatda “yaşıllaşma və karbonsuzlaşma” meylləri qeyri-resurs iqtisadiyyatının inkişafı üçün imkanlar yaradır. Bu baxımdan, Qarabağ və Şərqi Zəngəzurun əhəmiyyətli potensialı var və bu, xarici investorların marağını cəlb edir. Artıq bu sahədə xarici investisiyalı müəssisələrin yaradılması ilə bağlı addımlar atılıb.

Reinteqrasiya kompleks xarakter daşıyır və ərazilərin iqtisadi dirçəlişi ilə yanaşı, sosial inkişaf da diqqət mərkəzindədir. Burada yaşayış üçün rahat şərait təmin edilir, sosial müdafiənin gücləndirilməsi, xidmətlərin qabaqcıl standartlara uyğun təmin olunması və məşğulluğun artırılmasına mühüm diqqət yetirilir. Artıq soydaşlarımız azad edilmiş ərazilərdə salınan yeni yaşayış məskənlərində məskunlaşmağa başlayıblar. “Ağıllı şəhər”, “ağıllı kənd” və “yaşıl enerji zonası” konsepsiyalarının tətbiqi bölgədə rahat və müasir həyat şəraitini təmin edir.

“Kölgə iqtisadiyyatı” ilə mübarizə

İqtisadi şəffaflaşma, biznes mühitinin cəlbediciliyinin artırılması, “kölgə iqtisadiyyatı”nın minimallaşdırılması, haqsız rəqabətin aradan qaldırılması, intizamlı biznes üçün mühitin təmin edilməsi vergi siyasətinin əsas istiqamətləridir. Son bir neçə ildə biznes fəaliyyətinin və gəlirlərin leqallaşdırılması kontekstində əhəmiyyətli nəticələr əldə olunub. Əgər 2018-ci ilə, yəni vergi sistemində “yeni keyfiyyət başlanğıcı” adlandıra biləcəyimiz dövrün əvvəlinə qayıtsaq, son illərdə istər vergi sistemində, istərsə də biznes-dövlət münasibətlərində və biznesin fəaliyyəti kontekstində böyük dəyişiklikləri müşahidə edə bilərik.

2022-ci ildə ilk dəfə dövlət büdcəsinə 15,5 milyard manat həcmində vergi daxilolması təmin edilib. Əgər dövlət büdcəsinə vergi daxilolmalarının həcmini 2002-ci illə müqayisə etsək, iqtisadiyyatımızla yanaşı, dövlətimizin maliyyə imkanlarının nə qədər böyüdüyünün şahidi ola bilərik. Belə ki, 2002-ci illə müqayisədə vergi daxilolmalarında artım 23 dəfəyə yaxın, qeyri-neft-qaz sektorundan daxilolmalar isə 23,4 dəfəyədək artıb. Regionların sosial-iqtisadi inkişafının təmin edilməsi nəticəsində bölgələrdən daxilolmalar son 20 il ərzində 35,8 dəfə artıb. Vergi daxilolmalarının əhəmiyyətli artımı ölkəmizin maliyyə imkanlarının genişlənməsinə mühüm dəstək olub.

İqtisadi artım işgüzar aktivliyin və sahibkarların sayının ildən-ilə artmasına səbəb olub. Əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti mövcud idisə, 2022-ci ilin sonuna qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyondan çox olub, aktiv vergi ödəyicilərinin sayı isə ötən ilin sonuna 712 min təşkil edib.

Əmək bazarının “ağardılması” məqsədilə əmək haqları üzrə 2019-cu ilin əvvəlindən tətbiq olunan vergi güzəştləri sayəsində qeyri-neft özəl sektorunda əmək müqavilələrinin sayı həmin dövrlə müqayisədə 340 mindən çox artıb. Bu, islahatın ortamüddətli dövrdə səmərəliliyinə dəlalət edir. Əmək müqavilələrinin sayının artması ilə əməkhaqqı fondunun böyüməsi sosial sığorta haqlarının yığım bazasının genişlənməsinə səbəb olur. Qeyri-neft-qaz özəl sektorun əmək müqavilələrində payı islahatın başlanğıcında olan 38,5%-dən 49,8%-ə yüksəlib.Qarşıdakı dövrdə vergi sahəsi ilə bağlı əsas hədəflər, ilk növbədə, iqtisadi təşviq, effektiv nəzarət, rəqəmsallaşma prinsipləri əsasında reallaşdırılacaq. İqtisadi diversifikasiya və investisiyaların cəlbində vergi siyasətinin tənzimləyici rolu davam etdiriləcək. “Kölgə iqtisadiyyatı” ilə sistemli mübarizə yenə əsas prioritet olaraq qalır.

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının icrası

Dövlət əmlakının idarə edilməsi və özəlləşdirmə proqramlarının reallaşdırılması prosesi müasir təcrübələr əsasında optimallaşdırılıb. Əsas prioritet özəlləşdirmənin sosial ədalət prinsipi rəhbər tutulmaqla həyata keçirilməsi, prosesə geniş maliyyə imkanlarına və təcrübəyə malik investorların cəlbidir. 2003-cü ildən sonrakı dövrdə özəlləşdirmə prosesi çərçivəsində 23 mindən artıq kiçik müəssisə və obyekt özəl mülkiyyətə keçib. Orta və iri dövlət müəssisələrinin bazasında yaradılmış 1600-ə yaxın açıq səhmdar cəmiyyətindən 1100-ə yaxını məhz həmin dövr ərzində özəlləşdirilib. Təkcə investisiya müsabiqələri vasitəsilə özəlləşdirilmiş müəssisələrə 900 milyon ABŞ dollarına yaxın investisiya yatırılıb, rəqabətqabiliyyətli və ixracyönümlü, həmçinin idxalı əvəzləyən bir sıra məhsulların istehsalı üçün imkan yaradılıb. Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində bu dövrdə 300 mindən artıq iş yeri açılıb, 220 mindən çox şəxs səhm sahibi olub. ÜDM-də özəl sektorun payının çoxalmasında dövlət əmlakının özəlləşdirilməsinin mühüm rolu var.

Dövlət müəssisələrinin korporativ idarəetmə prinsipləri əsasında fəaliyyəti, iqtisadi effektivliyin yüksəldilməsi, maliyyə dayanıqlılığının yaxşılaşdırılması iqtisadi inkişafa töhfədir. Bu məqsədlə yaradılan Azərbaycan İnvestisiya Holdinqinə dövlət müəssisələrinin idarəçiliyinin həvalə olunması, müəssisələrdə yaradılan müşahidə şuraları vasitəsilə fəaliyyətin optimal tənzimlənməsi - məsuliyyətin bölüşdürülməsi, hesabatlılığın təmin edilməsi dövlət müəssisələrinin iqtisadi dividendlərini artırıb, zərərdən mənfəətə keçməyə, büdcəyə ödəmələr edən kommersiya əsaslı strukturlara çevrilməyə əsaslı zəmin yaradıb.

Bu ilin 6 ayı ərzində isə artan tendensiya qorunmaqla dövlət müəssisələrinin ümumi dövriyyəsi 44 milyard manatdan yüksək olmaqla, toplam əməliyyat mənfəəti təqribən 5,5 milyard manat təşkil edib.

Yeni idarəetmə metodu həm də iri dövlət müəssisələrinə özəl investisiyaların cəlbini asanlaşdırır. Dövlət başçısının dövlət müəssisələrinə özəl investisiyaların cəlb edilməsi ilə bağlı tədbirləri nəzərdə tutan Sərəncamı əsasında mühüm sektorları əhatə edən iri dövlət şirkətlərində institusional islahatlar davam etdiriləcək və onlarda dövlətin iştirak payı tədricən azaldılacaq. Kapital bazarlarının canlandırılmasına şərait yaradacaq bu yenilik dövlət müəssisələrinin idarə edilməsində vətəndaşların iştirakını və həmin müəssisələrə özəl investisiyaların yatırılması imkanlarını genişləndirəcək. Əldə olunacaq təcrübənin digər sahələrdə fəaliyyət göstərən təsərrüfat subyektlərinə də tətbiqi gözlənilir.

İqtisadiyyatın bütün sahələrində dövlət-özəl sektor tərəfdaşlığının genişləndirilməsi və özəl sektorun iqtisadi inkişafda rolunun artırılması sahəsində həyata keçirilən tədbirlər, o cümlədən, qabaqcıl təcrübəyə əsaslanan yeni qanunun qəbul edilməsi də xüsusi önəm kəsb edir. Qanunun tətbiqi ilə ölkə iqtisadiyyatında investisiya fəallığının həm dinamikası, həm də keyfiyyətində yeni bir səhifə açılıb. Bu gün dövlət-özəl sektor tərəfdaşlığı çərçivəsində innovativ və prioritet layihələr həyata keçirilməyə başlanıb.

Şəffaflığın artırılması istiqamətində digər addım 14 iyul 2023-cü il tarixində dövlət başçısı tərəfindən “Dövlət satınalmaları haqqında” Qanunun imzalanmasıdır. Yeni qanun dövlət satınalmaları sahəsində şəffaflığı və intizamlılıq səviyyəsini artırmağı, çeviklik tələblərini nəzərə almağı, dövlət büdcəsi vəsaitlərindən qənaətli istifadəni və elektron satınalmalara keçidi təmin etməyi, nəzarət imkanlarını genişləndirməyi hədəfləyir.

Sağlam rəqabət ölkədə iqtisadi inkişafı təmin edən əsas amillərdəndir. Ədalətli rəqabətdən, qiymətlərin azalmasından, məhsul çeşidinin genişlənməsindən təkcə sahibkarlar, dövlət deyil, həm də istehlakçılar, sadə vətəndaşlar qazanırlar. Bu baxımdan Rəqabət Məcəlləsinin qəbul olunması ölkədə özəl sektorun inkişafını dəstəkləyən əlverişli biznes mühitinin inkişaf etdirilməsinə imkan yaradacaq, inhisarçılığın məhdudlaşdırılmasına, yerli təsərrüfat subyektlərinin daxili və xarici bazarlarda rəqabətqabiliyyətliliyinin artırılmasına, dövlətin iqtisadi tənzimləmə səmərəliliyinin yüksəldilməsinə, iqtisadi artım və inkişafın sürətlənməsinə əhəmiyyətli töhfə verəcək.

Ölkədə idarəetmənin insan amili üzərində təmərküzləşməsi, vətəndaşlara xidmətin texnoloji yeniliklər və müasir trendlər əsasında qurulması prinsipləri rəhbər tutulur. Vətəndaşlara, o cümlədən sahibkarlara göstərilən xidmətlərin keyfiyyətinin yüksəldilməsi istiqamətində aparılan islahatlara uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən 260-dan çox xidmət göstərilir. Həmin xidmətlərdən artıq 194-ü elektronlaşdırılıb.

Həyata keçirilən islahatlar müstəqil Azərbaycanı növbəti böyük dönüş astanasına gətirib. Yeni mərhələdə dayanıqlı inkişaf tədbirlərinin uğurla həyata keçirilməsi, o cümlədən iqtisadiyyatın innovativ üsullarla inkişaf etdirilməsi, qeyri-neft sektorunun şaxələndirilməsi, rəqəmsal ekosistemin inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası, habelə iqtisadi və sosial sahələrdə nəticəyönümlü islahatların davam etdirilməsi, öz növbəsində, daha yüksək sosial-iqtisadi nailiyyətləri və artımı təmin edəcək.

İlham Əliyevin 2003-2023 illəri əhatə edən 20 illik rəhbərliyi dövründə gömrük orqanlarında müasir texnologiyaların tətbiqi, gömrük əməkdaşlarının potensialının gücləndirilməsi, sərhəd-buraxılış məntəqələrində infrastrukturun dünya standartları səviyyəsində yenidən qurulması siyasəti uğurla davam etdirilib.

Gömrük qanunvericiliyi təkmilləşdirilir, şəffaflıq artırılır

Dövlət Gömrük Komitəsindən “APA-Economics”ə bildirilib ki, Tarixi İpək yolu üzərində yerləşən müstəqil Azərbaycan Respublikası beynəlxalq ticarət zəncirinin mühüm həlqələrindən biri kimi "Şimal-Cənub", "Şərq-Qərb" dəhlizləri vasitəsilə yüklərin səmərəli və vaxtında daşınmasında mühüm rol oynayır. Hazırda dünyada gedən qloballaşma prosesinin fonunda ölkələri, beynəlxalq təşkilatları düşündürən vacib məsələlərdən biri beynəlxalq ticarət zəncirinin davamlılığının, intensivliyinin təmin olunması və asanlaşdırılmasıdır.

Respublikanın iqtisadi-ticarət əlaqələrinin coğrafiyasının ildən-ilə genişlənməsi, həmçinin idxal-ixrac əməliyyatlarının həcminin durmadan artması, Azərbaycanın beynəlxalq iqtisadi sistemə inteqrasiya prosesi gömrük işi sahəsində qabaqcıl təcrübə və ölkənin qoşulduğu beynəlxalq konvensiyaların müddəaları nəzərə alınmaqla bütövlükdə gömrük qanunvericiliyinin təkmilləşdirilməsini, o cümlədən bu sahədə mühüm olan Gömrük Məcəlləsinin qəbul edilməsini zəruri edib. Artıq Azərbaycanın gömrük qanunvericiliyinin təkmilləşdirilməsi və inkişaf etdirilməsi, eləcə də gömrük işi sahəsində beynəlxalq standartların öyrənilməsi və onların tətbiq edilməsi işinin davam etdirilməsi, Avropa İttifaqının "Yeni Qonşuluq Siyasəti" çərçivəsində 2006-cı ildə qəbul edilmiş "Azərbaycan-Avropa İttifaqı Fəaliyyət Planı"nın "Azərbaycan gömrük xidmətinin fəaliyyətinin təkmilləşdirilməsi" ilə bağlı müddəalarının yerinə yetirilməsi, həmçinin, "Gömrük prosedurlarının sadələşdirilməsi və uzlaşdırılması haqqında" Beynəlxalq Konvensiyanın müddəalarının (Kioto Konvensiyası) və Ümumdünya Gömrük Təşkilatının "Beynəlxalq Ticarətin Asanlaşdırılması və Təhlükəsizliyi üzrə Çərçivə Standartları"nın milli gömrük qanunvericiliyində əks etdirilməsi məqsədilə 2011-ci il 24 iyun tarixli 164-IVQ nömrəli Azərbaycan Respublikasının Qanunu - yeni Gömrük Məcəlləsi qəbul edilib.

2003-cü ildə Bakı şəhərində Ümumdünya Gömrük Təşkilatı Regional Tədris Mərkəzi və Kinoloji Mərkəz istifadəyə verilib. 2006-cı ildə Dövlət Gömrük Komitəsində İnformasiya-Sorğu Mərkəzi və müasir Server Xidməti istifadəyə verilib, 2011-ci ildə isə ÜGT-nin Bakı şəhərində Potensialın Gücləndirilməsi üzrə Avropa Regional ofisi açılıb. 2014-cü ildə Hava Nəqliyyatında Baş Gömrük İdarəsində "Hədəf" Mərkəzi fəaliyyətə başlayıb.

Müstəqil Azərbaycan dövləti beynəlxalq münasibətlər məkanında mövqelərini durmadan möhkəmləndirir. Gömrük işi sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tutan 130-dan çox sənədlər imzalanıb.

Büdcə daxilolmalarında xüsusi payı olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi fiskal sahədə qarşıya qoyulmuş vəzifə və tapşırıqları yüksək səviyyədə yerinə yetirmək məqsədilə müəyyən edilmiş büdcə öhdəliklərini uğurla icra edir.

Belə ki, cari ilin 9 ayı ərzində gömrük orqanlarının xətti ilə 4 milyard 392,78 milyon manat proqnoza qarşı 4 milyard 706,61 milyon manat olmaqla, 318,82 milyon manat artıq vəsaitin gömrük orqanları tərəfindən dövlət büdcəsinə köçürülməsi təmin edilmiş və 9 aylıq büdcə öhdəliyi 107,14 faiz yerinə yetirilib.

Rabitə, nəqliyyat və yüksək texnologiyalar sahəsində irəliləyişlər rəqəmlərdə

Son 20 ildə Azərbaycanda rabitə, nəqliyyat və yüksək texnologiyalar sahəsində də böyük irəliləyişlər olub.

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən “APA-Economics”ə bildirilib ki, bu müddətdə 20 min kilometrdən çox avtomobil yolu və 1500 kilometrə yaxın dəmir yolu yeni tikilib və ya əsaslı təmir olunub. Ölkə regional əhəmiyyətli nəqliyyat-logistika və ticarət qovşağına çevrilib və əsas ticarət marşrutlarından bəhrələnməkdədir. Nəqliyyat sektorunun bütün sahələrində xidmət infrastrukturları modernləşdirilib, yol təsərrüfatının yenidən qurulması ilə bağlı layihələr həyata keçirilib, çoxsaylı yol ötürücüləri, körpülər, tunellər, yeraltı və yerüstü piyada keçidləri inşa olunub. Nəqliyyatın bütün sahələrində nəqliyyat parkının yenilənməsi istiqamətində işlər aparılıb. TRASEKA, Şimal-Cənub kimi iri nəqliyyat dəhlizlərinin reallaşdırılması istiqamətində nəhəng infrastruktur layihələri həyata keçirilib. Avropa və Asiya dəmir yolu şəbəkələrinin birləşdirilməsini təmin edən Bakı-Tbilisi-Qars dəmir yolu 2017-ci ildə istifadəyə verilib. Şərq-Qərb dəhlizinin əsas alternativi olan Bakı-Tbilisi-Qars dəmir yolu marşrutu hesabına Azərbaycan ərazisindən yük daşımaların həcmi artıb. Regionun müasir və təhlükəsiz limanı hesab edilən Bakı Beynəlxalq Dəniz Ticarəti Limanı 2018-ci ildə istifadəyə verilib.

Liman infrastrukturu, limanların inkişafı üzrə logistika yaxşılaşdırılıb, limanlarda tranzit yükdaşıması üstünlüyünə nail olunub.

Müasir tələblərə cavab verən və 2013-cü ildə istifadəyə verilmiş Bakı Gəmiqayırma Zavodu ən müxtəlif təyinatlı gəmilərin tikintisi, təmiri sahəsində fəaliyyət göstərir.

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı ərazisində Azad İqtisadi Zonanın və Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində logistika qovşağının (hub) yaradılması hesabına tranzit yüklər üzrə əlavə dəyər artırılıb.

Müasir tipli 8 aeroport tikilib və ya yenidən qurularaq beynəlxalq əhəmiyyətli aeroport infrastrukturu yaradılıb. Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi, nəqliyyat xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, ictimai nəqliyyatın hərəkətinin tənzimlənməsi və hərəkət marşrutlarının optimallaşdırılmasına nəzarət edən Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi yaradılmışdır (2011-ci il dekabrın 29-da açılışı olub). Nəqliyyat sahəsində müxtəlif beynəlxalq sazişlərə qoşulmuş, ölkə qanunvericiliyinin qabaqcıl təcrübələrə uyğunlaşdırılması aparılıb.

İşğaldan azad olunmuş ərazilərdə aparılan işlər üzrə, Füzuli (rəsmi açılış 26.10.2021) və Zəngilan (20.10.2022) hava limanları inşa edilib, Laçın (Qorçu) Hava Limanında tikinti işləri davam edir. Horadiz-Ağbənd (110,4 km) və Bərdə-Ağdam (47,1 km) dəmir yollarında tikinti işləri aparılır, Füzuli-Şuşa (79 km) dəmir yolunun layihələndirilməsi işləri başa çatdırılıb. Ümumi uzunluğu 177,9 km avtomobil yollarının inşası başa çatdırılıb, 666,1 km yollarda isə tikinti işləri davam etdirilir. Ağdam və Füzuli şəhərlərində tikiləcək avtovağzal komplekslərinin layihələndirmə işləri aparılır.

Rəqəmsal inkişaf sahəsində əldə olunmuş nailiyyətlərə gəlincə, son 20 ildə informasiya və rabitə sahəsində 10 dəfədən artıq artıma nail olunmuş, bütün sahələrdə müasir texnologiyaların tətbiqi sürətləndirilib. İnformasiya və rabitə sektorunda çalışan işçilərin sayı 32 min nəfəri keçib. İnformasiya və rabitə sektoru üzrə orta aylıq əməkhaqqı 1,500 manatı keçib. Ölkədə telekommunikasiya infrastrukturunun yenilənməsi layihəsi həyata keçirilib, bütün istiqamətlərdə müasir texnologiyaların tətbiqinə nail olunub. Əhalinin elektron dövlət xidmətlərinə əlçatanlığının təmin edilməsi istiqamətində əhəmiyyətli işlər görülüb. Əhalinin rəqəmsal bacarıqları artırılıb. Nağdsız ödənişlərin genişləndirilməsi üçün elektron hökumət ödəniş sistemi – “E-gov Pay” yaradılıb və istifadəyə verilib. 40-dan çox dövlət qurumunun 350-dən artıq xidməti “Elektron hökumət” portalında vətəndaşlara təqdim olunub. Elektron xidmətlərə artan tələbat fonunda e-imzanın istifadəsi təkmilləşdirilərək “elektron imza” tokenləri yaradılıb. Azərbaycanda rəqəmsal transformasiyanı sürətləndirmək və onlayn xidmətlərdən istifadəni təşviq etmək məqsədilə SİMA adı altında bulud əsaslı yeni nəsil rəqəmsal imza istifadəyə verilib. Mərkəzləşdirilmiş İT resurs funksiyasını yerinə yetirən Regional Data Mərkəzi istifadəyə verilib. “Dövlət informasiya sistemlərinin və ehtiyatlarının “Hökumət buluduna Keçid Planı”nın icrası üzrə 100 dövlət qurumu Cənubi Qafqaz regionunda ilk TIER III səviyyəli mövcud Data Mərkəzindən istifadə edir. Bütün infrastrukturu ilə “elektron hökumət” sistemləri 2018-ci ildən etibarən Data Mərkəzinə köçürülür, dövlət əhəmiyyətli sistemlər kiberməkanda mühafizə olunur və xidmətlər rəqəmsallaşdırılır. 2018-ci ildən etibarən Azərbaycan Respublikası vətəndaşlarına verilməsinə başlanılmış yeni nəsil şəxsiyyət vəsiqələrində e-ID tətbiq edilib. İşğaldan azad edilmiş ərazilərə “Ağıllı şəhər” (Smart City) və “Ağıllı kənd” (Smart Village) konsepsiyaları nəzərə alınmaqla əhalinin dayanıqlı məskunlaşması təmin olunur. Ölkədə internetdən istifadə və bilavasitə elektron ticarətin həcmi dəfələrlə yüksəlib. Ölkə ərazisində fəaliyyət göstərən internet provayderlərinin sayı 150-ni keçib. Əhalinin 88%-i internet, eyni zamanda genişzolaqlı internet istifadəçisidir. Ölkə əhalisinin mobil şəbəkə ilə əhatə faizi 100%, 3G şəbəkəsi üzrə əhatə 99.8%, 4G şəbəkəsi üzrə əhatə 94% təşkil edir. Hər 100 nəfərə düşən aktiv mobil genişzolaqlı internet abunəçilərinin sayı 80%-i keçib. Yüksəksürətli internet şəbəkəsinin əhatə dairəsinin genişləndirilməsi məqsədilə “Onlayn Azərbaycan” layihəsinə başlanılıb. Artıq ev təsərrüfatlarının 50%-dən çoxunun yüksəksürətli internet xidmətlərinə çıxışı təmin edilib. İşğaldan azad olunmuş ərazilərdə mobil infrastruktur, fiber-optik kabel şəbəkəsi, müasir standartlara cavab verən telekommunikasiya qovşaqları yaradılmış, televiziya və radio proqramlarının yerüstü yayımı həyata keçirilir. Bu istiqamətdə işlər davam etdirilir. İKT sektoruna xarici investorların cəlb edilməsi və potensial xarici investorlarla yerli İT şirkətləri arasında əlaqələrin qurulması məqsədilə “İT investorlar klubu” və yerli vençur fondu yaradılıb.

2013-cü ildə “Azerspace-1”, 2018-ci ildə isə “Azerspace-2” telekommunikasiya peykləri orbitə buraxılıb.

Müdafiə, təhlükəsizlik, fövqəladə hallar, təbii ehtiyatların tədqiqi, dənizçilik, ətraf mühitin mühafizəsi, şəhərsalma, xəritəçəkmə, kənd təsərrüfatı, turizm və s. kimi sahələrdə geniş şəkildə tətbiq edilən “Azersky” Yerin müşahidə peyki 2014-cü ildə orbitə buraxılıb.

Cənubi Qafqazda ilk dəfə 2004-cü ildə Bakıda televiziyanın rəqəmsal sınaq yayımına başlanılıb və 2016-cı ildən Azərbaycanda rəqəmsal yayıma keçid edilib.

Hazırda ölkədə əhali yaşayan ərazilərin 99,8%-i sosial rəqəmsal televiziya yayımı ilə əhatə olunur və bu proqramlar paytaxtda SD ilə yanaşı, HD formatında da yayımlanır. 2019-cu ildən paytaxtda rəqəmsal radio yayımına (12 radio proqram) başlanılıb. 2022-ci ildən yerli televiziya proqramlarının peykdən HD formatında yayımı təmin olunur. 2022-ci il 26-29 mayda təxminən 300 min insanın ziyarət etdiyi “TEKNOFEST Azərbaycan” Aerokosmik və Texnologiya Festivalı keçirilib. 2023-cü il 2-6 oktyabrda Bakı şəhərində 50 ildən sonra yenidən “Qlobal çağırışlar və imkanlar: kosmosa şans verək” şüarı altında Beynəlxalq Astronavtika Konqresi keçirilib. Konqresə rekord sayda - 95 ölkədən 3600 elmi məqalə təqdim olunub. Bakı Konqresi əldə edilmiş sponsorluq paketlərinin sayına görə rekord göstərici qazanıb, 22 şirkət tədbirə sponsorluq paketi alıb. Bu, son beş ölkədə Avstraliya, Almaniya, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri və Fransada keçirilmiş konqreslərlə müqayisədə ən yüksək göstərici idi. Konqresdə rekord sayda – 132 ölkədən 5404 nümayəndə iştirak edib.

“Azərbaycan Respublikasının inkişafı naminə informasiya və kommunikasiya texnologiyaları üzrə Milli Strategiya (2003-2012-ci illər)”, “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya” uğurla icra edilib.

Azərbaycan Avropaya qaz ixrac edən ölkəyə çevrilib

2003-cü ildə "Şahdəniz" yatağının işlənməsi üzrə Mərhələ 1 layihəsi təsdiq edilib.

2004-cü ildə "Azəri-Çıraq-Dərinsulu Günəşli" yataqlarının işlənməsi üzrə Mərhələ 3 təsdiq edilib. Cənubi Qafqaz Boru Kəmərinin tikintisinə başlanıb.

2005-ci ildə Səngəçal terminalında xam neftin Bakı-Tbilisi-Ceyhan boru kəmərinə vurulması ilə bağlı rəsmi tədbir keçirilib, "Azəri Faza 1" layihəsi üzrə “Mərkəzi Azəri” yatağından neft hasilatına başlanıb.

2006-cı ildə "Azəri Faza 2" layihəsi üzrə “Qərbi Azəri” yatağından neft hasilatına başlanıb. "Azəri Faza 2" layihəsi üzrə “Şərqi Azəri” yatağında neft hasilatına başlanıb. Cənubi Qafqaz Boru Kəmərindən ilk qaz vurulub. Mayın 28-də Azərbaycan nefti Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə Ceyhan limanına çatıb. İyulun 13-də Türkiyənin Ceyhan şəhərində XXI əsrin ən böyük enerji layihələri olan Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan Əsas İxrac Boru Kəmərinin təntənəli açılış mərasimi keçirilib.

2007-ci ildə "Şahdəniz" yatağından Türkiyəyə qazın ilk nəqli həyata keçirilib.

2008-ci ildə "Günəşli" yatağının dərinsulu hissəsindən ilk neft hasil olunub. SOCAR "Petkim" neft-kimya kompleksinin 51%-lik səhmini satın alaraq Türkiyə bazarına daxil olub.

2009-cu ildə Bakı-Tbilisi-Ceyhan boru kəmərinin tutumu gündəlik 1,2 milyon barrelə qədər artırılıb.

2010-cu ildə “Çıraq” neft layihəsi təsdiq edilib. “Şahdəniz” yatağı üzrə Hasilatın Pay Bölgüsü Sazişinin 2031-ci ildən 2036-cı ilədək uzadılması haqqında sənəd imzalanıb.

Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə 1 milyardıncı barrel neft daşınıb.

2010-cu ildə "Ümid" qaz-kondensat yatağı kəşf edilib. Bu, Azərbaycan Respublikası müstəqillik qazandıqdan sonra SOCAR-ın öz imkanları ilə kəşf olunan ilk yataqdır.

2011-ci ildə Avropa Komissiyası və Azərbaycan Hökuməti arasında Cənub Qaz Dəhlizi haqqında Birgə Bəyannamə imzalanıb. Türkiyənin İzmir şəhərinin Əliağa bölgəsində “STAR” neft emalı zavodunun təməli qoyulub. SOCAR Karbamid zavodunun təməli qoyulub.

2012-ci ildə İstanbulda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə “Trans-Anadolu qaz boru kəməri” (TANAP) layihəsi üzrə sənədlərin imzalanması mərasimi keçirilib.

2013-cü ildə Qafqazda ilk və yeganə olan Metanol zavodu istismara verilib. “Şahdəniz” konsorsiumu “Şahdəniz-2” layihəsi çərçivəsində yekun investisiya qərarı alıb. “Şahdəniz” yatağından hasil olunan qazın Avropaya ixrac marşurutu kimi Trans-Adriatik boru kəməri (TAP) marşrutu seçilib.

2014-cü ildə “Qərbi Çıraq” platformasından neftin hasilatı başlanıb.

2015-ci ildə Türkiyənin Qars şəhərində TANAP boru kəmərinin təməli qoyulub.

2016-cı ildə sentyabrın 20-də SOCAR tərəfindən ilk dəfə istiqrazlar satışa çıxarılıb.

2017-ci ildə SOCAR-ın İsveçrədəki törəmə şirkəti "SOCAR Energy Holdings” Avstriyanın pərakəndə yanacaq satışı bazarına daxil olaraq, "A1” şirkətinə məxsus yanacaqdoldurma məntəqələrini və neft yağlarının ticarəti sahəsində fəaliyyət göstərən “Pronto Oil” şirkətini satın alıb. Sentyabrın 14-də “Azəri”, “Çıraq” yataqlarının və “Günəşli” yatağının dərinlikdə yerləşən hissəsinin birgə işlənilməsi və hasilatın pay bölgüsü haqqında sənədə düzəliş edilib və yenidən işlənmiş Saziş imzalanıb. 2049-cu ilin sonunadək uzadılmış yeni Sazişə əsasən, bp fəaliyyətini layihənin operatoru kimi davam etdirir, SOCAR-ın payı 11,65%-dən 25%-ə qaldırılır, mənfəət neftinin isə 75%-i Azərbaycana çatır. Heydər Əliyev adına 6-cı nəsil Yarımdalma üzən qazma qurğusu istismara verilib. Noyabrın 8-də Azərbaycanda 2 milyardıncı ton neft hasil edilib. “Petkim” Külək Elektrik Stansiyası istismara verilib.

2018-ci ildə Bakıda Səngəçal terminalında Cənub Qaz Dəhlizinin rəsmi açılış mərasimi keçirilib. TANAP boru kəmərinin Türkiyə-Gürcüstan sərhədindən Əskişəhərə qədər olan birinci hissəsi istifadəyə verilib. “Şahdəniz-2” layihəsi çərçivəsində TANAP boru kəməri vasitəsilə Türkiyəyə ilk kommersiya qazının nəqlinə başlanıb. “SOCAR Polymer” layihəsi çərçivəsində Polipropilen (PP) zavodu istismara verilib. SOCAR-ın Türkiyədə ən böyük investisiya layihəsi - “STAR” neft emalı zavodunun açılış mərasimi keçirilib. “Bulla-dəniz” yatağında SOCAR-ın “Neftqaztikinti” Tresti tərəfindən inşa edilmiş yeni 12 saylı stasionar dəniz özülü istismara verilib.

2019-cu il Azərbaycanda kənd təsərrüfatının və qeyri-neft sektorunun inkişafına töhfə verən “SOCAR Karbamid” zavodu istismara verilib. “SOCAR Polymer” layihəsi çərçivəsində Yüksək Sıxlıqlı Polietilen zavodu (YSPE) istismara verilib. Mart ayından səhmlərinin 70%-i “Petkim”ə məxsus olan Petlim Konteyner Limanının idarəçiliyi APMT-dən "SOCAR Türkiyə"yə keçdikdən sonra liman “SOCAR Terminal” kimi fəaliyyət göstərməyə başlayıb. Noyabrın 30-da TANAP-ın Avropa bağlantısının açılış mərasimi keçirilib.

2020-ci il martın 19-da SOCAR və "Equinor" şirkətləri “Qarabağ” neft yatağının kəşf olunduğunu təsdiq ediblər. “Qarabağ” yatağı müstəqilliyimiz dövründə kəşf edilmiş ilk neft yatağı olaraq tarixə düşüb. Martın 20-də Cənubi Qafqaz Boru Kəmərinin texniki operatorluğu bp şirkətindən SOCAR-a keçib. Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə Abşeron rayonunun ərazisində Xızı rayonunun Ağdərə kəndindən Sumqayıt şəhərinə çəkilən magistral qaz kəmərinin açılışı olub. Avqustun 10-da “Qarabağ” dayaq bloku dənizə yola salınıb. Sentyabrın 19-da “Abşeron” yatağının dəniz işlərinin təməlqoyma mərasimi keçirilib. Dekabrın 31-də TAP boru kəmərinin istismara verilməsi ilə “Cənub Qaz Dəhlizi” layihəsinin birinci mərhələsi faktiki olaraq tamamlanıb və Azərbaycan qazı tarixdə ilk dəfə olaraq birbaşa Avropa bazarına nəql edilib.

2021-ci ildə “Şəfəq-Asiman” yatağında ilk qaz-kondensat ehtiyatları aşkar olunub. Yanvarın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün SOCAR-ın Müşahidə Şurası yaradılıb. Sentyabrın 5-də Ağdam şəhərində “SOCAR” brendli modul tipli yeni yanacaqdoldurma stansiyası istifadəyə verilib. Sentyabrın 20-də SOCAR tərəfindən daxili bazar üçün ikinci dəfə istiqrazlar buraxılıb. Dekabrın 20-də Gorus-Qafan yolunun Qubadlı rayonunun Eyvazlı kəndindən keçən hissəsində SOCAR-ın yanacaqdoldurma məntəqəsinin açılışı olub.

2022-ci il sentyabrın 21-də Xocavənd rayonunun Hadrut qəsəbəsində SOCAR-ın yeni modul tipli yanacaqdoldurma stansiyası istifadəyə verilib. Bu məntəqə Füzuli-Hadrut-Şuşa avtomobil yolundan istifadə edən avtonəqliyyat vasitəsi sahibləri üçün əlverişli hesab edilir. Dekabrın 13-də Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda “Azəri-Mərkəzi-Şərqi” platformasının dayaq bloku dənizə yola salınıb.

2023-cü il fevralın 20-də Laçın şəhərində SOCAR-ın yanacaqdoldurma stansiyası istifadəyə verilib. Modul tipli stansiya Laçın-Şuşa yolundan istifadə edən avtonəqliyyat vasitələri üçün nəzərdə tutulub.

Məhz bu dövrdə əfsanəvi “Şahdəniz” qaz-kondensat yatağı istismara verilib ki, onun potensialı Azərbaycanı nəinki qonşu ölkələrə, hətta Avropaya qaz ixrac edən ölkəyə çevirməyə imkan verib.

Bütün bunlar Cənub Qaz Dəhlizinin və onun tərkib hissələrinin yaradılması nəticəsində mümkün olub. Buna nail olmaq üçün Cənubi Qafqaz qaz kəmərinin genişləndirilməsi istiqamətində işlər aparılıb, Trans-Anadolu və Trans-Adriatik qaz kəmərləri tikilib istifadəyə verilib. Hazırda Azərbaycan qazının Avropa ölkələrinə ixracının əhatə dairəsinin və həcmlərinin genişləndirilməsi istiqamətində fəal iş aparılır.

“Şahdəniz” yatağının əhəmiyyətini rəqəmlər nümayiş etdirir. Belə ki, yataq istismara veriləndən 01 dekabr 2023-cü il tarixinədək buradan 206,7 mlrd. kubmetr qaz hasil edilib. Bu dövrdə “Şahdəniz”dən hasil edilən qazın 146,4 mlrd. kubmetri ixraca nəql edilib.

Bank-maliyyə sektoru: əhəmiyyətli dəyişikliklər

Azərbaycan Mərkəzi Bankının göstəricilərinə əsasən apardığımız təhlillərə görə, son 20 ildə bank-maliyyə sektorunda da əhəmiyyətli dəyişikliklər baş verib. Belə ki, 2003-2023-ci illər ərzində Azərbaycanda bank aktivlərinin ümumi həcmi 46 dəfə artaraq 46.1 milyard manat, bankların kredit portfelinin həcmi 47 dəfə artaraq 22,5 milyard manat təşkil edib. Bu illər ərzində bank sektorunun depozit bazası 54 dəfə artaraq 33 milyard manat, əhalinin əmanətləri 49 dəfə artaraq 12.2 milyard manat, şirkətlərin depozitləri isə 58 dəfə artaraq 20.8 milyard manat olub.

Ötən dövr ərzində bank sektorunun kapitallaşması davam edib. Cəmi kapitalın həcmində 31 dəfəyə yaxın artım müşahidə olunub. Belə ki, 188 mln. manatdan başlayan balans kapitalının həcmi bu gün 5.9 mlrd. manata çatıb.

Mərkəzi Bankın valyuta ehtiyatlar isə 14 dəfə və ya 9.8 milyard dollar artaraq 10,6 milyard dollar təşkil edib.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun bu illərdə olan fəaliyyəti müddətində gəlirlərinin həcmi 192,7 mld. ABŞ dolları təşkil edib. Fondun xərcləri 137,2 mld. ABŞ dolları səviyyəsində olub. Dövlət büdcəsinə transfertin həcmi isə 120,3 mld. ABŞ dolları və ya ümumi xərclərin 87,7%-ni təşkil edib.

Qeyd edək ki, 2015-ci ilin 21 fevral və 21 dekabr devalvasiya qərarları nəticəsində yaranmış problemli kreditlərə görə, 2019-cu ildə Prezident İlham Əliyev fiziki şəxslərin xarici valyutada olan problemli kreditlərinin həlli ilə bağlı fərman verdi. Nəticədə, ölkəmizdə 850-900 min insanın kredit problemi dövlətin güzəşti ilə həllini tapdı.

Yekun olaraq qeyd etmək yerinə düşər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilmiş tədbirlər nəticəsində Azərbaycan 20 il ərzində iqtisadi inkişaf parametrlərinə görə dünyada lider mövqeyə malik olub. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində bu inkişafın qarşıdakı illərdə daha da artacağını əminliklə vurğulamaq olar

шаблоны для dle 11.2

Reklam
• Sorğu
Saytımızı bəyəndiniz?



Xəbər lenti
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
26 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024
25 11 2024